Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng edib

11 may 2022, 21:40

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23