Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Qaribaşviliyə

26 may 2023, 11:07

Hörmətli cənab Baş nazir,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

105 il bundan əvvəl təxminən eyni vaxtda müstəqilliklərini elan etmiş Azərbaycan ilə Gürcüstan arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən güc alır. Belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu gün dinamik və hərtərəfli inkişaf edərək hazırkı yüksək səviyyəyə çatması bizi sevindirir.

Gürcüstan bizim üçün vacib tərəfdaş, müttəfiq və dost ölkədir. Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə və daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionumuzun təhlükəsizliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55