Böyük Qayıdış

Əlaqələndirmə Qərargahı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmışdır. Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik edilmişdir.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılmışdır.

İdarələrarası Mərkəz çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri, Şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri, Elm, təhsil və mədəniyyət məsələləri, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri, Hərbi-mülki əlaqələndirmə məsələləri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar məsələləri, Şəhərsalma məsələləri, Ekoloji məsələlər, İqtisadi məsələlər, Enerji təminatı məsələləri, Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili imkanlarının araşdırılması məsələləri və Kommunikasiya məsələləri üzrə ümumilikdə 12 işçi qrupu fəaliyyət göstərir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bərpa və yenidənqurma işləri

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.

Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir.

İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.

Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 48 000-dən çox insan yaşayır və fəaliyyət göstərir.

Ağdam

Ağdam

Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir.

Füzuli

Füzuli

Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi tarix, mədəniyyət və memarlıq abidələri ilə zəngindir.

Xocavənd

Xocavənd

Xocavənd rayonu Şuşa rayonu ilə sərhəddə yerləşir. 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində adı çəkilən rayon 1991-ci ildə yaradılmışdır.

Şuşa

Şuşa

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Cəbrayıl

Cəbrayıl

1930-cu il avqustun 8-də təşkil olunmuş Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Qubadlı

Qubadlı

1930-cu ildə təşkil olunmuş Qubadlı rayonu Azərbaycanın cənub-şərq hissəsində, Laçın və Zəngilan rayonları, həmçinin Ermənistan ilə həmsərhəd olan bir ərazidə yerləşir.

Zəngilan

Zəngilan

1930-cu il avqutun 8-də inzibati rayon kimi təşkil edilmiş Zəngilan Azərbaycanın cənub-qərb hissəsində yerləşən, həmçinin İran İslam Respublikası və Ermənistanla həmsərhəd olan mühüm bir ərazidir.

Laçın

Laçın

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir.

Xankəndi

Xankəndi

Xankəndi Azərbaycanın nisbətən gənc şəhərlərindən biridir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır.

Ağdərə

Ağdərə

Ağdərə rayonu Azərbaycanın Qarabağ bölgəsinin ərazisində yerləşən və strateji əhəmiyyətə malik olan bir rayondur.

Xocalı

Xocalı

Xocalı rayonu tarixi əhəmiyyətinə görə Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.

Kəlbəcər

Kəlbəcər

Toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" olan Kəlbəcər ən qədim insan məskənlərindən biridir.

Ağdam

Ağdam
Ağdam

Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini, Pənah xanın imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.

1993-cü il iyulun 23-də Ermənistan tərəfindən işğal olunduqdan sonra rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmiş, çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv edilmiş, zahiri görkəmi süni şəkildə dəyişdirilmişdir.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də tarixində geri qaytarılmışdır. Məhz bu gün – 20 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ağdam şəhəri günü kimi qeyd edilir.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bugünədək dövlət başçısı tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları reallaşdırılmışdır. Bundan əlavə, Ağdam İmarət Kompleksi və “Aghdam City Hotel”i istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak etmişlər. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi də inşa edilərək istifadəyə verilmişdir.

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və buraya geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında doqquz müxtəlif təyinatlı zavod fəaliyyətə başlamışdır.

2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin artıq birinci mərhələsinin açılışı edilmişdir. Dövlət başçısı Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərinin açarlarını təqdim etmişdir. Bundan əlavə, Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının binalarının açılışı baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Füzuli

Füzuli
Füzuli

Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi tarix, mədəniyyət və memarlıq abidələri ilə zəngindir.

1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edildikdən sonra həmin memarlıq abidələrinə ciddi zərər vurulmuşdur. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi, Karvansara və bu kimi tarixi əhəmiyyət daşıyan abidələr məhv edilmiş, yandırılmışdır.

Füzuli 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad edilmişdir. Məhz bu gün - 17 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Füzuli şəhəri günü kimi qeyd edilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir

Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binası və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qazax xalqı adından hədiyyə olaraq Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də təhvil verilmiş layihələr sırasındadır.

