Azərbaycanın yəhudi icmasına

14 sentyabr 2023, 14:30

Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.

Əziz dostlar!

Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 20 sentyabr 2023
15:32
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğvi və “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv...

20 sentyabr 2023, 15:32