Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində İlham Əliyevin nitqi

13 fevral 2023, 11:04
Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.

Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.

Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.

Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir.

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.

İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Onu da bildirməliyəm ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür.

Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yenə də nəzərə alsaq ki, burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq, bir neçə il ərzində əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.

Yəni, bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir.

Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.

İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir.

Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.

Yəni, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir.

Deməliyəm ki, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.

Amma, eyni zamanda, bildiyiniz kimi, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.

Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10