Neft sektoru

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, bp, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradıblar. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.
İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.0 milyard ton həcmində müəyyən edilib.
Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçirildi. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:
- 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlanıb;
- 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb;
- 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1347 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
2023-cü ilin III rübünün sonuna “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinə 43,4 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub və bu blok üzrə 580 milyon ton neft hasil edilib, 55 milyard kubmetrdən artıq səmt qazı hasil olunaraq Azərbaycan hökumətinə verilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir.
2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, bp, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Bu Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2049-cu ilin sonunadək uzadılmış sazişə əsasən, bp fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır.
2023-cü ilin III rübünün sonunadək xarici neft şirkətləri ilə “Hasilatın pay bölgüsü” tipli 38 saziş imzalanıb.
“Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. “Star” zavodunun ümumi neft emalı gücü 11 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzəryanı ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən, həmçinin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur.
Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
2020-ci ildə “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 70 milyon ton neftdən artıqdır.
Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində 2023-cü ildən “Avro-5” standartına uyğun dizel və 2024-cü ildən benzin istehsalına başlanılıb. 2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Qaz sektoru

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.
Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı mümkün olmayıb, yatağın potensial imkanları müəyyən edilməyib.
1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur.
Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Bununla da, Azərbaycanın təbii resursları tarixində yeni bir səhifə açılıb.
2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.
“Şahdəniz” yatağının ikinci mərhələsinin işlənilməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atıblar. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. 2024-cü ilin sonuna “Şahdəniz” yatağının işlənilməsinə təqribən 29,6 milyard ABŞ dolları vəsait xərclənib. “Cənub Qaz Dəhlizi” ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan strateji əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub.
Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:
- 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb;
- 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;
- 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb.
Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.
2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb.
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb.
2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir.
Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.
TAP-ın istismara verilməsi ilə Gürcüstan və Türkiyədən sonra, Azərbaycan qazının Bolqarıstan, Yunanıstan və İtaliyaya nəqlinə başlanıb.
2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumda nəzərdə tutulan əsas əməkdaşlıq istiqamətlərindən biri də ölkəmizdən Avropaya nəql edilən təbii qaz həcmlərinin 2 dəfə artırılmasıdır.
2023-cü il aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə SOCAR arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik həlqəsi” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlığın inkişafı baxımından yeni imkanlar açır.
“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan bp ilə “AÇG Gələcək Qaz” layihəsi və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir.
2023-cü ilin iyul ayından etibarən 300 milyard kubmetrdən artıq qaz potensialı olan “Abşeron” yatağından ilk qaz və kondensat əldə edilmişdir.
Bu layihə Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması kimi tarixə düşüb. 2023-cü ilin avqust ayında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinə satılması ilə bağlı müqavilə imzalanıb. Bu şirkətin ölkə hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasıdır.
2024-cü ildə Azərbaycanın qaz ixracı 25 milyard kubmetrdən çox olub. 2024-cü ilin sonunda “Şahdəniz” yatağından 237 milyardıncı kubmetr qaz hasil edilib.
2025-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmər Naxçıvanın qaz təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verib.
2025-ci ilin iyununda “Şahdəniz” konsorsiumunun tərəfdaşları tərəfindən “Şahdəniz Kompressiya” layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib. Layihənin yataqdan təqribən 50 milyard kubmetr əlavə qaz və təxminən 25 milyon barel əlavə kondensat hasilatına imkan verəcəyi gözlənilir.
2025-ci ilin iyununda bp şirkətinin operator olmaqla “Qarabağ” yatağı və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi layihələrinə qoşulması haqqında müvafiq sənədlər imzalanıb. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.
Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.

