İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

16 may 2018, 16:00
İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, ötən illə müqayisədə bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış sərgilər arasında ikinci yeri tutur. Bakı Ekspo Mərkəzinin iki zalında və kompleksin açıq platformasında yerləşən sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.

Prezident İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun stendi ilə tanış oldu. Diqqətə çatdırıldı ki, 1991-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan şirkət qida sektorunda əhəmiyyətli paya malikdir. Şirkətin zavodlarında geniş ixracat şəbəkəsi mövcuddur. Ölkə iqtisadiyyatına xeyli sərmayə qoyan “Azərsun Holdinq” bu müddət ərzində istehlakçıların rəğbətini qazana bilib.

“Grow Group Azərbaycan” şirkətinin stendi ilə tanışlıq zamanı məlumat verildi ki, istixanaların satışı və quraşdırılması sahəsində ixtisaslaşan şirkətin məhsulları ən son standartlara cavab verməklə yanaşı, tam avtomatlaşdırılmış müasir plastik və şüşə istixana komplekslərinin hazırlanmasını əhatə edir. “Grow Group Azərbaycan” 2009-cu ildən başlayaraq beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində dünyanın 80-dən çox ölkəsində müasir standartlara cavab verən məhsulları ilə diqqəti cəlb edir.

Sərgidə iştirak edən digər şirkət - “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürüb və fəaliyyətini bu istiqamətdə qurub. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bu istehsalçılardan biri də “Nyu Holland”dır. “Nyu Holland” müştərilərə məhsuldarlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsini vəd edir.

“Maschio Gaspardo” şirkəti torpaq və quruntun işlənilməsi, əkin aqreqatları, ot biçini və yığımı, gübrələrin verilməsi üçün nəzərdə tutulan kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə liderdir. Şirkət 10 iri istehsal mərkəzindən ibarətdir və dünyada bir sıra kommersiya filialları ilə təmsil olunur.

150 illik tarixə malik “Göygöl şərab zavodu” ASC Azərbaycanın ən qədim şərab emalı müəssisəsidir. 1860-cı ildə yaradılan müəssisənin 507 hektarlıq üzüm təsərrüfatı var. Zavodda istehsal olunan şərab xüsusi materialdan hazırlanan çənlərdə standartlara uyğun saxlanılır. Şirkət müxtəlif növ spirtli və alkoqolsuz sərinləşdirici içkilər istehsalı ilə bazarda önəmli yer tutur.

Sərgidə xüsusi pavilyonla təmsil olunan Gürcüstan bu beynəlxalq tədbirə öz kənd təsərrüfatı məhsullarını təşviq etmək və onların beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət verir. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bu sərgidə ilk dəfə 2015-ci ildə iştirak edib və “Ən yaxşı ölkə təqdimatı” sertifikatına layiq görülüb. Builki sərgidə Gürcüstanı 10-a yaxın şirkət təmsil edir.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ildə fəaliyyətə başlayıb. Ölkəmizdə narçılığın inkişaf etdirilməsini, narın xarici bazarlara çıxarılmasını və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsini qarşıya məqsəd qoyan assosiasiya hazırda “Made in Azerbaijan” brendi ilə məhsul istehsalını təşviq edir.

İtaliyanın “Antonio Carraro” şirkəti istehsal etdiyi kənd təsərrüfatı texnikasının satışının dünya bazarında stimullaşdırılması ilə bağlı tədbirlər görür. Bakıda keçirilən builki sərgiyə şirkətin göstərdiyi maraq da məhz bundan qaynaqlanır.

Yerli şirkətlərdən olan “Gilan Pivot” MMC-nin fəaliyyəti də maraq doğurur. Neftçala Sənaye Məhəlləsinin ərazisində yerləşən MMC-də investisiya dəyəri 1 milyon manat olan istehsal sahəsi yaradılıb. Bu müəssisədə ildə 400 ədəd suvarma sistemi istehsal edilə bilər. Bu isə 20 min hektar əkin sahəsinin suvarılması deməkdir.

Rusiyanın “Rostselmaş” şirkəti də builki sərgidə fəal iştirak edir. Eyni ad altında avadanlıq istehsal edən 13 müəssisədən ibarət olan şirkətin məhsul xəttinə 24 növ texnika və 150-dən çox model və modifikasiya daxildir.

Sərginin fəal iştirakçıları sırasında olan “Fruit Life” şirkəti Avropa İttifaqı və Yunanıstanın köməyi ilə maliyyələşdirilən kampaniyadır və Aİ standartlarına uyğun məhsulların bazara çıxarılmasını təmin edir.

Belarus Respublikası da bu sərgidə bir neçə şirkətlə təmsil olunur. “Belin-ter-ekspo” bu ölkənin milli ekspozisiya və pavilyonlarının rəsmi operatorudur. Sərgidə Belarusun kənd təsərrüfatı və qida sənayesində ixtisaslaşmış şirkətləri öz məhsullarını təqdim edir. Bura Azərbaycanda da fəaliyyət göstərən “Belaruski” ticarət şəbəkəsinin, Belarusun ən iri özəl baytarlıq preparatları hazırlayan şirkətlərindən olan “Beleko-texnika”nı daxil etmək olar.

