Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

11 oktyabr 2022, 16:40
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir.

Biz strateji tərəfdaşlıq ruhunda dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi apardıq. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdi. Biz strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsi istiqamətində kursun dəyişməzliyini təsdiq etdik. Məmnuniyyətlə qeyd edirəm ki, Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisidir. Mədəni-humanitar sahədə xüsusilə artıq qardaş xalqlarımız arasında qırılmaz dostluq rəmzi olan Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin birgə açılışını qeyd etmək istərdim. Bu kontekstdə ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən bu rəmzi layihələrin mühüm əhəmiyyətini xüsusi məmnuniyyətlə vurğulamaq istərdim. Sevindirici haldır ki, qeyd edilən gözəl məktəblərdə bizim gənclər, Qırğızıstanın gələcəyi təhsil alacaq. Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsü olacaqlar.

Məmnunluqla qeyd edirəm ki, biz azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl tikintisi başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümidvaram ki, bu gözəl park paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevriləcək. Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq.

Nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində hələ çox işlər görülməlidir. Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir.

Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli xanımlar və cənablar.

İlk növbədə, Qırğızıstan Prezidentinə qardaş ölkəyə səfərə dəvətinə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, bu, mənim ilk rəsmi dövlət səfərimdir. Mən əvvəllər də Qırğızıstanda olmuşam. Lakin bu, beynəlxalq təşkilatların işində iştirakla bağlı olub, bu, beynəlxalq tədbirlər olub. Buna görə də mənim indiki səfərim xüsusi əhəmiyyət kəsb edir. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.

Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Yarım il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da bizim münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik. Deməliyəm, artıq müəyyən vaxtdır ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və biz bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik. Beləliklə, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, beynəlxalq-hüquqi xarakterli belə möhkəm bazaya, məhz artıq qeyd etdiyim kimi, strateji tərəfdaşlıq haqqında Bəyannaməyə, bu gün burada, Bişkekdə, yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, biz, əslində, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini doldururuq. Düşünürəm, bizim gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz odur ki, biz konkret nəticələrə hədəflənmişik.

Bizim ortaq tariximiz var, biz bir-birimizi başa düşür, bir-birimizi dəstəkləyirik. Bu gün mən Prezidentlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi də apardıq. Orada da əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.

Əlbəttə, bu gün mən Azərbaycan xalqının dahi nümayəndələrinin xatirəsinə belə xoş münasibətə görə bütün Azərbaycan xalqı adından Prezidentə xüsusi təşəkkürümü ifadə etdim. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Bu gün biz Qırğızıstan-Azərbaycan Dostluq Parkını açacağıq. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bu gün biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Hətta mətbuat konfransının vaxt məhdudiyyəti çərçivəsində bizim gündəlikdə duran məsələlərin bütün maddələrinin sadalanması əməkdaşlığın dərinliyindən, qarşılıqlı münasibətlərin səmimiliyindən, bu gün burada müəyyən etdiklərimiz və yarım il bundan əvvəl nəzərdə tutduqlarımızın da həyata keçiriləcəyinə əminliyimizdən xəbər verir.

Mən dəvətə və qonaqpərvərliyə görə Prezidentə bir daha təşəkkürümü bildirmək istərdim. Bir daha qardaş Qırğızıstan torpağında olmağımdan şadam. Fürsətdən istifadə edərək, Qırğızıstan xalqına sülh, əmin-amanlıq, uğurlar arzulayıram. Azərbaycan xalqının dərin ehtiramını qardaş Qırğız xalqına çatdırıram. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07