Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb

06 iyul 2024, 14:03
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb

Xəbər verdiyimiz kimi, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün
Qarabağ Bəyannaməsi

Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir.

Görüşə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ev sahibliyi etmişdir. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak etmişlər.

Türk Dövlətləri Təşkilatının dövlət başçıları,

Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək;

Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq;

Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq;

2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyini dəyərləndirərək;

TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq;

Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək;

Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək;

Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək;

Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək,

Bəyan etdilər ki, onlar:

1. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar;

2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar;

3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər;

4. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar;

5. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar;

Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar;

6. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər;

7. Bütün TDT regionunda beynəlxalq ticarətin, investisiya və tranzit potensialının artırılmasına da töhfə verəcək Qırğız Respublikasının Nazirlər Kabineti, Çin Xalq Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2024-cü il iyunun 6-da imzalanmış Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşviqi istiqamətində birgə əməkdaşlıq üzrə tarixi Sazişi alqışlayırlar;

8. Regional ticarət həcminin davamlı artdığını məmnunluq hissi ilə qeyd edirlər, qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensialına çatdırılması üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəlirlər, beynəlxalq öhdəliklərə riayət etməklə ticarətdə texniki maneələrin aradan qaldırılmasının və DEPA (Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi) mətni üzrə müzakirələrin tamamlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayırlar;

9. İqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyini vurğulayırlar;

10. Günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirməklə dayanıqlı inkişafın təşviq edilməsi və rəqəmsal infrastruktur, ictimai xidmətlər və dayanıqlı təcrübələrin təkmilləşdirilməsi yolu ilə həyat keyfiyyətini yaxşılaşdırmaq, iqtisadi artımı gücləndirmək, iqlim fəaliyyətini dəstəkləmək üçün türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafını təşviq edir və bu xüsusda TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması üzrə müzakirələrin aparılması təşəbbüsünü irəli sürürlər;

11. Bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar;

12. Türk dövlətlərində bərpaolunan geniş enerji potensialından, üzv dövlətlər arasında və üçüncü ölkələrə bərpaolunan mənbələrdən də daxil olmaqla elektrik enerjisinin ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişafı imkanlarının istifadəsi məqsədilə onların enerji sistemləri arasında enerji inteqrasiyası və qarşılıqlı əlaqəsi üzrə sıx əməkdaşlığa çağırırlar;

13. Təcrübələrin ötürülməsi məqsədilə TDT üzvlərinin aidiyyəti qurumları arasında ticarət, enerji, nəqliyyat kimi ümumi maraq doğuran sahələrdə institusional quruculuq mexanizminin (Tvinninq) inkişafını təşviq edirlər;

14. TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsini alqışlayırlar;

15. Rəqəmsal hökumət (e-Hökumət) infrastrukturlarının daha da inkişaf etdirilməsi üzrə türk dövlətləri arasında əməkdaşlıq və mübadilələri; elektron sənəd mübadiləsi üçün e-imza/rəqəmsal imza mexanizmlərinin uyğunlaşdırılmasını və onlayn dövlət xidmətlərinin inteqrasiyasını; kiberinsidentlərə və kiberhücumlara qarşı ümumi kibertəhlükəsizliyin qorunması tədbirlərini; süni intellekt üzrə siyasətlərin, təlimatların və tərəfdaşlıqların qurulmasını; məlumat mərkəzlərinin və bulud infrastrukturlarının yaradılması üzrə siyasət və ən yaxşı təcrübələrin inkişaf etdirilməsini təşviq edirlər;

16. Süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük dil modelinin yaradılmasının və mədəniyyətlərarası ünsiyyəti asanlaşdırmaq, təhsil platformalarını inkişaf etdirmək, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadi inteqrasiyanı təşviq etmək üçün böyük dil modeli formasında ümumi platformadan istifadənin vacibliyini qeyd edirlər;

17. Milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə kosmik layihələrin birgə inkişafı üçün səylərin birləşdirilməsinin, texnoloji inkişaf səviyyəsinin və birgə layihələrin rəqabət qabiliyyətinin artırılması üçün kosmik texnologiyalar sahəsində kompleks inkişafın vacibliyini qeyd edirlər;

18. İqlim dəyişikliyi çağırışlarına regional və qlobal reaksiyanın gücləndirilməsi üçün ətraf mühitin mühafizəsi və iqlim gündəliyi sahəsində əməkdaşlıq etmək məqsədilə üzv və müşahidəçi dövlətlərin müvafiq orqanlarının əməkdaşlıq mexanizminin yaradılması ilə bağlı Katibliyə tapşırıq verirlər;

19. 2023-cü ildə Astana Zirvə görüşündə bəyan edilmiş, nazirlər səviyyəsində daimi Türk Ekoloji Forumunun yaradılması ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsünü və onun Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 2024-cü il noyabrın 11-22-də Bakının ev sahibliyi edəcəyi 29-cu sessiyası (COP29) çərçivəsində keçirilməsi nəzərdə tutulan ilk iclasını alqışlayırlar;

20. 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər;

21. BMT-nin İqlim Dəyişmələri Konfransının illik təqvimində “Dağlar və İqlim” adlı yeni qlobal dialoqun yaradılması təşəbbüsünün təşviqində iştirak etməyə hazır olduqlarını bildirir və “Dağ gündəliyinin irəlilədilməsi üçün fəaliyyətə çağırış: UNFCCC çərçivəsində əsas dağlar” sənəd layihəsinə qoşulmağı nəzərdən keçirirlər;

22. Qazaxıstanın 2026-cı ildə BMT və beynəlxalq təşkilatların himayəsi altında Regional İqlim Sammitinə ev sahibliyi etmək təşəbbüsünü alqışlayırlar;

23. 2024-cü il avqustun 9-da Astanada Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının 6-cı Məşvərət Görüşünün keçirilməsində Qazaxıstan Respublikası Hökumətinə uğurlar arzulayırlar;

24. Üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətlərini bir daha vurğulayır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verirlər;

25. Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edir və mülki əhalinin seçimsiz hədəfə alınmasını qınayır; dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırırlar;

Paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir, Fələstin Dövlətinin BMT-yə üzvlüyə yararlı olduğunu və buna görə də onun BMT-yə üzvlüyə qəbul edilməli olduğunu müəyyən edən BMT Baş Assambleyasının 2024-cü il 10 may tarixli qətnaməsinin qəbul olunmasını məmnuniyyətlə alqışlayır; habelə bunu etməyən bütün ölkələri Fələstin Dövlətini tanımağa çağırırlar;

26. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələrini alqışlayırlar;

27. Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlığı və artan sinerjini təqdir edirlər;

28. Qırğız Respublikası 2024-cü il oktyabrın 24-də Bişkekdə TDT-nin 11-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq etdi;

29. Hökumət Başçıları/Vitse-Prezidentlər Şurasına dair Qırğız Respublikasının təklifini nəzərə alırlar;

30. Türk dünyasının nizamnaməsi ilə bağlı Özbəkistan Respublikasının təşəbbüsünü dəstəkləyir və Katibliyə Bişkekdə keçiriləcək növbəti Zirvə görüşündə qəbul edilməsi üçün sənəd layihəsinin yekunlaşdırılması tapşırığını verirlər;

31. TDT çərçivəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətli mərhələsi kimi Macarıstanın Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişə qoşulmasını alqışlayırlar;

TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər.

TDT-nin Baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilir.

2024-cü il iyulun 6-da Şuşa şəhərində Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz”.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00