Sərgidə Yunanıstan ayrıca stendlə təmsil olunur.

Altay diyarı Rusiyada ekoloji təmiz qida məhsullarının ən böyük istehsalçısıdır. Sərgidə ayrıca stendi olan bu diyarın məhsulları ixrac üçün nəzərdə tutulub və bütün beynəlxalq tələblərə uyğundur.

2016-cı ildən fəaliyyətə başlayan “Balxurma” müəssisəsi quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən müəssisədir.

Avropa bazarında kifayət qədər tanınan Latviya Mərkəzi Südçülər Assosiasiyasının “Milk-river” kampaniyasının məqsədi Aİ ölkələrində istehsal olunan süd məhsullarının rəqabətqabiliyyətliliyinin təşviqi və ABŞ, Birləşmiş Ərəb Əmirliyi, İsrail, Azərbaycan və Çin kimi ölkələrdə bazar payının artırılmasıdır.

İtaliya builki sərgidə bir çox şirkətlə təmsil olunur. Dünyada kənd təsərrüfatı sahəsində məşhur olan İtaliya şirkətləri sərgidə öz kənd təsərrüfatı texnikalarını və məhsullarını təqdim edirlər. Bu ölkənin stendində qida məhsullarının emalı, soyuducu, yuyucu, təmizləyici avandanlıq istehsalı üzrə ixtisaslaşan italyan şirkətləri barədə də geniş məlumat almaq mümkündür.

Türkiyə həmişəki kimi, sərgidə daha çox şirkətlə təmsil olunan ölkələrdən biridir. Qardaş ölkə builki sərgiyə kənd təsərrüfatının və qida sənayesinin bir çox spektrlərini əhatə edən şirkətlərin məhsullarını çıxarıb. Plastik qablaşdırma sahəsində ixtisaslaşan Türkiyənin “Polipa” şirkətinin məhsulları sərgidə xeyli maraq doğurub. “Tekno-Ser” şirkəti isə irriqasiya və istixana komplekslərinin geniş çeşidini təqdim edir.

Sərginin “Holland pavilyonu”nda Niderland Krallığının kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən bir neçə şirkəti təmsil olunur. Onlar öz məhsullarını sərgi ziyarətçilərinə təqdim edirlər.

“ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək olan ABAD mərkəzlərinin yaradılması istiqamətində görülən işlər artıq öz bəhrəsini verib. Ailə biznesini dəstəkləyən bu mərkəzlər istehsal olunan məhsulların ölkədə və xaricdə satışını həyata keçirməyə xidmət edir.

Fəaliyyət göstərdiyi sahədə vahid dövlət siyasətinin hazırlanmasını və reallaşdırılmasını təmin edən Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını və digər funksiyaları həyata keçirir. Əsas diqqət genetik seleksiyaya məruz qalmış məhsulların istehlakdan kənarlaşdırılmasıdır.

Yerli “AMORİS” Məhdud Məsuliyyətli Cəmiyyəti meyvə və tərəvəz məhsullarının yetişdirilməsi sahəsində ixtisaslaşıb. Çoxillik təcrübəyə malik olan şirkət yeni bitki növlərinin yetişdirilməsi və “BİS” markası altında müştərilərə çatdırılmasını qarşıya hədəf qoyub.

Litvanın “Svalya” şirkəti Baltikyanı regionda aparıcı mövqe tutur. Avropa İttifaqı və MDB məkanında böyük nüfuz qazanan şirkət süd və süd məhsullarının geniş çeşidinin istehsalı ilə məşğuldur.

Kənd təsərrüfatı texnikalarının ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də sərgi kompleksinin açıq platformasında yerləşir.

Sərgidə ölkəmizin kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan heyvandarlıq sahəsindəki nailiyyətləri də nümayiş olunur. “Gilan Kənd Təsərrüfatı” şirkətinin fəaliyyəti və şirkətin müəssisələrində yetişdirilən heyvan cinsləri məhsuldarlığı ilə diqqəti cəlb edir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin məqsədi kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki bazasını yaratmaq, sahibkarları lizinq yolu ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma sistemi ilə təmin etmək, məhsul istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə güzəştli qiymətlərlə aqroservis xidmətlərini göstərməkdir.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KAMAZ yük avtomobilləri, avtomobil kranları, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar və digər məhsulları ilə Azərbaycan və xarici bazarda böyük nüfuz qazanıb.

İtaliyanın “Landini” şirkəti də kənd təsərrüfatı traktorlarının geniş çeşidini təqdim edir. Müəssisənin Almaniya, Fransa, Cənubi Afrika, Kanada və ABŞ-da filialları fəaliyyət göstərir.

Prezident İlham Əliyev adları yuxarıda qeyd olunan şirkətlərin və ölkələrin stendləri ilə tanış oldu.

Beləliklə, “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün növbəti görüş yerinə çevrildi.

Hər iki sərgi keçirildiyi illər ərzində özünü qida sənayesi üzrə avadanlığın, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub.

Sərgi mayın 18-dək davam edəcək.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07