Xankəndi Azərbaycanın nisbətən gənc şəhərlərindən biridir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Qarabağ xanlığının digər vacib şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və başqalarına yaxın olması da əsas götürülərək Xankəndi xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınmışdır. Bu yeni yaşayış məskənində Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi yalnız yerli əhali - azərbaycanlılar yaşamışlar.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, tarix saxtakarları şəhəri Azərbaycan xalqına qarşı soyqırım törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə bağlayaraq, özününküləşdirməyə çalışmışlar. Bununla kifayətlənməyərək, saxtakarlar Xankəndinin zəngin tarixi və mədəni irsini məhv etməyə cəhd göstərmişlər. Tarix boyu Xankəndinin qədim abidələri sökülərək yeni yaşayış binaları tikilmiş, şəhərdəki XVIII-XIX əsrə aid evlərin və inzibati binaların xarici interyerləri dəyişdirilərək tanınmaz hala salınmışdır.
Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmişdir. 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xankəndi şəhəri günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev Xankəndi şəhərinin inkişafını daim xüsusi diqqətdə saxlamışdır. Xankəndidəki binaların əksəriyyəti məhz Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə inşa edilmişdir.
Ölkəmizin suverenliyi tam bərpa edildikdən sonra Xankəndi şəhərində tariximizin qızıl səhifələrinə yazılacaq ardıcıl hadisələr baş vermişdir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmiş, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu baş tutmuşdur. 2024-cü il fevralın 7-də müstəqil Azərbaycan tarixində ilk dəfə Qarabağda, məhz Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilmişdir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, regionun inkişafı ilə bağlı çoxşaxəli işlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 1 nömrəli körpələr evi-uşaq bağçasının, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı edilmişdir.
İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafında və yüksək səviyyəli peşəkar kadrların hazırlanmasında aparıcı rol oynayan Qarabağ Universiteti yenidən fəaliyyətə başlamış, əsas binası və tələbə yataqxanası əsaslı təmir edilmişdir. Universitetin Biznes və İqtisadiyyat fakültəsinin yeni inşa edilmiş binası istifadəyə verilmişdir. Eyni zamanda, yeni dövrün çağırışlarına uyğun olaraq peşəkar tibb mütəxəssislərinin hazırlanması məqsədilə Qarabağ Universitetinin Klinikası fəaliyyətə başlamışdır.
İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və yenidən qurulması üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə dövlət başçısı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin yenidən qurulması istiqamətində görülmüş işlərlə tanış olmuş və həmin qəsəbənin sakinləri ilə görüşmüşdür.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya istismara verilmişdir.
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Prezident İlham Əliyev tərəfindən əsaslı təmir və bərpadan sonra açılışı edilmiş “Bulud” hoteli və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər çərçivəsində geniş işlər görülür. Prezidenti İlham Əliyev tərəfindən açılışı edilmiş Xankəndi Konqres və “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes mərkəzləri burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın tarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Zəfər parkının açılışında iştirak etmişlər. Zəfər parkı Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və faydalı şəkildə təşkil etməyə xidmət edəcək.