Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib

11 mart 2024, 13:20
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli qonaqlar.

Əziz dostlar.

Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Biz indi çox maraqlı söhbət etdik, gündəliyin ikitərəfli və regional problematikası üzrə bir çox məsələləri müzakirə etdik. İndi Dövlətlərarası Şuranın birinci iclasına başlayırıq. Şuranın yaradılması qərarı özlüyündə tarixidir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Hesab edirik ki, səfərin nəticələri və Dövlətlərarası Şuranın iclası bir çox hallarda münasibətlərimizin gələcək gündəliyini müəyyən edəcək.

Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.

Qazaxıstanın uğurları bizi sevindirir. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik.

Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.

Həmçinin bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürümü bildirdim. Sabah biz dostluğumuzun da mərkəzi olacaq bu Mərkəzin açılışını edəcəyik.

Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir.

Bugünkü gündəliyimizdə çoxlu mövzular var. Nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələləri aydınlaşdırmaq üçün nümayəndə heyətinin üzvlərinə söz verəcəyik. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Bu yaxınlarda Astanada keçirilmiş Hökumətlərarası Komissiyanın iclası Sizin dövlət səfərinizə hazırlıq xarakteri daşıyırdı. Bu səfəri məzmunca zənginləşdirmək və sonradan onların reallaşdırılmasına nəzarəti asanlaşdırmaq üçün ona çox ciddi hazırlaşırdıq. Zənnimcə, biz müvafiq tapşırıqlar verəcəyik və razılaşmalarımızın necə həyata keçirilməsi haqqında müntəzəm məlumat alacağıq.

Hörmətli Kasım-Jomart Kemeleviç, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam.

x x x

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

- İlham Heydər oğlu, Qazaxıstanın ünvanına xoş sözlər söylədiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə, istərdim ki, bizə göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirim və fürsətdən istifadə edərək, Sizi prezident seçkilərində çox böyük inamlı qələbə münasibətilə bir daha təbrik edim. Bu qələbə yüksək etimadın, Sizin strateji kursunuza ümumxalq dəstəyinin göstəricisidir. Siz Azərbaycan xalqının hər kəs tərəfindən qəbul olunan liderisiniz və Sizi beynəlxalq arenada məhz bu cür qəbul edirlər.

Eyni zamanda, Sizin də doğru qeyd etdiyiniz kimi, Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik. Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq.

Qazaxıstan-Azərbaycan münasibətlərinə gəldikdə, biz ilk dəfədir ki, Ali Dövlətlərarası Şuranın iclasını keçiririk. Ümumilikdə, bu da tarixi hadisədir. Elə indicə biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar.

Əməkdaşlığın və qarşılıqlı fəaliyyətin, təmasların səviyyəsi kifayət qədər yüksəkdir. Bu gün Sizin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, Mərkəzi Asiya Dövlətləri liderlərinin Məşvərət görüşündə iştirakınızın nəzərdə tutulduğu və ya planlaşdırıldığı barədə danışdıq.

Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyimlə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edirəm. Əlbəttə, COP29 sammiti – bu da ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib.

Biz Qazaxıstanın və Azərbaycanın Xəzər dənizi üzrə qonşu dövlətlər olması və bunun, təbii ki, qarşılıqlı münasibətlərimizə xüsusi xarakter verməsi barədə danışdıq. 2020-ci ildən Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi beş dəfə artıb. Əlbəttə, mütləq rəqəmlər o qədər də böyük təəssürat yaratmaya bilər. Bu sahədə işlər davam etdirilməlidir. Ölkələrimiz böyük iqtisadi potensiala malikdir və düşünürəm ki, növbəti uğurlar çox da uzaqda deyil. Biz bu gün nəqliyyat və logistikadan tutmuş rəqəmsallaşma məsələlərinə qədər, hələ neft və qaz və digərlərini demirəm, müxtəlif məsələlərdən danışdıq.

Məmnunam ki, biz beynəlxalq arenada da uğurla əməkdaşlıq edirik. İstər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz uğurlu qarşılıqlı fəaliyyət göstərirlər. Zənnimcə, bu xətt davam edəcəkdir.

Müqəddəs şəhərlər olan Türküstan və Şuşa, həmçinin Uralsk və Mingəçevir, Şımkent və Gəncə arasında qardaşlıq münasibətlərini müsbət nöqteyi-nəzərdən qeyd etmək istəyirəm.

Ümumilikdə, mən ölkələrimiz arasında mədəni əlaqələrə də böyük diqqət yetirirəm. Bu, xalqlarımızın yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir. Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik.

Ötən il Azərbaycanda Mədəniyyət Günləri böyük uğurla keçirildi və Sizin də dediyiniz kimi sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu da qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın rəmzi olacaq.

Daha, necə deyərlər, əlavə ediləcək heç nə yoxdur, çünki artıq həqiqətən də əməkdaşlığımızın gündəliyində mövcud olan bütün məsələlərdən danışdıq. Təklif edirəm ki, Şuranın iclasına başlayaq.

Prezident İlham Əliyev:

- Kasım-Jomart Kemeleviç, çox sağ olun. Gündəlikdə artıq bir neçə məsələmiz var. İqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07