Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə İlham Əliyevin giriş nitqi

09 mart 2011, 19:05
Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə İlham Əliyevin giriş nitqi

Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır.

Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər.

Bir sözlə, sürətli inkişaf bizə imkan verdi ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun.

Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Yəni, hər bir ölkənin iqtisadi və sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir.

Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycanın uğurlu inkişafı təmin olunacaqdır. Çünki hazırda qəbul edilmiş və icra olunan proqramlar, layihələr bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır. Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının növbəti ilinin yekunlarını geniş müzakirə etdik. Yeni, inkişaf strategiyamızın həyata keçirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi imkan verdi ki, bütün regionlarda sürətli inkişaf getsin, bütün regionlar güclənsin və beləliklə ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.

Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ ki, bu fərq kifayət qədər böyükdürsə bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir.

Ancaq biz bu siyasəti davam etdirəcəyik. Regionlarda hazırda icrada olan layihələr əminəm ki, bütün bölgələrdə həm sosial, həm sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcəkdir. Elə etməliyik ki, hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə normal yaşamaq, işləmək üçün bütün şərait yaradılsın. Bir daha demək istəyirəm ki, bu məqsədlə çox genişmiqyaslı işlər görülür. Yenə də deyirəm, bu yaxınlarda regionların inkişafına dair müşavirədə bu barədə geniş müzakirələr aparıldı, təkrarlamağa ehtiyac yoxdur.

Bugünkü iclasda biz daha çox Bakı qəsəbələrinin inkişaf istiqamətlərini müzakirə edəcəyik və yeni proqramları müəyyənləşdirəcəyik.

Yenə də demək istəyirəm ki, Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün sözün əsl mənasında dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir.

Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi. Biz bəzi böyük şəhərlərin problemləri ilə tanışıq. Görürük ki, o şəhərlərdə bəzi hallarda yol hərəkəti dayanır, bir neçə saat iflic vəziyyətə düşür. Bunun qarşısının alınması üçün bir neçə il bundan əvvəl şəhərimizdə geniş yol-tikinti layihələri icra edilməyə başlamışdır.

Deyə bilərəm ki, son bir neçə il ərzində şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmişdir, yolların genişləndirilməsi layihələri icra edilmişdir. Harada ki, yollar yox idi bir çox hallarda orada yeni yollar salınmışdır. Elə bil yeni damarlar açılmışdır ki, yol hərəkəti daha da rahat olsun.

Bununla bərabər, şəhərimizdə 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş bütün keçidlər bərpa olunmuşdur və bu keçidlər bu gün memarlıq əsərləridir. Bəzilərində eskalatorlar quraşdırılıb ki, insanların rahatlığı üçün şərait yaradaq. Bütün piyada keçidlərimiz ən yüksək standartlara cavab verir. Piyada keçidlərinin inşası davam etdirilir. Həm şəhərin mərkəzində, həm də yeni yolların salınması ilə əlaqədar bu piyada keçidlərinin tikintisinə daha da böyük ehtiyac yarandı. Çünki yollar genişləndikcə, əlbəttə ki, insanların o yollardan rahat keçməsi üçün əlavə şərait yaradılmalı idi.

Bakıda bu il Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcəkdir. Bu mərkəz də dünya standartları səviyyəsində qurulur və bizə imkan verəcək ki, yol hərəkətini tənzimləmək üçün ən qabaqcıl texnologiyalardan istifadə edək. Beləliklə, şəhərdə tıxac problemlərinin həlli üçün əlavə imkanlar yaranacaqdır.

Şəhərə çoxsaylı yeni, müasir avtobuslar gətirilmişdir, yaxın zamanlarda yeni taksi maşınları gətiriləcəkdir. Yəni, biz nəqliyyat infrastrukturunun inkişafına kompleks şəkildə yanaşırıq. Hələ ki, Bakıda görüləsi işlər çoxdur. Yeni layihələr icra edilir və bütün bu layihələr bir məqsədi güdür ki, şəhərimizdə müasir tələblərə uyğun şəkildə nəqliyyat infrastrukturu yaradılsın. Deyə bilərəm ki, biz işlərin böyük hissəsini görmüşük. Növbəti illərdə qalan hissələr də təmin ediləcəkdir.

