17:00
Hörmətli tədbir iştirakçıları!
Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.
Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.
Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.
Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.
Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.
İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.
Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2025-ci il
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü,...
07 noyabr 2025, 19:13Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən...
07 noyabr 2025, 19:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş...
07 noyabr 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr...
07 noyabr 2025, 16:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti...
07 noyabr 2025, 16:00