Xocavənd

Xocavənd
Xocavənd

Xocavənd rayonu Şuşa rayonu ilə sərhəddə yerləşir. 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində adı çəkilən rayon 1991-ci ildə yaradılmışdır. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən olan Azıx və Tağlar mağaraları burada yerləşir.

1992-ci il oktyabrın 2-də Xocavənd rayonu Ermənistan tərəfindən işğal edilmişdir. İşğal müddətində ermənilər bölgənin alban, xristian abidələrinin etnik mənsubiyyətini dəyişdirməyə, onları erməniləşdirməyə cəhd etmişlər.

2020-ci il noyabrın 10-a qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi, 2023-cü il sentyabrın 19-20-də aparılan birgünlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə rayon şəhər mərkəzi də daxil olmaqla tam şəkildə işğaldan azad edilmişdir. Məhz bu gün – 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xocavənd şəhəri günü kimi qeyd edilir.

İşğaldan azad edildikdən dərhal sonra Xocavənd rayonunda bərpa-quruculuq işlərinin aparılmasına başlanılmışdır. Bugünədək rayonun Hadrut qəsəbəsində “Hadrut” Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilmişdir.

Şuşa

Şuşa
Şuşa

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa 1930-cu il avqustun 8-də inzibati rayon statusu almışdır. Rayonun mərkəzi Şuşa şəhəridir. Şəhər dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir və üç tərəfdən sıldırım qayalarla əhatə olunur.

1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Şuşa şəhəri 2020-ci il noyabrın 8-i Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan xalqının qətiyyəti sayəsində müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Məhz bu gün – 8 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Şuşa şəhəri günü kimi qeyd edilir.

Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, işğal dövründə vandalizm aktları nəticəsində dağıdılmış tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. 2024-cü il mayın 11-dən etibarən Şuşaya keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Bugünədək dövlət başçısı tərəfindən Şuşada bir sıra strateji əhəmiyyətli infrastruktur obyektləri açılmış və əhalinin istifadəsinə verilmişdir. Bunların sırasında Zəfər yolunu, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasını, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini, sutəmizləyici qurğular kompleksini, birinci yaşayış kompleksini, Dövlət Xidmətləri Mərkəzini, 1 nömrəli tam orta məktəbi, Bayraq Meydanını, Şuşa Müalicə-Sağlamlıq Mərkəzini qeyd etmək olar.

Şuşanın geniş turizm potensialının inkişaf etdirilməsi çərçivəsində “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri, “İsa bulağı” istirahət kompleksi bərpa edilmiş, Şuşa Hotel və Konfrans Mərkəzi inşa olunmuşdur.

Mədəniyyət paytaxtımızda dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrası da geniş vüsət almışdır.

Qısa müddətdə görkəmli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Üzeyir Hacıbəylinin və Bülbülün dağıdılmış ev-muzeylərinin bərpası həyata keçirilmiş, Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstləri öz yerlərinə qaytarılmışdır. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı, Daşaltı kənd, Çöl Qala və Mamayı məscidləri və bulaqları, Mehmandarovların malikanə kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi və digər tarixi-mədəni abidələr bərpa edilmiş, yeni məscidin inşasına başlanılmışdır.

Cəbrayıl

Cəbrayıl
Cəbrayıl

1930-cu il avqustun 8-də təşkil olunmuş Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sahilində yerləşir, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan "Divlər Sarayı" mağarası, kurqan və məqbərələr, "Başıkəsik Gümbəz", "Qala", "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr nəsildən-nəslə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Rayonun ərazisi faydalı qazıntılarla, sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları ilə də zəngindir.

