Böyük İpək Yolunun bərpası

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa−Qafqaz−Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də Katibliyin rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpasına töhfəsini verməklə əsas inkişaf trayektoriyasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

Avropa ilə Asiyanı birləşdirən “TransXəzər Şərq−Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi

(Orta Dəhliz)

“TransXəzər Şərq−Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi (bundan sonra − Orta Dəhliz) Çin Xalq Respublikasını Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna, eləcə də okean yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Orta Dəhliz əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin−Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə − Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.

Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ölkə ərazisindən keçən Orta Dəhlizin rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olan Bakı−Tbilisi−Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars−Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin 500 kilometrdən çox hissəsi Azərbaycanın ərazisinə düşür.

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı−Tbilisi−Qars dəmir yolu Orta Dəhlizin bir hissəsi kimi Şərqlə Qərb arasında nəqliyyat bağlantısını təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı−Tbilisi−Qars dəmir yolu Çindən Avropaya yüklərin Orta Dəhlizlə çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaradır. Regionda sabitliyə və təhlükəsizliyə xidmət edən Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin yükaşırma qabiliyyətinin artırılması xarici ticarət əlaqələrinin dərinləşməsi və iqtisadi inkişaf baxımından böyük imkanlar vəd edir.

Bu layihənin tarixi İpək Yolu üzərində həyata keçirilməsi onun region ölkələri üçün cəlbediciliyini artırır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin − Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, ticarət əlaqələrinin inkişafında və qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşməsində mühüm əhəmiyyət daşıyır.

Bakı−Tbilisi−Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur. Bu isə ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

2024-cü ildə icra olunan yenidənqurma işlərindən sonra dəmir yolunun ötürücülük qabiliyyəti ildə 5 milyon tona çatdırılmışdır. Həmin il "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC birgə “BTKI Railways” MMC adlı müəssisə yaratmışdır. Bu müəssisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin aktivliyinin artırılmasını və əməliyyatların səmərəli təşkilini təmin edəcək.

Mühüm coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayə qoyaraq bu strateji üstünlüyünü daha da möhkəmləndirməklə mühüm nəqliyyat qovşağına çevrilir.

Azərbaycanın tranzit və nəqliyyat-logistika perspektivlərinin dayanıqlı inkişafının təmin olunması məqsədilə 2018-ci ildə Qaradağ rayonunun Ələt qəsəbəsində ölkənin əsas dəmir və avtomobil yolları şəbəkəsinin kəsişdiyi ərazidə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi regionunda dəniz ticarətini asanlaşdıran və Azərbaycanın logistik imkanlarını artıran əsas yükdaşıma mərkəzinə çevrilib. O, ölkəmizin ərazisindən keçən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaratmaqdadır. İllik yükdaşıma qabiliyyəti 15 milyon ton və optimallaşma tədbirlərindən sonra konteyner həcmi 150 min TEU olan limanda 2025-ci ildə konteynerlərlə aşırılan yük həcmi100 min TEU-ya çatdırılmışdır.

Ümumiyyətlə, Ələt limanının yaradılması Azərbaycanın bölgədə mühüm strateji qovşağa çevrilməsi hədəfinin həyata keçməsinə xidmət edən holistik yanaşmanın tərkib elementidir.

2020-ci il mayın 22-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılmış Ələt Azad İqtisadi Zonası (AFEZ) Azərbaycanın Avropa−Asiya logistika zəncirlərində aparıcı rolunu gücləndirir. Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu əsasda milli iqtisadiyyatın dayanıqlı inkişafına və ölkədə məşğulluğun artmasına töhfə verməkdir. O, beynəlxalq yükdaşımalarda mühüm rol oynamaqla yanaşı, ölkənin regional ticarət qovşağına çevrilmək perspektivini dəstəkləyərək yerli istehsalın təşviqini, habelə “Made in Azerbaijan” brendinin dünyada tanınmasını təmin edir.

Hazırda AFEZ-də karqo daşımalarını həyata keçirmək üçün hava yükdaşıma klasteri (Ələt Karqo Hava Limanı, Karqo Kəndi) yaradılır. Bu layihənin uğurlu icrası Ələt Azad İqtisadi Zonasının müxtəlif nəqliyyat növlərinin inteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi üçün mühüm perspektivlər yaradır.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması üçün həyata keçirilən iri layihələr həmin ərazilərin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsinə və burada Orta Dəhlizin inkişafına əlverişli şərait yaradır. Son illərdə bu ərazilərdə avtomobil yolları, körpü və tunellər, dəmir yolu infrastrukturu, vağzallar, həmçinin beynəlxalq dərəcəli üç yeni aeroport – Zəngilan, Füzuli və Laçın hava limanları tikilərək istifadəyə verilmişdir.