Şəhərimizdə infrastruktur layihələrinin icrası böyük səmərə verir. Xüsusilə elektrik enerjisi ilə təchizatda son illərdə böyük və əsaslı dönüş yaranmışdır, yarımstansiyalar tikilmişdir, transformatorlar təzələnmişdir və bu proses davam etdirilir. Şəhərimizi etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bu il və gələn illərdə hələ çox işlər görülməlidir. Yenə də deyirəm ki, şəhərimizin əhalisi artır və bütün infrastruktur layihələri bu artıma uyğun olmalıdır, onu qabaqlamalıdır.

Şəhərimizdə qəsəbələr daxil olmaqla qazlaşdırma prosesi uğurla gedir. Hazırda Bakı şəhərinin 97 faizi qazlaşdırılıbdır. Ancaq biz elə etməliyik ki, yaxın illərdə 100 faiz qazlaşdırmaya nail olaq. Eyni zamanda, xüsusilə qəsəbələrdə qazın təzyiqi bəzi hallarda lazımi səviyyədə deyildir. Onu da yaxşılaşdıraq ki, bu məsələ də tam şəkildə öz həllini tapsın.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində əminəm ki, yaxın zamanlarda Bakının su ilə təminatı kəskin şəkildə yaxşılaşdırılacaqdır. Yaxın zamanlarda bu kəmər tam gücü ilə çalışacaq və şəhərimizin əhalisinin 70 faizi keyfiyyətli içməli su ilə təmin ediləcək, suyun davamlı verilməsi təmin olunacaqdır. Şəhərimizin qalan hissəsinin içməli su ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Bu gün biz bu barədə danışacağıq.

İstiliklə təmin etmə üçün bir neçə il bundan əvvəl “Azəristilik” Birliyi yaradılmışdır və hər il o qurum tərəfindən müəyyən işlər aparılır, yeni evlərə, məktəblərə, digər obyektlərə istiliyin verilməsi prosesi gedir. Yaxın zamanlarda şəhərimizin və qəsəbələrin inkişafına dair qəbul ediləcək yeni proqram çərçivəsində bu məsələlər də öz həllini tapmalıdır. Burada əsas problem ondan ibarətdir ki, - Bakı sakinləri bunu yaxşı bilir, - vaxtilə istilik kəsildiyi dövrdə bəzi evlərdə, mənzillərdə istilik batareyaları kəsilib atılmışdır və indi onları bərpa etmək üçün müəyyən problemlər yaranır. Ancaq bu məsələyə də diqqətlə yanaşmalıyıq. Beləliklə, bu vacib məsələ öz həllini tapacaqdır.

Şəhərimizin abadlaşdırılması üçün son illərdə çox böyük işlər görülmüşdür. İlk növbədə, biz tarixi binaları bərpa etdik. Şəhərimizin mərkəzində demək olar ki, bütün tarixi binalar ən yüksək keyfiyyətlə, böyük zövqlə bərpa edildi. Deyə bilərəm ki, hər bir binanın bərpası xüsusi diqqət altında olmuşdur. Bu işlərə mütəxəssislər, bu işi bilən adamlar cəlb edilmişdir. Yəni, Bakının tarixi binaları bizim milli sərvətimizdir. O binaların bərpası prosesi çox uğurla başa çatdı və bu gün sanki bu binalar yenidən canlandı, onlara yeni həyat verildi. Bərpa işləri təkcə xarici görüntü ilə məhdudlaşmadı, binaların təməli də daxil olmaqla, bərpa işləri aparıldı. Binaların içində olan kommunikasiyalar, liftlər təzələndi. Binaların damları yenidən quruldu. Yəni, bu proses bu gün davam etdirilir və hazırda nəinki şəhərin mərkəzində, kənar yerlərdə də əvvəlki illərdə tikilmiş binalar bərpa olunur. Bu məqsədə çatmaq üçün böyük vəsait ayrılır və biz bunu etməliyik. Birinci, binaların tarixi görünüşünü onlara qaytarmalıyıq. Digər tərəfdən, vaxtilə tikilmiş və müddəti keçmiş binaların bərpası prosesi çox böyük əhəmiyyət daşıyır.

