Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 iyul 2024, 15:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

1.2. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

2. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli, 30 may tarixli 77 nömrəli və 11 iyun tarixli 94 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissə və 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.1.2. idarəetmə orqanlarının yaradılması;

3.1.3. Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.1.4. yenidən təşkili və ləğvi;

3.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

3.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”;

“4.1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;”;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” aşağıdakı redaksiyada verilsin:

 

“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. dövlət qulluğu üçün kadrların seçilməsi üzrə imtahanlar təşkil etmək;

2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirmək;

2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas (baza ali) təhsil və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunu həyata keçirmək;

2.1.4. normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil etmək;

2.1.5. fəaliyyət göstərdiyi sahələrin inkişafını təmin etmək;

2.1.6. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.4. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirmək;

3.1.5. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək;

3.1.6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanları keçirmək;

3.1.7. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat vermək;

3.1.8. “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, müstəqil ekspert sertifikatının verilməsi məqsədilə imtahanlar keçirmək və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat vermək;

3.1.9. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi hazırlığın və tədrisin nəticələrinə dair qiymətləndirməni həyata keçirmək və müvafiq sənəd vermək;

3.1.10. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarını keçirmək və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə ixtisas şəhadətnaməsi vermək;

3.1.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirmək;

3.1.12. yekun attestasiyanın təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək;

3.1.13. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlamaq və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq etmək;

3.1.14. ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmək;

3.1.15. təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan etmək, sənəd qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək, sənəd qəbulunu təşkil etmək;

3.1.16. tələbə qəbulu ilə bağlı bütün təşkilati və metodik işləri aparmaq, proqram və texniki təminatı layihələndirmək və tətbiq etmək;

3.1.17. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;

3.1.18. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə, dövlət qulluğuna qəbulla və inzibati vəzifələrin tutulması ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim etmək;

3.1.19. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaratmaq və onların fəaliyyətinə nəzarət etmək;

3.1.20. abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası zamanı yol verilmiş pozuntu hallarının aradan qaldırılması ilə bağlı təqdimat vermək və pozuntu halları barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək;

3.1.21. müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırmaq və onların təhlilini aparmaq;

3.1.22. peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş şəxslərin uçotunu elektron qaydada aparmaq;

3.1.23. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vəsaitlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirmək;

3.1.24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək;

3.1.25. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq etmək, inzibati vəzifələrin tutulması üzrə müsahibə proqramlarının hazırlanmasında iştirak etmək və təsdiqinə razılıq vermək, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını rəsmi internet saytında yerləşdirmək;

3.1.26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxslərə sertifikat vermək, habelə verdiyi sertifikatların uçotunu aparmaq;

3.1.27. 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatlarının təsdiqinə razılıq vermək;

3.1.28. dövlət orqanları tərəfindən müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) rəsmi internet saytında yerləşdirilməsini təmin etmək;

3.1.29. müsahibədə, o cümlədən daxili və ümumi müsahibədə iştirak üçün müraciət etmiş namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğunu yoxlamaq;

3.1.30. müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin dövlət orqanlarına təqdim olunmasını təmin etmək;

3.1.31. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət orqanının yaratdığı müsahibə komissiyasının tərkibinə nümayəndələr təqdim etmək;

3.1.32. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil etmək;

3.1.33. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaratmaq;

3.1.34. buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq, nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmək;

3.1.35. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək, bu barədə hesabat hazırlamaq və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına təqdim etmək;

3.1.36. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;

3.1.37. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək, bu barədə məlumatları ümumiləşdirmək, araşdırmalar aparmaq, tövsiyələr hazırlamaq;

3.1.38. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul etmək, daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərmək;

3.1.39. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına məlumat vermək;

3.1.40. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları barədə maarifləndirmə işi aparmaq;

3.1.41. dövlət qulluqçularının reyestrinin aparılmasını və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin etmək;

3.1.42. fəaliyyət istiqamətləri üzrə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək;

3.1.43. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.44. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.45. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəz əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.46. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.47. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.48. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.49. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.50. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.51. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətləri üzrə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.52. fəaliyyət istiqamətlərinə uyğun olaraq peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.53. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. fəaliyyət istiqamətləri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası ilə razılaşdırmaqla, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq, habelə dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;

3.2.4. ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşması, korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə, rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün isə idarəetmə və komanda qurmaq və s. məsələlər üzrə təlim kursları təşkil etmək;

3.2.5. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını, dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı tələb etmək;

3.2.6. müxtəlif qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik səviyyəsini qiymətləndirmək;

3.2.7. ödənişli əsaslarla sınaq imtahanları keçirmək, ödənişli elektron xidmətlər göstərmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək;

3.2.8. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək, rəsmi internet səhifəsində yerləşdirmək və ya dərc etmək;

3.2.9. yaradılmış test bankının mütəmadi təftişini aparmaq;

3.2.10. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə, o cümlədən beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, beynəlxalq imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.12. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə analitik materiallar hazırlamaq;

3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.16. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.17. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.18. çap mediası subyektini təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.19. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

4.3. Mərkəzin Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.7. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə Mərkəzin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək.

4.8. Şuranın sədri ildə azı dörd dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və sədrin 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

4.21. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.22. İdarə Heyətinin iclasları ayda azı iki dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında qərarlar, hər üzvün bir səsi olmaqla, sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

4.23. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.23.1. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.23.2. Şuranın qərarlarını icra etmək;

4.23.3. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.23.4. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.23.5. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.23.6. bu Nizamnamənin 3.1.47-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.23.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.23.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.23.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.23.10. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.24. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.24.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.24.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.24.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.24.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.24.5. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.24.6. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.24.7. özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.24.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.24.9. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.24.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.24.11. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.24.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.24.13. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.24.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.24.15. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.24.16. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.25. İdarə Heyətinin üzvləri:

4.25.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.25.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.25.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.25.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;

4.25.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.26. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondunun məbləği 1 (bir) milyon manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 94-3.3-cü maddəsinə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 50.2-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq Mərkəz tərəfindən göstərilən xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti təsisçi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 29 dekabr 2024
17:52
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan...

29 dekabr 2024, 17:52
SƏNƏDLƏR Sərəncamlar 29 dekabr 2024
17:50
Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Naxçıvan...

29 dekabr 2024, 17:50
SƏNƏDLƏR Qanunlar 29 dekabr 2024
17:39
“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun...

29 dekabr 2024, 17:39
SƏNƏDLƏR Fərmanlar 29 dekabr 2024
17:38
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

29 dekabr 2024, 17:38
SƏNƏDLƏR Qanunlar 29 dekabr 2024
17:37
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan...

29 dekabr 2024, 17:37