16 yanvar 2023, 15:45

Məclum Baxşıyevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Şəhid atası kimi ailə üzvlərimin adından Sizi salamlayır, şərəfli işinizdə uğurlar arzulayıram.

Təməlini Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu, Sizin və Mehriban xanım Əliyevanın davam etdirdiyi məqsədyönlü siyasət Azərbaycanı uğurlu gələcəyə aparır. Xalqımızın bu yolla daha işıqlı sabahlara çıxacağına əminik, buna görə də yekdilliklə Sizi dəstəkləyirik.

Məhz Sizin məqsədyönlü siyasətiniz, qətiyyətli qərarlarınız sayəsində qəhrəman və qalib Azərbaycan xalqı dünya tarixinin salnaməsinə öz adını yazdı.

Qırx dörd günlük müharibə zamanı Sizin qətiyyətinizi və uzaqgörənliyinizi, Azərbaycanın Ermənistandan fərqli olaraq istər hərbi, istər iqtisadi, istərsə də siyasi sahədə əldə etdiyi uğurlarını bütün dünya gördü. Sizin gücləndirdiyiniz Azərbaycan öz taleyini özü həll etdi.

Xalqımız böyük uğurlara imza atan, əzmkar, Vətənini, dövlətini, xalqını sevən bir rəhbərin “Dəmir yumruğu” ətrafında birləşərək dünyada qəhrəman xalq kimi tanındı.

Cənab Prezident, oğlum Vahid də Vətən müharibəsində iştirak edən minlərlə qəhrəmanlardan biridir. O, Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucaldı və Sizin Sərəncamınızla 3 medalla təltif olundu. Övladlarımızın şəhid olması biz valideynlər üçün nə qədər ağrılı-acılı olsa da, bir o qədər də şərəflidir.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatlar, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, o cümlədən şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğı vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Bu diqqət və qayğıya görə Sizə minnətdarıq.

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Var olsun Azərbaycan Ordusu!

Hörmətlə,

Baxşıyev Məclum, şəhid atası.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Bayoba kəndi.