Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına

04 iyul 2023, 18:00

Hörmətli konfrans iştirakçıları!

Konstitusiya Məhkəməsinin hörmətli hakimləri və əməkdaşları!

Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın açılışı ilə əlaqədar səmimi-qəlbdən salamlayıram.

Konstitusiya Məhkəməsinin hazırkı yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.

Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.

Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə təbrik edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 03 iyul 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 20 sentyabr 2023
15:32
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğvi və “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv...

20 sentyabr 2023, 15:32