Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcər ilk dəfə 1930-cu il avqustun 8-də inzibati rayon statusu almışdır. Dağlıq relyefə malik olan Kəlbəcər çox sayda mineral su qaynaqları, axar çaylar və faydalı qazıntılarla zəngindir.
Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Kəlbəcərdəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.
1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunda çoxsaylı tarixi abidələr məhv edilmiş, zahiri görkəmi süni şəkildə dəyişdirilərək özünküləşdirilmiş, sosial infrastruktur və inzibati binalar dağıdılmışdır.
44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində Kəlbəcər 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 25-də işğaldan azad edilmişdir. Məhz bu gün – 25 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Kəlbəcər şəhəri günü kimi qeyd edilir.
Hazırda dövlət başçısının xüsusi diqqəti nəticəsində işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də vüsətli bərpa-quruculuq işləri həyata keçirilməkdədir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşmüş, onlara yeni mənzillərin açarlarını təqdim etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə ilk səfərləri çərçivəsində “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmişlər. Dövlət başçısı Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış olmuş, Kəlbəcər-Laçın avtomobil yolu üzərində yaradılacaq 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoymuşdur.
Dövlət başçısının tapşırığına əsasən, bu günədək Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası istismara verilmişdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları istismara verilmişdir.
Dövlət başçısı Kəlbəcər rayonunun Yanşaq, Zallar və Zar kəndlərinin, habelə İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində birinci və ikinci yaşayış komplekslərinin, inzibati binanın və məktəb binasının təməllərinin qoyulması, “İstisu” mineral su zavodunun açılış mərasimlərində iştirak etmişdir.
Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hər bir rayonun ixtisaslaşma sahəsinə uyğun olaraq inkişafının təmin edilməsi istiqamətində geniş işlər görülür. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı edilmir “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” artıq fəaliyyətə başlamışdır.