İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib

14 noyabr 2018, 14:30
İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab səfir. Yaxın vaxtlarda mənim Belarusa rəsmi səfərim baş tutacaq. Biz Azərbaycanda qarşıdakı səfərə çox böyük əhəmiyyət veririk və səfər ərəfəsində mən sizi səfərin proqramını, eləcə də bizim ikitərəfli münasibətlərimizin bəzi aspektlərini müzakirə etmək üçün dəvət etmişəm. Biz görürük və bilirik ki, Belarusda da Azərbaycan Prezidentinin qarşıdakı rəsmi səfərinə böyük əhəmiyyət verilir. Lap bu yaxınlarda Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko, həmçinin öz fikirlərini bildirmək və qarşıdakı səfərlə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanın Belarus Respublikasındakı səfirini dəvət etmişdi. Bu gün biz Sizinlə görüşürük. Siz də təcrübəli diplomat kimi yaxşı bilirsiniz ki, bu cür təcrübəyə ölkələrarası münasibətlərdə nadir rast gəlinir. Bu, bizim münasibətlərimizin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisidir.

Qarşıdakı səfərin mənim Belarusa beşinci rəsmi səfərim olması, Aleksandr Qriqoryeviçin isə Azərbaycana dörd dəfə rəsmi səfərə gəlməsi faktını nəzərə alsaq, düşünürəm ki, bu, münasibətlərimizin nə qədər dinamik və uğurla inkişaf etdiyinin ən yaxşı göstəricisidir. Bizim münasibətlər bir çox sahələri əhatə edir. Biz siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk. Artıq dediyim kimi, qarşılıqlı etimadın səviyyəsi o qədər yüksəkdir ki, biz ikitərəfli, regional, beynəlxalq gündəliyin bütün məsələlərini müzakirə edirik. İqtisadi sahədə yaxşı göstəricilər görürük. Əmtəə dövriyyəsinin artımı buna yaxşı nümunədir. Həmçinin artıq Belarusun Azərbaycanda, Azərbaycanın isə Belarusda ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Fikrimcə, sənaye kooperasiyası müstəsna səmərəlilik nümayiş etdirir. Aleksandr Qriqoryeviçlə nəzərdə tutduğumuz layihələr gerçəkləşdirilib. Bu gün bu, Azərbaycanın sənaye potensialını möhkəmləndirir. Bu, həmçinin təhsil, elm, mədəniyyət sahələrində də müşahidə edilir. Yəni, ölkələrimizi tammiqyaslı münasibətlər bağlayır. Həmçinin hərbi-texniki sahədə əməkdaşlıq da münasibətlərimizin mühüm amilidir. Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür.

Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir. Bu da Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun müdrik siyasətinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək səviyyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Mən Sizin ölkədə dəfələrlə olmuş insan kimi bunu tamamilə obyektiv və səmimi deyirəm. Buna görə də bizə elə gəlir ki, Ermənistan tərəfindən Sizin ölkənizə qarşı deyilən əsassız iradlar öz məğzinə görə məhz bu amilə əsaslanır.

Həmçinin biz təbii ki, regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş Sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir. Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir. Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi. Bu adamın cinayətə görə təqib edilərək sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir - beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir. Buna görə də bir daha demək istəyirəm ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir. Bizim münasibətlərimizə gəlincə, onlar sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib. Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim münasibətlərimizi daha da möhkəmləndirəcək. Səfərin gündəliyi olduqca genişdir, xeyli sənəd imzalanacaq. Əminəm ki, həmin sənədlər bundan əvvəl reallaşdırılan digər razılaşmalar kimi gerçəkləşəcək.

X X X

Belarusun Azərbaycandakı səfiri Gennadi AXRAMOVİÇ dedi:

-Zati-aliləri, çox hörmətli cənab Prezident.

Bizim səbirsizliklə gözlədiyimiz Belarusa səfəriniz ərəfəsində Sizinlə görüşmək imkanına görə minnətdarlığımı bildirirəm. Sizin ikitərəfli münasibətlərimizə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Mən xatırlayıram ki, əvvəlki - 2016-cı ildəki səfəriniz zamanı Siz Aleksandr Qriqoryeviçlə birlikdə bizim qarşımızda yüksək vəzifə qoydunuz. Mən şadam ki, biz nə qədər çətin olsa da, Sizin qarşımıza qoyduğunuz vəzifələri tam həcmdə yerinə yetirdik.

Bu gün ölkələrimiz arasında əmtəə dövriyyəsi üç dəfədən çox artıb. Azərbaycanın Belarusa ixracı artımlı olan ötən illə müqayisədə 50 faizi ötüb. Mən Sizinlə tamamilə razıyam, yəqin ki, bizim münasibətlərimizdə inkişaf etməyən sahəni tapmaq çətindir. Bu, sənaye və kənd təsərrüfatından tutmuş yüksək texnologiyalara qədər sahələri əhatə edir. Humanitar əməkdaşlığın da inkişaf səviyyəsi çox yüksəkdir. Ölkələrimizdə turizmin qarşılıqlı artımı, idman və mədəni mübadilələr müşahidə edilir. Həm sizin, həm də bizim artistlər mütəmadi olaraq mötəbər teatr və konsert studiyalarında qarşılıqlı çıxış edirlər.

Biz Sizin Belarusa səfərinizə çox ciddi hazırlaşırıq. Hazırlıq çox diqqətlə aparılır, hökumətin nəzarətindədir. Mən düşünürəm ki, artıq imzalanmağa hazır olan razılaşmalar və layihələr əməkdaşlığımıza daha yeni dinamika verəcək. Belarus və Azərbaycan qarşılıqlı əməkdaşlıq üçün açıqdırlar. Mən məmnuniyyətlə qeyd edə bilərəm ki, həm Siz, cənab Prezident, həm də Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko həmişə həm ikitərəfli, həm də çoxtərəfli formatdakı əməkdaşlığımızın konstruktiv təmələ əsaslanmasını və bir-birinə və hər hansı digər ölkələrə, bloklara qarşı yönəlməməsini əldə rəhbər tutursunuz. Həm Siz, həm də Belarus Prezidenti siyasətinizdə həmişə çalışırsınız ki, digər ölkələrlə münasibətlərin inkişafında beynəlxalq hüququn əsas norma və prinsiplərinə ciddi riayət olunsun, bütün münaqişələr konstruktiv ruhda, tədricən və sülh yolu ilə həll olunsun. Mən qeyd etməyə şadam ki, bu planda müəyyən irəliləyiş var. Biz həmişə, o cümlədən beynəlxalq formatlarda da azərbaycanlı dostlarımızın dəstəyinə bel bağlaya bilərik. Eynilə, biz də həmişə müxtəlif beynəlxalq meydanlarda - BMT, ATƏT, Avropa Şurası xətti ilə Azərbaycanı dəstəkləyirik. Biz bunu həmişə hiss edirik. Buna görə də Sizi Belarus Respublikasında görməyimizə çox şad olacağıq. Düşünürəm ki, səfər, xüsusilə də bizim özünəməxsus yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 25 illiyi dövründə, ikitərəfli münasibətlərimizin getdikcə inkişafına yeni dinamika, daha güclü impuls verəcək. Çox sağ olun.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07