Prezident İlham Əliyev “Samur” gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış oldu.
Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev dövlətimizin başçısına məlumat verdilər ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11500 kvadratmetrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir.
Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir.
Diqqətə çatdırıldı ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilmişdir. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.