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, yerli əhali öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus tarixi-mədəni abidələr və yaşayış məskənləri dağıdılaraq viran edilmişdir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilmişdir. Məhz bu gün - 4 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Cəbrayıl şəhəri günü kimi qeyd edilir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında rahat və firavan yaşamaları üçün bütün şərait yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər görülür. 2024-cü il sentyabrın 26-dan etibarən Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Dövlət başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Prezident İlham Əliyev Cəbrayıl rayonunda Maşanlı, Sarıcallı, Karxulu, Böyük Mərcanlı, Horovlu və Şükürbəyli kəndlərinin, Xudafərin qəsəbəsinin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, inzibati binanın, Rayon Mərkəzi Xəstəxanasının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, həmçinin bir sıra istehsal kompleks və müəssisənin təməlqoyma mərasimlərində iştirak etmiş, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdur.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının, 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının, “Qız Qalası” hidroqovşağının və Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışını etmiş, “Xudafərin” hidroqovşağının istismara və Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın humanitar və sosial sahəyə xüsusi diqqəti nəticəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb qısa müddət ərzində istifadəyə verilmişdir.

Qubadlı

Qubadlı
Qubadlı

1930-cu ildə təşkil olunmuş Qubadlı rayonu Azərbaycanın cənub-şərq hissəsində, Laçın və Zəngilan rayonları, həmçinin Ermənistan ilə həmsərhəd olan bir ərazidə yerləşir. Bu rayon əsasən dağlıq ərazilərlə əhatə olunub və bölgənin müxtəlif təbiət mənzərələri ilə zəngindir.

Qubadlı tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi–etnoqrafik bölgələrdən biridir. Rayon çox qədim dövrlərdən etibarən Azərbaycan xalqının yaşayış məskəni olmuşdur. Qubadlı rayonunun ərazisində Son Tunc–İlk Dəmir dövrünə aid “Xırman yeri” adlı yaşayış məskəni, Koroğlu qalası, Qalaça, Maltəpəsi kimi abidələr qeydə alınmışdır.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində işğal edilmişdir. İşğal nəticəsində Qubadlının tarixi, memarlıq və dini abidələri dağıdılmış, yerli əhalisi təcavüzə məruz qalaraq, öz doğma yurdlarından məcburən köçkün düşmüşdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilmişdir. Məhz bu gün - 25 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Qubadlı şəhəri günü kimi qeyd edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonuna dəfələrlə səfərlər etmiş, rayonda görülən işlərlə tanış olmuş, bir sıra tədbirlərdə iştirak etmiş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər. Dövlət başçısı rayonun bərpa və yenidən qurulması istiqamətində zəruri tapşırıq və tövsiyələrini vermişdir.

Dövlət başçısı Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəb və Mərkəzi Xəstəxana binalarının, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xanlıq-Qubadlı yolunun, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin və sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışını etmişdir.

Zəngilan

Zəngilan
Zəngilan

1930-cu il avqutun 8-də inzibati rayon kimi təşkil edilmiş Zəngilan Azərbaycanın cənub-qərb hissəsində yerləşən, həmçinin İran İslam Respublikası və Ermənistanla həmsərhəd olan mühüm bir ərazidir. Rayon tarixi, coğrafiyası, mədəniyyəti və iqtisadiyyatı ilə zəngindir.

Rayon ərazisinin özünəməxsus iqlimi və təbiəti vardır. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada birinci olan dünyaşöhrətli füsunkar bir məkandır. Zəngin tarixi-mədəni irsə sahib Zəngilanın ərazisində bir çox qədim məbədlər, qalalar, yaşayış yerləri və digər arxeoloji abidələr mövcuddur. Bunların sırasında оrta əsr mеmarlığının ən qiymətli abidələrindən olan Şərifan və Yenikənd sərdabələri, Məmmədbəyli türbəsi, Zəngilan şəhər məscidi, Bartaz qız qalası mühüm əhəmiyyət kəsb edir.

1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisindəki onlarla mədəni və dini-tarixi abidə, yaşayış və inzibati binalar məhv edilmiş, yerli əhaliyə qarşı təcavüz olunmuş, on minlərlə insan məcburi köçkün düşmüşdür. İşğal dövründə digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da ekoloji terror törədilmişdir.

Zəngilan şəhəri Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində həmin il oktyabrın 20-də erməni işğalından azad edilmişdir. Məhz bu gün - 20 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında rahat və firavan yaşaması üçün bütün şərait yaradılır. 2022-ci il 19-25 iyul tarixindən etibarən Zəngilana keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Dövlət başçısı Zəngilan rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirir.