Şəhərimizin demək olar ki, əsas parkları yenidən quruldu. Bu parklar bu gün göz oxşayır. Həm istirahət etmək üçün gözəl şərait yaradılıbdır, həm də orada müasir standartlara uyğun xidmət göstərilir. Şəhərin mərkəzində yerləşən bütün parklar böyük zövqlə yenidən qurulub, bəzi hallarda təmir edilib, bəzi hallarda isə tamamilə yenidən qurulmuşdur. Onunla bərabər, yeni parklar salınıbdır. O yerlərdə ki, vaxtilə yararsız vəziyyətə düşmüş binalar, yaxud da hansısa obyektlər yerləşirdi. Onlar şəhərin görüntüsünü pozurdu, korlayırdı. Onlar oradan köçürüldü və yerlərində yeni parklar salındı. Xüsusilə Bakının sənaye zonalarında yeni parklar salınmış və insanların xidmətinə verilmişdir. Bu proses davam etdiriləcəkdir. Çünki vaxtilə şəhərin mərkəzində tikilmiş sənaye müəssisələrinin böyük əksəriyyəti işləmir, yaxud işləyirsə də, səmərəsi çox aşağı səviyyədədir. Biz onları tədricən köçürürük və köçürəcəyik. Şəhərin mərkəzində sənaye müəssisələri olmamalıdır. Onların yerində yeni parklar, yaşayış binaları, istirahət üçün yerlər, ictimai məna daşıyan yerlər yaradılır və bu proses uğurla gedir. Bu məsələ daim planlarımızda dayanır və növbəti illərdə yeni parkların salınması işləri aparılacaqdır.

Şəhərimizdə abadlıq quruculuq işləri çox geniş vüsət almışdır. Şəhərdə demək olar ki, bütün əsas teatrlar, bütün muzeylər əsaslı təmir edildi. Yeni muzeylər, nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi tikilir və mədəni həyatımızı zənginləşdirən digər tarixi binalar ya təmir olunur, ya da təmir olunubdur. Növbəti illərdə təmirə ehtiyacı olan bütün şəhər mədəniyyət ocaqları əsaslı təmir olunacaqdır. Şəhərimizdə möhtəşəm Heydər Əliyev Mərkəzi tikilir. Bu mərkəz artıq dünya memarlıq xəzinəsinə daxil edilibdir. Hələ ki, tikinti gedir, ancaq bu mərkəzin görüntüləri artıq ən mötəbər kataloqlarda da öz əksini tapır. Yəni bu, dünya miqyasında nadir memarlıq abidəsi olacaqdır. Eyni zamanda, mərkəzin böyük funksional mənası vardır. İndi bəziləri artıq xatırlamır ki, o yerdə vaxtilə böyük zavod yerləşmişdi. O zavodun əvvəlki adı “Şmidt”, sonra “Səttarxan” idi. Artıq yararsız vəziyyətə düşmüş zavodun ərazisində on hektarlarla torpaq sahəsi var idi. O zavod oradan köçürüldü və orada böyük bir park salınır. Şəhərin girişində müasir Azərbaycanın memarlıq simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin ətrafında doqquz hektar sahədə gözəl park salınır. Orada istirahət üçün gözəl yerlər olacaqdır. Biz bütövlükdə şəhərimizdə yeni parkların salınması ilə nəinki estetik məqsədə çatırıq, eyni zamanda, bu, şəhərimizin “ağciyərləridir”. Biz indi müəyyən layihələr üzərində işləyirik ki, şəhərin mərkəzində yeni meşə zolaqları salaq. O yerlərdə ki, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş ya sənaye müəssisələri, ya yaşayış binaları yerləşir. Oradan köçürülmə işləri aparılacaqdır. Əgər yaşayış binalarıdırsa, kompensasiya ödəniləcəkdir və bazar qiyməti ilə ödəniləcəkdir. Necə ki, bu vaxta qədər bütün kompensasiyalar bazar qiyməti ilə ödənilib və onların yerində yeni parklar, meşə zolaqları yaradılacaqdır ki, şəhərimizin ekologiyasına müsbət təsir göstərsin.

Ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görülür. Biz artıq “Avro-2” standartına keçmişik. Ancaq bu, birinci addımdır. “Avro-3”, “Avro-4” standartlarına da keçməliyik və beləliklə, şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşdırılacaqdır. Balaxanı poliqonundan şəhəri bürüyən tüstülər daha qalxmır, o, artıq yoxdur. Biz həmin zibilxananı təmizlədik, indi onun yerində böyük park salınır. Məişət tullantıları zavodu tikilir. Bu, böyük vəsait tələb edir. Bu layihə dövlət büdcəsi tərəfindən maliyyələşdirilir və yəqin ki, 1-2 ilə bu zavod da istifadəyə veriləcəkdir. Bu da dünya səviyyəsində bir zavod olacaqdır. Şəhərimizdə təkcə keçən il 3 milyon ağac əkilmişdir. İndi biz gərək o ağaclara yaxşı qulluq edək. Çünki bəzi hallarda ağaclar təbii olaraq quruyur. Ona görə suvarma işləri, ağaclara xidmət etmək üçün xüsusi tapşırıqlar verilib ki, bu proses daim nəzarətdə olsun. Bu il, ondan sonrakı illərdə bu proses davam etdiriləcəkdir. Şəhərimizdə ağacəkmə prosesi sürətlə gedəcəkdir. Mən xüsusi göstəriş vermişəm ki, boş yerlərdə, görkəmli yerlərdə yeni ağaclar əkilsin. Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaqdır. Bakını əhatə edən bu dağlar indi quru dağlardır. Amma o dağlar meşə ilə örtüləcəkdir və həm ekoloji vəziyyət yaxşılaşdırılacaq, həm də gözoxşayan bir mənzərə yaradılacaqdır.

Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilmişdir. Bulvarın 100 il tarixi vardır. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılmışdır. Bulvar genişləndi - biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər vardır. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvardadır və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox – Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar vardır. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur. Bax, bu gün bulvarın uzadılması layihəsini icra edirik - bulvar həm sağ, həm sol tərəfə uzadılacaqdır. Artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesi başlanılmışdır. Biz indi Ələtdə yeni ticarət limanı yaradırıq. İndiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaqdır və bulvar uzadılacaqdır. Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaqdır. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcəkdir. Beləliklə, - hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaqdır.

Bayraq Meydanı isə nadir memarlıq abidəsidir, müstəqilliyimizin rəmzidir. Dünyanın ən hündür və ən böyük bayrağıdır. Bu layihəyə xüsusilə böyük diqqət göstərilmişdir. Keçən ilin sentyabrında Azərbaycanda Bayraq Meydanı böyük təntənə ilə açıldı. Orada həm də muzey fəaliyyət göstərir. İndi meydanın ətrafında böyük quruculuq, abadlıq işləri aparılır. Bayraq Meydanı özü haradasa 6 hektar ərazini əhatə edir. Onun ətrafında olan yerlər 60 hektar ərazini əhatə edir və burada böyük quruculuq işləri aparılır - parklar, bulvar, istirahət, gəzinti üçün yerlər salınır. Bu layihə ümid edirəm ki, bu ilin sonuna qədər başa çatacaqdır. Ondan sonra Bayraq Meydanına gedən bütün yollar tikiləcək, yeni yollar çəkiləcək və gəzinti üçün böyük və möhtəşəm bir meydan, əgər belə demək mümkünsə, bəlkə də dünyanın ən böyük meydanı yaradılacaqdır.

Bununla bərabər, İçərişəhərdə gedən abadlıq-quruculuq işləri də hər bir Bakı sakinini sevindirir. Vaxtilə işlərin düzgün şəkildə qurulmaması ucbatından milli sərvətimiz olan İçərişəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük işlər gördük, yeni qurum yaradıldı, İçərişəhərdə təmir-bərpa işləri aparıldı. Biz nail olduq ki, İçərişəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. Bu gün həm Bakı sakinləri, həm şəhərimizə gələn qonaqlar İçərişəhərlə tanış olarkən Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər. İndi orada görülən işlər ən yüksək səviyyədədir. Özü də mən sizə deyim ki, dünyada köhnə şəhərlər, tarixi abidələr o qədər də çox deyildir. Onlar daha çox Avropa şəhərlərində vardır. Onların arasında mən deyə bilərəm ki, İçərişəhər öz gözəlliyi, səliqə-sahmanı və göstərilən xidmətləri ilə fərqlənir. Bu, bizim tariximizə, qədim mədəniyyətimizə olan münasibətimizdir. Eyni zamanda, müasir infrastrukturun yaradılması və şəhərdə quruculuq-abadlıq işlərinin aparılması gələcəyə atılan addımlardır. Bakı bu iki anlayışı özündə birləşdirir: həm qədim tarix, həm də ki, müasirlik. Eyni qaydada ölkəmiz – Azərbaycan öz müstəqil həyatını yaşayır. Dövlətimiz çox möhkəm milli mənəvi dəyərlər üzərində qurulubdur. Ancaq gələcəyə – müasirliyə, inkişafa, tərəqqiyə yönəldilibdir.

