Azərbaycanın COP29 Sədrliyi
Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir, bu istiqamətdə böyük işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunması bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.
Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə dövlətimizin başçısı COP29-a hazırlıq işlərinə dərhal başlanılması ilə bağlı tapşırıqlar vermişdir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 yanvar tarixli Sərəncamı ilə COP29-un müəyyən edilmiş prezidenti təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli Sərəncamına əsasən COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin tərkibi 2024-cü il 19 yanvar və 2024-cü il 22 fevral tarixli sərəncamlarla daha da genişləndirilmişdir.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında, Petersberq İqlim Dialoqunda, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatındakı tədbirdə, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə, 2-ci Şuşa Qlobal Media Forumunda, Beynəlxalq Çernobbio Forumunda və digər mühüm tədbirlərdə çıxışlarında, eləcə də müsahibələrində səsləndirdiyi fikirlərlə COP29 Sədrliyinin arxitekturasını müəyyən etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə bağlı bir-birini ittiham etmək, günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə verməli olduqlarını vurğulayaraq demişdir: “Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var”.
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırmışdır.
COP29-a hazırlıq məqsədilə Tədbirlər Planı qəbul edilmiş və onun icrasının təmin olunması üzrə dövlət qurumları tərəfindən müvafiq iş aparılmışdır.
COP29 Təşkilat Komitəsi tədbirə hazırlıq işlərinin səmərəli təşkili və gündəlikdə duran məsələlər üzrə müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi ilə mütəmadi iclaslar keçirmiş, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası istiqamətində fəaliyyət göstərmişdir. Təşkilat Komitəsinin inklüziv olması, deputatların, qadınların, vətəndaş cəmiyyətinin fəal iştirakı onun işinə böyük töhfə vermişdir.
COP29-un Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Hökuməti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə iş aparılmış, “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanmışdır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf müqabilləri Azərbaycanla bu sahədə sıx tərəfdaşlıq etmək arzularını bildirmiş, müvafiq beynəlxalq tərəfdaşlarla əməkdaşlıq aparılmışdır.
Azərbaycanın COP29 Sədrliyinə dəstək məqsədilə bir sıra nüfuzlu şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsi yaradılmışdır.
COP29-un uğurlu nəticələr əldə etməsi məqsədilə COP29 prezidentinin heyəti bütün Tərəflərlə konstruktiv dialoq aparmış, fərqli fikirləri dinləmiş, müxtəlif prioritetləri nəzərə almış və etimad qazanmışdır. COP29 Sədrliyi tərəfindən iqlim danışıqlarının irəli aparılması istiqamətində Bakıda bir sıra vacib beynəlxalq tədbirlər təşkil edilmişdir. Bu tədbirlər sırasında qeyri-rəsmi Şamaxı toplantısı, Bakı İqlim Həftəsi və Pre-COP29 tədbiri qeyd edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, konsensusun əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə etmişdir.
Bakı Olimpiya Stadionu çox qısa müddət ərzində konfransın keçirilməsi üçün hazır vəziyyətə gətirilmiş, dünya liderləri daxil olmaqla bütün əcnəbilərin iştirakı ilə bağlı lazımi şəraitin yaradılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilmişdir.
2024-cü il 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda böyük uğurla keçirilmiş COP29 konfransı ölkəmizin bu günədək təşkil etdiyi ən nəhəng tədbir olmuşdur. Konfransda 76 min iştirakçı qeydiyyatdan keçmişdir.
Noyabrın 12-də 80-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilmiş COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq aktorlar arasında siyasət, mədəniyyət, enerji, ticarət və nəqliyyat körpüləri salmağa qadir olduğunu vurğulamışdır.
Azərbaycanın “Yaşıl gündəlik” ilə bağlı böyük nailiyyətlərini diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olduğunu bildirmişdir.
Prezident İlham Əliyev ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanların cılız cəhdlərinin nə qədər uğursuz olduğunu ifşa etmiş, bütün dünyanın Bakıya toplaşdığını vurğulayaraq, Azərbaycanın qlobal miqyasda nüfuzunu və qüdrətini bir daha nümayiş etdirmişdir.
Noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29 çərçivəsində Sammiti keçirilmişdir. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti ölkəmizin kiçik ada dövlətlərinə birmənalı dəstəyini ifadə etmiş və bunun gələcəkdə də davam edəcəyini vurğulamışdır. Dövlətimizin başçısı neokolonializm və iqlim dəyişmələri barədə danışarkən Fransa və Niderlandın “dənizaşırı ərazilərində” iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalan və səsi susdurulan icmalarla həmrəyliyini ifadə etmişdir.
Bakı COP-u tarixi uğurlar və həllini gözləyən bir çox məsələ üzrə mühüm qərarlarla yadda qalmış, Azərbaycan öz mirasını qoymağa müvəffəq olmuşdur. COP29 zamanı 52 məsələ üzrə qərar qəbul edilmişdir.
Konfransın ən vacib nailiyyəti inkişaf etməkdə olan ölkələrin COP29-dan əsas gözləntisi – “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensusun əldə olunmasıdır. Qərarda 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik əsasda 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün çağırış edilmişdir. Bununla yanaşı, 2035-ci ilə qədər inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti ilə bağlı hər il ən azı 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi razılaşdırılmışdır. Bu rəqəm 2009-cu ildə qeyd edilən məqsədə 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş iqlim maliyyəsindən 3 dəfə artıqdır.
COP29-un digər uğuru Paris Sazişinin beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsidir. Vurğulanmalıdır ki, 10 il idi bu məsələ üzrə uğur əldə olunmurdu.
Daha bir tarixi hadisə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbul olunmasıdır. Bu, Prezident İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin problemlərinin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
Digər qərarlar Bakı Adaptasiya Yol Xəritəsinin qəbul olunması, illik əsasda növbəti COP-larda Adaptasiya üzrə yüksək səviyyəli Bakı Dialoqunun keçirilməsinin razılaşdırılması, Texnologiya İmplementasiya Proqramının işə salınması, Yerli İcmalar və Köklü Xalqlar üzrə Platformanın 2025-2027-ci illər üzrə Bakı İş Planının təsdiq edilməsi və digər istiqamətlər üzrə önəmli məsələləri əhatə edir.
COP29-un qeyd edilən vacib qərarları BMT tərəfindən Baku Climate Unity Pact (BACU Pact) adı altında rəsmiləşdirilmişdir.
Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən 14 qlobal təşəbbüs elan edilmiş və geniş dəstək qazanmışdır. Bu təşəbbüslərdən biri olan “COP atəşkəsi” çağırışı 130-dan artıq ölkə tərəfindən dəstəklənmişdir.
Digər təşəbbüslər sırasında İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü, İqlimə Dayanıqlılıq naminə İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə, Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyətlər Yolları üzrə Bəyannamə, İqlim Fəaliyyəti naminə Su üzrə Bəyannamə və Bakı Dialoqu və digərləri qeyd edilə bilər.
COP29-un müəyyən olunmuş tematik günlərinə əsasən, COP29 Sədrliyi tərəfindən Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir təşkil edilmişdir.
Bununla yanaşı, Liderlər Sammiti çərçivəsində 35 yüksək səviyyəli tədbir, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi ilə əlaqədar isə daha 35 tədbir keçirilmişdir.
Qeyd edilən tədbirlərdə 196 dövlətin, həmçinin 150-dən çox dövlətlərarası təşkilat və BMT qurumlarının, eləcə də 2000-dək QHT nümayəndəsi iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaradılması, konsensusa nail olunması və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməmişdir.
COP29 bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “X” hesabında paylaşım edərək, COP29-un ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini vurğulamışdır. Dövlətimizin başçısı paylaşımında qeyd etmişdir: “Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.
Azərbaycan qlobal iqlim dəyişmələri ilə bağlı mühüm qərarların qəbul edilməsi üçün dünya ölkələrini səfərbər etməyə müvəffəq olaraq, bir daha öz liderliyini və genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirmişdir. COP29-un yekununda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür elan edilən qərarın yekdilliklə qəbul olunması bunun əyani göstəricisidir.
COP29-un gedişatı, Azərbaycanın COP29-da prioritetləri, təşəbbüsləri və konfransın nəticələri nüfuzlu beynəlxalq mediada işıqlandırılmış, müsbət məzmunlu silsilə yazılar dərc olunmuşdur.
COP29-la bağlı ətraflı məlumat www.cop29.az saytından əldə edilə bilər.