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”in, habelə Cahangirbəyli, Alıbəyli və Zəngilan kəndlərinin, Mincivan qəsəbəsinin, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoymuşdur. Bununla yanaşı, dövlət başçısı tərəfindən Zəngilan şəhərində beş yaşayış və inzibati binanın, məktəbin, uşaq bağçasının, rayon mərkəzi xəstəxanasının, “Dost Aqropark”ın və Rəqəmsal Yarımstansiyanın təməli qoyulmuşdur.

Dövlət başçısı “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində, 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cahangirbəyli”, “Zəngilan”, “Şayıflı” və “Sarıqışlaq” Su Elektrik stansiyalarının açılış, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etmişdir. Həmçinin dövlət başçısı Zəngilan Konqres Mərkəzi Kompleksinin, “Ağalı” hotelinin açılışını etmişdir.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurdakı tarix, din və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində qədim Zəngilan məscidi konservasiya olunmuş, yanında yeni məscid inşa edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin açılış mərasimində iştirak etmişlər.

Laçın

Laçın
Laçın

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

1923-cü ilədək Abdallar adlanan Laçın şəhəri 1930-cu ildə təsis edilmiş Laçın inzibati rayonunun mərkəzinə çevrilmişdir.

Laçın dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələrinə, zəngin mineral bulaqlarına və faydalı qazıntı yataqlarına malikdir. Rayonda yerləşən tarix, mədəniyyət və memarlıq abidələri, o cümlədən IX əsrə aid Ağoğlan məbədi, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XVII əsrə aid Kar Künbəz türbəsi, XV əsrə aid Uşaq qalası, Bayqara mağaraları, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edildikdən sonra dağıdılmış və özününküləşdirilmiş, bu ərazilərin zəngin təbii sərvətləri qanunsuz istismar olunaraq talan edilmişdir.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılmışdır. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür. Məhz bu gün - 26 avqust “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Laçın şəhəri günü kimi qeyd edilir.

Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi məqsədilə Prezidentin xüsusi diqqəti nəticəsində intensiv olaraq bərpa işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur. 2023-cü il mayın 27-dən etibarən Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Böyük Qayıdış çərçivəsində dövlət başçısı tərəfindən iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələrin tikildiyi, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkildiyi, qaz təchizatı təmin olunduğu Bəylik kəndinin açılışı edilmişdir. Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim etmişdir.

Dövlət başçısı tərəfindən Laçında bir sıra baza və sosial infrastruktur obyektləri açılmışdır. Bu obyektlər arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpasına və regionda turizmin inkişafına göstərdiyi diqqət nəticəsində Laçın rayonunun dağ zirvəsində yerləşən və bölgənin turizm potensialını əks etdirən mühüm layihələrdən biri olan “Laçın” İstirahət Kompleksi açılmışdır.

Bununla yanaşı, bugünədək Laçın şəhərində modul tipli Laçın Mərkəzi Xəstəxanası, Laçın şəhər, Zabux kənd və Sus kənd tam orta məktəbləri, həkim məntəqəsi əhalinin istifadəsinə verilmiş, “Mişni”, “Alxaslı”, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, “Aşağı Malıbəyli” və “Mirik” Su Elektrik stansiyaları, “Laçın” şəhər yarımstansiyası və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, müxtəlif qurumların inzibati binaları və bir sıra ictimai-iaşə obyektləri fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar işğal nəticəsində uzun illər ərzində sosial-iqtisadi cəhətdən inkişaf etməmiş bölgənin yenidən iqtisadi aktiv məkana çevrilməsinə və iqtisadi dövriyyəyə cəlb edilməsinə, bununla da əhalinin rifahının artmasına töhfə verəcək. Həyata keçirilən layihələr çərçivəsində Laçında “Həkəri Balıq Təsərrüfatı” və “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu işə başlamışdır.