Son illərdə beynəlxalq təşkilatların hesabatlarında Orta Dəhlizin yüksək inkişaf perspektivinə malik olduğu vurğulanır. Dünya Bankının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə illik yükaşırma həcminin 11 milyon tona çatacağı gözlənilir. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) məlumatına görə isə 2040-cı ilə qədər konteyner daşımalarının həcmi 865 min TEU səviyyəsinə yüksələcəkdir. Bu proqnozlar yük axınlarının sürətlə artacağını göstərməklə yanaşı, regionda yeni, daha qısa və etibarlı alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasını zəruri edir.

Məhz bu kontekstdə ölkə üçün ən mühüm layihələrdən hesab olunan Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır. Avropa ilə Asiya arasında ticarət yollarını genişləndirmək potensialına malik Zəngəzur dəhlizi həm mühüm logistik marşrut olacaq, həm də tarixi və mədəni inteqrasiyanı təmin edəcək.

Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizləri arasında əsas strateji halqa funksiyasını yerinə yetirəcək.

2020-ci ildə tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanat regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və yeni marşrutların açılması üçün baza yaratmışdır.

2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri tərəfindən ABŞ-ın Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannamə bu dəhlizin açılması istiqamətində mühüm addım olmuşdur.

İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Zəfərdən sonra Azərbaycan bu dəhlizin reallaşdırılması üçün artıq zəruri işlərin görülməsinə başlamışdır. Işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri çərçivəsində dəhlizin tərkib hissəsi olan Horadiz-Ağbənd avtomobil yolunun və dəmir yolunun tikintisi sürətlə davam etdirilir və 2026-cı ildə tamamlanması nəzərdə tutulur.

Zəngəzur dəhlizinin reallaşması regionda dairəvi dəmir yolları sisteminin formalaşmasına imkan verərək, ölkə ərazisində nəqliyyat dəhlizləri boyunca illik yükaşırma qabiliyyətini ildə 15 milyon ton artırmış olacaqdır.

Bununla yanaşı, Türkiyə ərazisində avqustda təməli qoyulan Dilucu–Qars dəmir yolunun tikintisinə artıq başlanmışdır. Bu xəttin 4 il ərzində istismara verilməsi planlaşdırılır və o, Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsini təmin etməklə Zəngəzur dəhlizinin tam inteqrasiyasına şərait yaradacaq.

Bununla paralel olaraq, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yolları əlaqəsinin, həmçinin rabitə və enerji təminatı xətlərinin tikintisi üçün infrastruktur yaradılır. Bu əsasda 2022-ci il martın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

Həmin Anlaşma Memorandumu çərçivəsində 2023-cü il oktyabrın 6-da Zəngilanda avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilmiş və tikinti işlərinə başlanılmışdır.

Bu layihələr nəticəsində Araz dəhlizi də Zəngəzur dəhlizi ilə paralel şəkildə inkişaf edəcək ki, bu da regionun nəqliyyat əlaqələrinin genişlənməsinə və inteqrasiyasına əlavə təkan verəcəkdir.

Azərbaycan Orta Dəhlizin təşviqi məqsədilə dəhlizboyu ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Dəhlizboyu ölkələr arasında infrastruktur layihələrinin uzlaşdırılması və sinxronlaşdırılmış inkişafın təmin olunması məqsədilə 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanmışdır.

2023-cü il noyabrın 23-də təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Plan”ı ölkəmizin tranzit potensialından daha səmərəli istifadəyə imkanlar yaradır.

Orta Dəhliz üzrə yükdaşımaların artması məqsədilə yüklərin həm dəmir yolları, həm də avtomobil yolları ilə sürətli və səmərəli şəkildə daşınması təmin edilir.

2024-cü və 2025-ci illərdə Orta Dəhlizin inkişafını nəzərdə tutan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır. Bu sənədlər hər iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığını dərinləşdirərək, Orta Dəhliz üzrə ticarət axınlarının artırılmasına, infrastruktur layihələrinin reallaşdırılmasına və iqtisadi əlaqələrin gücləndirilməsinə şərait yaradır.

Eyni zamanda, 2024-cü ildə təsdiq edilmiş “Çin-Avropa Dəmir yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının İnkişafına dair Anlaşma Memorandumu” dəmir yolu sahəsində yükdaşımaların artırılmasına və Orta Dəhlizin tranzit potensialının gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Bu təşəbbüs Çin ilə Avropa arasında ticarət əlaqələrinin daha da möhkəmlənməsinə və bölgənin strateji nəqliyyat mərkəzi kimi rolunun artmasına zəmin yaradacaqdır.

2025-ci il iyulun 10-də “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənəddə əsas diqqət Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlmişdir. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlmişlər. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

2025-ci il iyulun 11-də “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsi təyin edilmiş və illik yükaşırma gücü 20 min TEU olan konteyner meydançası açılmışdır.