Bugünkü iclasın əsas məqsədi Bakı qəsəbələrinin inkişafını müzakirə etmək və yaxın zamanlarda qəsəbələrin inkişafına dair böyük və geniş proqram qəbul etməkdir. Bu binada - şəhər meriyasında 2005-ci ilin sonunda biz buna bənzər iclas keçirmişik. Ondan sonra 2006-cı ildə Bakının kənd və qəsəbələrinin inkişafına dair xüsusi proqram qəbul edilmişdir. O proqram artıqlaması ilə icra edilmişdir. Mən o görüşü yaxşı xatırlayıram. O vaxt Bakı qəsəbələrini təmsil edən nümayəndələr, ağsaqqallar öz fikirlərini, təkliflərini vermişdilər. Bu gün də onlar - nümayəndələr bu salondadırlar. O təkliflər və tövsiyələr əsasında proqram qəbul edildi və qəsəbələrin inkişafı üçün çox işlər görülübdür.

Ancaq yenə də deyirəm, həyat yerində durmur. Bakı şəhəri, bütün bölgələr inkişaf edir. Bölgələrin inkişafı üçün 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən konkret proqramlar vardır. Yəni, biz bilirik o sahədə nə işlər görülməlidir. Konkret icra mexanizmləri var, maliyyə təminatı və layihələr artıq mövcuddur. Bakı qəsəbələrində də buna oxşar proseslər getməlidir. Orada aparılan işlər ölkəmizin bugünkü səviyyəsinə bəzi hallarda uyğun gəlmir. Ona görə bu gün Bakı qəsəbələrinin inkişafına dair xüsusi proqram müzakirə olunacaqdır. Artıq mən tapşırıq vermişəm ki, həm yerlərdən gələn təklifər, tövsiyələr əsasında, həm də indi müvafiq dövlət qurumları təkliflərini irəli sürəcəklər, bu proqram yaxın zamanlarda qəbul edilsin.

Proqramın icrası üçün bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Düzdür, büdcəmiz formalaşıb, ancaq yəqin ki, büdcəyə düzəlişlər ediləcək və beləliklə, bu proqram da orada öz həllini tapmalıdır. Qəsəbələrin inkişafı, sosial infrastrukturun yaradılması, məktəblər, tibb ocaqları, yollar, qəsəbədaxili, qəsəbələrarası yollar, kommunikasiyalar, qazlaşdırma, içməli su layihələri – bütün bu layihələr, eyni zamanda, iş yerlərinin açılması məsələləri proqramımıza əsasən həllini tapmalıdır.

Deyə bilərəm ki, son illərdə Bakı qəsəbələrində bu istiqamətdə işlər görülübdür. Son bir neçə il ərzində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir edilibdir. Qeyd etdiyim kimi, sürətli qazlaşdırma prosesi gedir və biz bu prosesi başa çatdırmalıyıq. Qəsəbələrin inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik. Çünki Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir. Bunu etmək üçün yenə də deyirəm, maliyyə vəsaiti lazımdır – o, bizdə vardır. Siyasi iradə lazımdır – o da bizdə vardır. Artıq bizdə peşəkar kadrlar da vardır. Texnikamız, şirkətlərimiz vardır ki, bütün bu işləri onlar görə bilərlər. Bu, böyük zəhmət tələb edən iş olacaqdır. Bütün dövlət qurumları, yerli icra orqanları, bələdiyyələr, kəndlərdə, qəsəbələrdə yaşayan sakinlər – hamımız burada bir məqsədə xidmət etməliyik ki, istədiyimizə qısa müddət ərzində nail ola bilək.

Mən hesab edirəm ki, biz bu proqramı iki, maksimum üç il ərzində icra etməliyik. Mən yaxşı başa düşürəm ki, çox böyük işdir. Mənim tərəfimdən ilkin tapşırıq veriləndə alınan məlumatlar göstərir ki, əslində biz bu qəsəbələri yenidən quracağıq. Çünki orada bəzi hallarda infrastruktur bərbad vəziyyətdədir, iş yerləri məsələsi vardır. Yəni, biz bu məsələyə də diqqətlə yanaşmalıyıq. Orada orta və kiçik sahibkarlığın inkişafına dəstək verilməlidir. Yəni, 800 min əhalini əhatə edən qəsəbələrin inkişafı proqramının icrası çox böyük işdir. Ancaq biz bu böyük işləri icra etməliyik. Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir. Biz son bir neçə il ərzində dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. Bunu biz yaratmışıq. Ona görə qəsəbələrin problemlərini də özümüz həll edəcəyik. Bugünkü müşavirə, ilk növbədə bu məsələlərlə bağlıdır və bu gün biz müzakirələr aparacağıq. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44