Xankəndi

Xankəndi
Xankəndi

Xankəndi Azərbaycanın nisbətən gənc şəhərlərindən biridir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Qarabağ xanlığının digər vacib şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və başqalarına yaxın olması da əsas götürülərək Xankəndi xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınmışdır. Bu yeni yaşayış məskənində Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi yalnız yerli əhali - azərbaycanlılar yaşamışlar.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, tarix saxtakarları şəhəri Azərbaycan xalqına qarşı soyqırım törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə bağlayaraq, özününküləşdirməyə çalışmışlar. Bununla kifayətlənməyərək, saxtakarlar Xankəndinin zəngin tarixi və mədəni irsini məhv etməyə cəhd göstərmişlər. Tarix boyu Xankəndinin qədim abidələri sökülərək yeni yaşayış binaları tikilmiş, şəhərdəki XVIII-XIX əsrə aid evlərin və inzibati binaların xarici interyerləri dəyişdirilərək tanınmaz hala salınmışdır.

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmişdir. 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xankəndi şəhəri günü kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyev Xankəndi şəhərinin inkişafını daim xüsusi diqqətdə saxlamışdır. Xankəndidəki binaların əksəriyyəti məhz Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə inşa edilmişdir.

Ölkəmizin suverenliyi tam bərpa edildikdən sonra Xankəndi şəhərində tariximizin qızıl səhifələrinə yazılacaq ardıcıl hadisələr baş vermişdir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmiş, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu baş tutmuşdur. 2024-cü il fevralın 7-də müstəqil Azərbaycan tarixində ilk dəfə Qarabağda, məhz Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, regionun inkişafı ilə bağlı çoxşaxəli işlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 1 nömrəli körpələr evi-uşaq bağçasının, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, Qarabağ Universitetinin və həmin təhsil müəssisəsinin tələbə yataqxanasının təmirdən sonra açılışı edilmişdir.

İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Prezident İlham Əliyev tərəfindən əsaslı təmir və bərpadan sonra açılışı edilmiş “Bulud” hoteli və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər çərçivəsində geniş işlər görülür. Prezidenti İlham Əliyev tərəfindən açılışı edilmiş Xankəndi Konqres və “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes mərkəzləri burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.

Ağdərə

Ağdərə
Ağdərə

Ağdərə rayonu Azərbaycanın Qarabağ bölgəsinin ərazisində yerləşən və strateji əhəmiyyətə malik olan bir rayondur. Tarixi qədim dövrlərə gedib çıxan rayon Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir.

Ağdərə rayonu əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət və faydalı qazıntılarla zəngin olan ərazidə yerləşir. Rayon ərazisininin 44 faizini meşələr tutur. Əsas çayları Tərtərçay və Xaçınçaydır. Tərtərçay çayının üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır.

Ağdərə füsunkar təbiəti ilə yanaşı, tarixi memarlıq abidələri ilə zəngin Azərbaycan rayonlarından biridir. Tarix və mədəniyyət abidələrinə nümunə kimi Vəngli kəndində Gəncəsər Alban monastır kompleksini, Kolatağ kəndində Müqəddəs Yaqub monastırını (Böyük Arran monastırı), Qozlu kəndində Xatirəvəng monastırını, Talış kəndində Ürəkvəng monastırını, Suqovuşan kəndində Müqəddəs Yelisey monastır kompleksini, XV əsrə aid Hatəm Məlik, habelə Vəngli, Çardaqlı və Umudlu kəndlərinin ərazisində yerləşən qalaları göstərmək olar.

1993-cü il iyulun 7-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə rayonunda bir sıra yaşayış məntəqələri, sosial infrastruktur və tarixi memarlıq abidələri dağıdılmış və mənimsənilmişdir.

2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri qanunsuz silahlı birləşmələrindən təmizlənmişdir. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Məhz bu gün - 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ağdərə şəhəri günü kimi qeyd edilir.

Böyük Qayıdış çərçivəsində 2023-cü il martın 16-dan etibarən Ağdərə rayonuna keçmi məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Bugünədək dövlət başçısı tərəfindən Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışı edilmişdir. Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək, yeni mənzillərə köçən kənd sakinlərinə evlərinin açarlarını təqdim etmişdir.

İnzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq əvvəlki qaydada təşkil olunmuş, Suqovuşan kəndi yenidən rayonun tərkibinə verilmiş və mərkəz isə Ağdərə şəhəri olmuşdur.