Yaşıl enerji

Təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən edilmişdir.
Ölkədə ekoloji tarazlığın qorunması və bərpaolunan enerji istehsalı siyasətlərinin strateji əsasını Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edir. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmə istiqamətində qarşıya mühüm vəzifələr qoyulub.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Texniki potensial külək enerjisi üzrə 15 QVt, günəş enerjisi üzrə 115 QVt, hidroenerji potensialı 5 QVt həcmində qiymətləndirilir. İqtisadi potensial quruda 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda dəniz akvatoriyasının iqtisadi potensialının qiymətləndirilməsi davam etdirilir.
Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu qəbul edilib.
Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi çıxış edir. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını hədəf kimi müəyyən edib.
2021-ci ilin noyabr ayında ölkəmiz COP26 Konfransında 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonasının yaradılması üzrə yeni öhdəlik götürüb.
Yenilənmiş 3-cü Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr sənədinə (NDC 3.0) əsasən 1990-cı illə müqayisədə 2035-ci ilə qədər emissiyaların 40% azaldılması hədəf kimi müəyyən edilib.
Bu əsasda Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunmuşdur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması və ekosistemin bərpası əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamına əsasən Yaponiyanın “TEPSCO” şirkəti ilə əməkdaşlıq çərçivəsində Konsepsiya hazırlanıb və bu sahədə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən Konsepsiyanın tələblərinə uyğun olaraq, cari dövrədək ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan Günəş panelləri quraşdırılıb, 200-dən artıq Günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrikdoldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib.
İşğaldan azad edilmiş ərazilər zəngin hidroenerji potensialına malikdir. Bu məqsədlə həmin ərazilərdə cari dövrədək “Azərenerji” ASC tərəfindən ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının bərpası və quraşdırılması həyata keçirilib. Növbəti illərdə də kiçik su elektrik stansiyalarının istismarı üzrə işlər davam etdiriləcək. 2024-cü ildə qeyd olunan stansiyalar vasitəsilə 550 milyon kilovatsaatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub.
Hazırda Azərbaycanın ümumi elektrik enerjisi üzrə generasiya gücü 9732.5 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1829.6 MVt-dır ki, bu da ümumi gücün 18.8 faizini təşkil edir. 2030-cu ilə qədər bu göstəricinin ən azı 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib.
Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və reallaşdırılması üzrə bir sıra işlər həyata keçirilir. 2027-ci ilədək ümumi gücü 2 QVt-dan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. 2020-ci ildən başlayaraq “Masdar”, “ACWA Power”, bp, “SOCAR Green”, “Nobel Energy”, AGEC, “Baltech”, “Universal International”, “China Datang”, “China Energy”, “TotalEnergies”, “Elecnor” və “Power China Resources” kimi şirkətlərlə müvafiq əməkdaşlıq sənədləri imzalanıb.
2022-ci il yanvarın 13-də 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2023-cü il oktyabrın 26-da Qafqaz və Xəzər regionlarının ən böyük bərpaolunan enerji stansiyası olan 230 MVt gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi baş tutub.
“Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələrinin icrası davam etdirilir. 2024-cü il 4 iyun tarixində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyulmuşdur.
2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişin icrası məqsədilə ilk görüş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasından başlayaraq, Rəhbər komitənin mütəmadi iclasları keçirilir. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerji “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ixrac ediləcək.
2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilmişdir.
2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilmişdir. 2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü il noyabrın 11-22-də Azərbaycanda keçirilməsinə dair qərar verilmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının bariz nümunəsidir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
COP29 tədbiri çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Cari ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb. 2025-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.
COP29 tədbiri çərçivəsində 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə keçirilən ilk bərpaolunan enerji hərracının qalibi Çinin “Universal International Holdings Limited” şirkəti elan edilib. 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının stansiyanın tikintisi üzrə müvafiq işlər davam etdirilir.
Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Bu çərçivədə “China Energy” şirkəti ilə 160 MVt Günəş elektrik stansiyası layihəsi, “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə 100 MVt gücündə Günəş elektrik stansiyası layihəsi və “Power China Resources” şirkəti ilə 160 MVt gücündə Günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsi üzrə danışıqlar aparılır.
Dənizdə külək enerjisi potensialından istifadə istiqamətində də bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
2024-cü ilin noyabrında Çin Xalq Respublikasının “China Energy Overseas Investment Co., Ltd.” şirkəti ilə Xəzər dənizində külək enerjisi potensialının öyrənilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə ilkin mərhələdə 200 MVt gücündə pilot layihə olmaqla, ümumilikdə 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin icrası nəzərdə tutulur.
Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi, SOCAR Green MMC, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə ilkin mərhələdə 200 MVt gücündə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
28 noyabr 2025-ci il tarixində Energetika Nazirliyi ilə Azerbaijan Green Energy Company MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanmışdır. İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
2024-cü il noyabrın 13-də COP29 çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının bariz nümunəsidir.
COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır.
COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.
“Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi hazırlanıb və 2027-2030-cu illər üçün nəzərdə tutulmuş sosial iqtisadi inkişaf strategiyası çərçivəsində sözügedən sənədin “Tətbiqi planı”nın hazırlanması planlaşdırılır. COP29 çərçivəsində “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.
Azərbaycanda geotermal enerjidən birbaşa istifadə imkanlarının genişləndirilməsinə dair hesabat sənədi hazırlanıb. Hesabata əsasən Azərbaycanın ilkin geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt həcmində qiymətləndirilir. Növbəti mərhələdə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.