Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində İlham Əliyevin nitqi

17 dekabr 2018, 11:30
Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində İlham Əliyevin nitqi

Əziz hərbçilər, əziz dostlar.

Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür. Bu gözəl binada 394 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gözəl binada rahat yaşayasınız.

Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq Fərman imzalanmışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir.

Onu da qeyd etməliyəm ki, hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Bir çox şəhərciklər yenidən tikilmişdir. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaqdır.

Onu da bildirməliyəm ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilmişdir.

Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik.

Siz onu da bilirsiniz ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır.

Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.

Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir.

Ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Bax, bu gözəl binada 400-ə yaxın hərbçi ailəsinin yaşaması dediyim sözlərin bariz nümunəsidir, təsdiqidir. Mən bu gözəl binada yaşayacaq bütün hərbçiləri bu hadisə münasibətilə bir daha təbrik edirəm. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 fevral 2025
14:45
Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...

28 fevral 2025, 14:45
SƏNƏDLƏR Fərmanlar 28 fevral 2025
13:13
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

28 fevral 2025, 13:13
SƏNƏDLƏR Fərmanlar 27 fevral 2025
16:12
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...

27 fevral 2025, 16:12