“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

22 iyul 2026, 14:17

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 22 iyul tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının strateji maraqları baxımından beynəlxalq gündəlikdə duran məsələlərə, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə və xarici dövlətlərlə münasibətlərinə dair araşdırmalar aparmaq;

2.1.2. dünyada və regionda baş verən münaqişələr, habelə siyasi, ictimai, hüquqi, iqtisadi və digər proseslərlə bağlı problemləri öyrənmək, elmi tədqiqatını və təhlilini həyata keçirmək, onları proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə araşdırmalar aparmaq, qeyd olunan sahələrdə elmi-analitik, proqnoz xarakterli təkliflər və onların həlli yollarına dair təkliflər hazırlamaq;

2.1.3. beynəlxalq münasibətlər, regional proseslər və multikulturalizm sahəsində elmi-analitik tədqiqatların inkişafını təmin etmək;

2.1.4. dünyada və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etmək;

2.1.5. Azərbaycan Respublikasında və xaricdə multikulturalizm siyasətinin, etnik, dini və mədəni müxtəlifliyin qorunması və inkişafı sahəsində mövcud təcrübəni öyrənmək, habelə bu sahədə elmi-analitik tədqiqatlar aparmaq və beynəlxalq təcrübəni təhlil etmək;

2.1.6. Azərbaycan Respublikasının dövlət orqanlarını (qurumlarını) elmi-təhlili materiallarla təmin etmək;

2.1.7. Azərbaycan Respublikasının multikulturalizm modelinin, habelə mövcud xarici multikulturalizm modellərinin tədqiqini həyata keçirmək, onların müqayisəli təhlilini aparmaq və Azərbaycan Respublikasını dünyada multikulturalizm mərkəzi kimi tanıtmağa yönəlmiş tədbirlər həyata keçirmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının strateji maraqlarının, xarici siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;

3.1.3. beynəlxalq münasibətlərə, beynəlxalq siyasət və təhlükəsizlik məsələlərinə dair tətbiqi və praktiki təyinatlı elmi-analitik tədqiqatlar və təhlillər aparmaq, qlobal siyasi tendensiyaların, təhdidlərin və çağırışların dərindən və hərtərəfli təhlilini həyata keçirmək;

3.1.4. Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq xarici dövlətlərlə münasibətlərinin inkişafı sahəsində yeni yanaşmalar axtarmaq;

3.1.5. dövlət və qeyri-dövlət qurumlarının sifarişi əsasında elmi-tətbiqi araşdırmalar aparmaq;

3.1.6. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin multikulturalizm, tolerantlıq, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması və təşviqi sahəsində fəaliyyətini əlaqələndirmək;

3.1.7. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan reallığının mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;

3.1.8. beynəlxalq hadisələrə, proseslərə və münasibətlərə dair müstəqil hesabatlar, ekspert rəyləri və proqnozlar hazırlamaq;

3.1.9. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib həyata keçirmək;

3.1.10. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;

3.1.11. müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət abidələrinin və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;

3.1.12. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək;

3.1.13. Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək;

3.1.14. multikulturalizm üzrə dünya mütəxəssislərinin, habelə keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq;

3.1.15. Azərbaycan Respublikasının xarici siyasət məsələlərinə dair informasiya təminatını həyata keçirmək;

3.1.16. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini, habelə Mərkəzin inkişaf istiqamətləri, strateji məqsədləri və fəaliyyət planları ilə bağlı təkliflərini təqdim etmək;

3.1.17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.18. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.19. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.20. Mərkəz əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.21. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.22. Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.24. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.25. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.26. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.27. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.28. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. beynəlxalq münasibətlərə dair ölkədə aparılan araşdırmaları əlaqələndirmək, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində və təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan digər hüquqi şəxslərdə tədqiqatlar aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış etmək;

3.2.3. beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), media subyektləri, jurnalistlər, ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. beynəlxalq mediada və analitik məcmuələrdə məqalə və materiallar dərc etmək;

3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. müqavilə əsasında konsaltinq xidmətləri göstərmək;

3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.12. xarici nümayəndə heyətlərinin, həmçinin elmi işçilərin, ekspertlərin və media nümayəndələrinin qəbulunu, ziyafətlərin təşkilini və digər müvafiq tədbirləri həyata keçirmək;

3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.14. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, onları Azərbaycan Respublikasında, habelə xaricdə abunə, pərakəndə satış yolu ilə və fərdi qaydada, eləcə də internet şəbəkəsi və media subyektləri vasitəsilə yaymaq;

3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarə Heyəti Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.3. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ─ Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.4.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər təqdim etmək;

4.4.2. Mərkəzin inkişaf istiqamətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, strateji məqsəd və planlarını müəyyən etmək;

4.4.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.4.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərini təsdiq etmək;

4.4.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.4.6. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.4.7. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.4.8. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.4.9. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.4.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.4.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.4.12. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.4.13. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.4.14. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.4.15. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.4.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.4.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.4.18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Mərkəzin illik maliyyə hesabatını təqdim etmək;

4.4.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.5. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin sədri tərəfindən çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, həmin məsələnin müzakirəsində və məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.10. İdarə Heyətinin sədri:

4.10.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.10.5. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.6. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.7. özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.10.9. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.10.11. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.10.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.13. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.10.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.15. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.16. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin nizamnamə fondu 4.212.500 (dörd milyon iki yüz on iki min beş yüz) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra özünün, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial və nümayəndəliklərində, habelə təsərrüfat cəmiyyətlərində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14