2025-ci il sentyabrın 30-da Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolları arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə mövcud darboğazların aradan qaldırılmasına dair Tədbirlər Planı imzalanmışdır.

Görülmüş tədbirlərin nəticəsində 2024-cü ildə Çinin müxtəlif limanlarından Orta Dəhliz vasitəsilə Azərbaycana ümumilikdə 358 blok qatar göndərilmişdir. Bu gün həmin qatarların Ələt limanına çatdırılma müddəti orta hesabla 8–10 gün, Qara dəniz limanlarına isə 12–14 gün təşkil edir. Bu uğurların davamı olaraq ortamüddətli perspektivdə dəhliz üzrə 1000 blok qatarın göndərilməsi planlaşdırılır.

“Şimal−Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş” Rusiya, İran və Hindistan arasında imzalanıb və 2002-ci il mayın 21-dən qüvvəyə minib. Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə 2005-ci ildə qoşulub.

Həmin nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycanın həm Rusiya, həm də İranla quru sərhədinə malik olması üçtərəfli regional əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərir. Bununla Azərbaycan hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.

Ölkəmiz “Şimal−Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişaf etdirilməsində fəal rol oynayır. “Şimal−Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin uzunluğu 511 kilometrdir. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan−Rusiya sərhədindən Azərbaycan−İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib.

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə 2022-ci il sentyabrın 9-da Bakıda üçtərəfli görüş keçirilmiş və yekunda Bakı Bəyannaməsi imzalanmışdır. Sənədə əsasən tərəflər (Azərbaycan, Rusiya və İran) Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların 15 milyon tona çatdırılması üçün müvafiq tədbirlər görəcəklər.

2023-cü il mayın 17-də Kazan Forumu çərçivəsində dəhlizin çatışmayan seqmenti olan Rəşt−Astara dəmir yolu xəttinin tikintisinin Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı Rusiya Federasiyası və İran İslam Respublikası arasında kredit sazişi imzalanmışdır.

Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm rolu olan nəqliyyat-logistika dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti artırılıb, Ələt−Astara avtomobil yolu yenidən qurulub, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu istismara verilib, Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunun buraxılış qabiliyyəti artırılıb, İran ilə Azərbaycan arasında yeni dəmir yolu körpüsü, Astaraçay üzərində avtomobil körpüsü və modul tipli sərhəd-buraxılış məntəqəsi inşa olunub. Bundan əlavə, Cənub yük terminalı üzrə layihələndirmə və tikinti-quraşdırma işləri davam etdirilir. Bu layihələr ölkəmizin tranzit rolunun xeyli artmasına və onun beynəlxalq status qazanmasına imkan yaratmışdır.

2024-cü il dekabrın 21-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək, nəqliyyat dəhlizinin potensialını artırmaq, daşınan yüklərin həcmini ildə 15 milyon tona çatdırmaqdır.

2025-ci ilin 26 noyabr tarixində “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılması məqsədilə Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır.

Gələcəkdə Zəngəzur dəhlizinin açılması “Şimal−Cənub” dəhlizinin yeni qolunu yaratmaqla nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bələ ki, Osmanlı−Horadiz−Ağbənd−Naxçıvan−Qars dəmir yolu xəttinin tikintisi Azərbaycanın tranzit qovşaq kimi formalaşmasına və ölkəmizin ərazisindən keçən hər iki nəqliyyat dəhlizinin birləşdirilməsinə imkan yaradacaq. Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları bu imkanlardan faydalanacaq.

***

Həyata keçirilən bütün bu təşəbbüslər Azərbaycan Prezidentinin ölkəni qlobal təchizat zəncirinin əsas iştirakçılarından birinə çevirmək istiqamətindəki strateji vizyonunu nümayiş etdirir. Bu vizyon təkcə malların avtomobil və ya dəmir yolları ilə ölkə ərazisindən tranzit daşınmasını deyil, həm də Azərbaycanın Şərqlə Qərb arasında etibarlı və strateji mərkəz kimi mövqeyinin möhkəmləndirilməsini nəzərdə tutur.

Bu möhkəm təməl üzərində reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Ələt Karqo Hava Limanı və digər irimiqyaslı infrastruktur layihələri yüksəksəviyyəli logistika imkanlarının genişləndirilməsinə, əlverişli biznes mühitinin formalaşmasına və uyğunlaşdırılmış hüquqi-normativ çərçivənin yaradılmasına zəmin yaradır. Bu infrastruktur və institusional islahatlar Azərbaycanın qlobal təchizat zəncirinə daha səmərəli inteqrasiyasını təmin etməklə ölkəyə bir neçə saat ərzində təxminən 200 milyon istehlakçıdan ibarət bazarlara çıxış imkanı verir. Nəticədə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinin əsas qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir və regional-qlobal tədarük zəncirlərində strateji rolunu artırır.