Xocalı

Xocalı
Xocalı

Xocalı rayonu tarixi əhəmiyyətinə görə Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Rayonun ərazisi qədim memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Nümunə kimi Xocalı şəhərindəki Son tunc-İlk dəmir dövrünə aid Xocalı kurqanlarını, XIV əsrə aid Hacı Əli günbəzini, XVIII əsrdə tikilmiş Əsgəran qalasını, müxtəlif dövrlərə aid alban - xristian abidələrini və onlarca başqa maddi-mədəni irs nümunələrini göstərmək olar.

Xocalı Ağdam şəhəri ilə Xankəndi şəhəri arasında Qarabağ silsiləsində, əsasən dağlıq ərazilərdə yerləşir.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal etmiş, Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törətmiş, minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetirmiş və əsir götürmüş, şəhəri yerlə-yeksan etmişlər.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuş və Xocalı şəhəri işğaldan azad edilmişdir. Məhz bu gün - 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xocalı şəhəri günü kimi qeyd edilir.

Tarixi Qələbədən sonra oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalının bir sıra kənd və qəsəbələrinə səfər etmiş və yaşayış məntəqələrinin ərazisinə baxış keçirmişlər.

2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısı Azərbaycan Respublikasının Müstəqillik Günündə ənənəvi olaraq işğaldan azad edilmiş ərazilərə qayıdan əhali ilə görüşləri çərçivəsində Xocalı şəhərində məskunlaşmış sakinlərlə də görüşmüş, burada 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

2024-cü il mayın 28-dən etibarən Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

İşğaldan azad olunmuş digər şəhər və rayonlarda olduğu kimi, Xocalıda da sosial infrastrukturun yaradılması istiqamətində işlər görülməkdədir. Xocalı şəhərində 1 saylı tam orta məktəbin və uşaq bağçasının təmir-bərpası həyata keçirilmiş və istifadəyə verilmişdir.

Prezident İlham Əliyev “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılış mərasimlərində iştirak etmişdir.

Kəlbəcər

Kəlbəcər
Kəlbəcər

Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcər ilk dəfə 1930-cu il avqustun 8-də inzibati rayon statusu almışdır. Dağlıq relyefə malik olan Kəlbəcər çox sayda mineral su qaynaqları, axar çaylar və faydalı qazıntılarla zəngindir.

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Kəlbəcərdəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunda çoxsaylı tarixi abidələr məhv edilmiş, zahiri görkəmi süni şəkildə dəyişdirilərək özünküləşdirilmiş, sosial infrastruktur və inzibati binalar dağıdılmışdır.

44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində Kəlbəcər 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 25-də işğaldan azad edilmişdir. Məhz bu gün – 25 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Kəlbəcər şəhəri günü kimi qeyd edilir.

Hazırda dövlət başçısının xüsusi diqqəti nəticəsində işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də vüsətli bərpa-quruculuq işləri həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə ilk səfərləri çərçivəsində “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmişlər. Dövlət başçısı Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış olmuş, Kəlbəcər-Laçın avtomobil yolu üzərində yaradılacaq 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoymuşdur.

Dövlət başçısının tapşırığına əsasən, bu günədək Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası istismara verilmişdir.

Dövlət başçısı Kəlbəcər rayonunun Yanşaq, Zallar və Zar kəndlərinin, habelə İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində birinci və ikinci yaşayış komplekslərinin, inzibati binanın və məktəb binasının təməllərinin qoyulması, “İstisu” mineral su zavodunun açılış mərasimlərində iştirak etmişdir.

İşğaldan azad edilmiş ərazilərdə keçirilmiş tədbirlər

İşğaldan azad edilmiş ərazilər mötəbər tədbirlərin keçirildiyi məkana çevrilir. Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq təşkilatların mədəniyyət paytaxtları seçilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və digər şəhərlər bir sıra mühüm, yaddaqalan tədbirlərə ev sahibliyi edir.

Şuşa Qlobal Media Forumu:

Milli Şəhərsalma Forumu:

Dünya Azərbaycanlılarının V Qurultayı:

“Xarıbülbül” festivalı:

Zirvə görüşləri: