İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər

29 aprel 2023, 13:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşıladılar.

Sonra xatirə şəkli çəkdirildi.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu dedi.

Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük.

Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırdı ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.

Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini vurğuladı.

Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirdi.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar.

Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!

x x x

“TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu.

Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Əziz xalqım, xanımlar və cənablar.

Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim. Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla salamlayıram.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.

x x x

Sonra yaşayış kompleksinin təməli qoyuldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun.

Prezident İlham Əliyev: Xeyirli olsun.

x x x

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi.

x x x

Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

- Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev.

Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe.

Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər.

Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram.

Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81 vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram.

Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm.

Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak etdiyi üçün təşəkkür edirəm.

Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm.

Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya gəldik. Builki texnologiya bayramımızı indi İstanbulda keçiririk, daha sonra İnşallah, Ankarada təşkil edəcəyik.

Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə, nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan, layihələri və fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm.

“TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə inanıram”.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik edən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoydu. Dövlət başçısı T3 Vəqfinin və “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə etdi.

Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.

İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd etdi.

Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzuladı.

x x x

Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi.

“Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim etdi.

x x x

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.


gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 03 sentyabr 2026
11:11
San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya

Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətini...

03 sentyabr 2026, 11:11
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:35
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə k...

02 sentyabr 2026, 13:35
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:34
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 ...

02 sentyabr 2026, 13:34
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:33
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-...

02 sentyabr 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:32
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komit...

02 sentyabr 2026, 13:32
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:31
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild ...

02 sentyabr 2026, 13:31
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:30
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanun...

02 sentyabr 2026, 13:30
SƏNƏDLƏR Qanunlar 02 sentyabr 2026
13:29
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Top...

02 sentyabr 2026, 13:29
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:28
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquru...

02 sentyabr 2026, 13:28