Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə

21 iyul 2026, 09:34

Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2026-cı il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55