Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

14 aprel 2013, 14:20
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik.

Keçən ilin yekunları çox müsbət idi. Keçən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edirdi. Ölkə qarşısında duran bütün əsas vəzifələr icra edilmişdir. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan işlər də yüksək səviyyədə idi. Yəni, keçən ilin yekunları bu ilin inkişafına da möhkəm zəmin yaratmışdır.

Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaqdır.

Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir.

Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Çünki əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, 1990-cı illərin ortalarında başlamış neft strategiyamız ölkə iqtisadiyyatına böyük təkan vermişdir və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz artması özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır.

Makroiqtisadi göstəricilər də çox müsbətdir. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Keçən il inflyasiya 1,1 faiz idi. Keçən ilin yekunlarını müzakirə edərkən mən qeyd etmişdim ki, bu il də inflyasiya birrəqəmli olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır – 1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi sabitlik üçün çox önəmli olan bir məsələdir. Eyni zamanda, daim qeyd etdiyim kimi, bizim bütün məqsədlərimizin mərkəzində insan amili dayanır. İnflyasiyanın aşağı səviyyədə saxlanması əlbəttə ki, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir.

Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olmuşdur. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatlarımız da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi gedir. Maaşlar və pensiyaların məbləği artırılacaqdır və daim artırılır. Buna baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı yenə də artıra bilirik.

Xərclər də kifayət qədər çoxdur. Xərclər əlbəttə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Ancaq əvvəlki dövrlərdə qarşıya hədəf qoyulmuşdur ki, biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmalıyıq və bunu edirik. Bu göstəriciyə, xüsusilə adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram bu il başa çatacaqdır. Əminəm ki, proqram artıqlaması ilə icra ediləcəkdir. Çünki son illər ərzində proqrama əlavələr edilmişdir, yeni proqramlar qəbul olunmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.
Regionlarda quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır. Hesab edirəm ki, 2013-cü ildə bu istiqamətdə əsas məsələlər öz həllini tapacaqdır. Sosial infrastrukturun modernləşdirilməsi və yenidən yaradılması ilə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət büdcəsində bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulur və vaxtaşırı Prezidentin ehtiyat fondundan bu məqsədlərə əlavə vəsait ayrılır. Deyə bilərəm ki, iki regional inkişaf proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir. Əgər 2004-cü ildə birinci proqram qəbul olunmasaydı, indi hazırda şaxələndirilmiş iqtisadiyyatdan söhbət belə gedə bilməzdi.

Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur.

İslahatların davam etdirilməsi əlbəttə ki, inkişafımızı daha da gücləndirəcəkdir. Ancaq yenə də deyirəm, çox əlamətdar haldır ki, beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə əsas reytinq agentlikləri “Standard & Poor's”, “Fitch” və “Moody's” Azərbaycanın kredit reytinqini artırmışlar. Bunlardan yuxarı reytinq agentlikləri yoxdur. Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.

Deyə bilərəm ki, Davos İqtisadi Forumu dünya miqyasında bir nömrəli beynəlxalq Forumdur. Bu Forumun, əlbəttə, həm siyasi, həm iqtisadi istiqaməti vardır. Azərbaycan bu Forumun fəal iştirakçısıdır və bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, böyük uğurla keçirilmişdir. Forumda səslənən fikirlər, o cümlədən Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı səslənən fikirlər çox müsbət idi. Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir.

Yəni, iqtisadi islahatlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Hazırda ümumi daxili məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır.

Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq mühasibat və beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses də gedir, daha da sürətlə getməlidir. Dövlət şirkətləri, yəni, strateji, ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri də korporativ üsul-idarə ilə idarə edilməlidir və bir daha demək istəyirəm ki, bu istiqamətdə son illər ərzində böyük nailiyyətlər müşahidə olunur.

Sosial məsələlərin həllinə gəldikdə, qeyd etdiyim kimi, bu məsələlər də həmişə olduğu kimi, bizim üçün prioritetdir.

Əgər belə olmasaydı, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşməzdi. Bu da neft-qazla zəngin olan ölkələr üçün, deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır.

Sosial məsələlərin həllinə gəldikdə, - mən sosial infrastruktur layihələrini qeyd etmək istəyirəm, - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq.

Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır. Sosial məsələlərin həllində əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş vermişdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcəkdir.

Bütün mənzillər yüksək keyfiyyətlə tikilmişdir, bütün infrastruktur - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, su, qaz, işıq, bütün digər infrastruktur layihələri nəzərdə tutulur. Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılmışdır. Artıq Prezidentin ehtiyat fondundan müəyyən məbləğ ayrılmışdır və istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaqdır. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlamışdır, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və “fin qəsəbəsi” anlayışı “çadır şəhərciyi” anlayışı kimi birdəfəlik aradan götürüləcəkdir.

Amma bilirik ki, hələ də çətin, ağır vəziyyətdə yaşayan köçkünlər var – məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, hərbi hissələrin ərazilərində. Onların köçürülməsi də təmin ediləcəkdir. Bu il və gələn il, ondan sonrakı illərdə bu məsələ həm bizim büdcəmizdə, Dövlət Neft Fondunun büdcəsində və ümumiyyətlə, Azərbaycanda diqqət mərkəzində olacaqdır.

O ki qaldı beynəlxalq məsələlərin təhlilinə, deyə bilərəm ki, Azərbaycan öz beynəlxalq mövqelərini bu ilin əvvəlində də möhkəmləndirə bilmişdir. Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir. Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə gün bundan əvvəl MDBMİ-nin forumunda mən Azərbaycanın rəsmi mövqeyini bir daha bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir.

Bununla bərabər, biz bundan sonra da öz gücümüzü – siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bununla bərabər, bir daha demək istəyirəm ki, biz münaqişə dövründə çox fəal işləmişik. Biz münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişik. Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq. Biz ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Baxın, şəhərimizdə, ölkəmizdə nə qədər beynəlxalq tədbir keçirilir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilibdir. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir.

Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu Forum məhz Bakıda keçirilibdir. Yəni, beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir.

Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. Bu da reallıqdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir. Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir. Yəni, budur bugünkü Azərbaycan.

Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır.

Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir - həm siyasi, iqtisadi, həm energetika, mədəniyyət sahələrində. Ölkəmizin dünya mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq reytinq agentliklərinin qiymətləri, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz bu inkişafın göstəricisidir. Ona görə bir daha demək istəyirəm ki, xarici siyasətlə bağlı biz bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq.

Xarici siyasətlə bağlı bizim prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Əsrlər boyu Azərbaycan başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Əsrlər boyu biz müstəqillikdən məhrum idik. Azərbaycanda gedən proseslər başqa mərkəzlərdən idarə edilirdi. 21 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Bundan böyük dəyər ola bilməz. Biz sözün əsl mənasında, müstəqil dövlətik. Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır.

İqtisadi sahədə aparılan islahatlar, eyni zamanda, sosial məsələlərin həlli bizi gücləndirir. İmkan verir ki, biz dünya miqyasında öz sözümüzü deyək. Ona görə biz iqtisadi məsələlərin həlli ilə bağlı həm proqramlar qəbul etmişik, həm də ölkədə gedən quruculuq işlərinə mütəmadi qaydada qiymət veririk. 

SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
16:02
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində...

27 dekabr 2024, 16:02
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:20
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...

27 dekabr 2024, 13:20
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
13:18
“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının...

27 dekabr 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:16
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli...

27 dekabr 2024, 13:16
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:12
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət Sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli...

27 dekabr 2024, 13:12