Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində İlham Əliyevin nitqi

07 noyabr 2010, 18:05
Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində İlham Əliyevin nitqi

Bu ilin iyun və sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədov qəhrəmancasına həlak olmuşlar. Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları Vətənə qaytaraq.

Baxmayaraq ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir. Ancaq biz inanırdıq. İnanırdıq ki, biz öz övladlarımızı qaytaracağıq və bu gün gəldi.

Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur.

Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır.

Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi.

Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar.

Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Biz istəmirik ki, gənclərimiz şəhid olsun. Biz istəyirik ki, gənclərimiz yaşasınlar, oxusunlar, Vətən üçün, dövlət üçün çalışsınlar.

Hər bir döyüş bölgəsində verilmiş itki bizim üçün ağırdır. Ona görə biz çalışırıq ki, bu məsələ öz həllini sülh yolu, danışıqlar yolu ilə tapsın. Danışıqlar prosesində Azərbaycanın mövqeləri getdikcə güclənir. Nəinki siyasi və hüquqi həqiqət bizim mövqeyimizi dəstəkləyir, bu gün istənilən parametr üzrə Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Bu üstünlüyü biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən üstünlüyümüz artıq hər kəs üçün açıq-aydın görünür.

Ancaq bununla bərabər, bu gün bu şərəfli gündə bir daha bəyan etmək istəyirəm ki, biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq.

Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi vardır. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir.

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur.

İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. Heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaqdır. Bu gün məsələni həll etmək üçün bütün imkanlarımız vardır. Sadəcə olaraq çalışırıq ki, danışıqlar prosesindən maksimum dərəcədə istifadə edək. Biz istəmirik ki, müharibə olsun. Kim istəyər ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Biz bu gün bütün səylərimizi səfərbər etmişik ki, qarşıda duran vəzifəni icra edək. Bu gün şəhid övladlarımızın şücaəti, qəhrəmanlığı bir daha onu göstərir ki, biz buna qadirik.

Əziz şəhidlərimizin valideynləri, sizin üçün bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, biz hamımız Vətən uğrunda şəhid olmağa hazırıq. Təki Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!