İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatları

18 iyul 2021, 17:31

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün mən Prezident Şarl Mişeli qəbul etməyə çox şadam. Biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir - artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Bu gün biz cənab Prezidentlə bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Beləliklə, bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq.

Cənab Prezident, mən bir daha səfərinizə görə minnətdarlığımı bildirmək və əminliyimi ifadə etmək istərdim ki, güclü tərəfdaşlıq və əməkdaşlıq uğurla davam etdiriləcək. Təşəkkür edirəm.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı

-Çox sağ olun, cənab Prezident.

Öz növbəmdə qonaqpərvərliyinizə, Sizinlə görüşmək fürsətinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir.

Siz haqlı qeyd etdiniz ki, çox sayda Şərq Tərəfdaşlığı ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.

Üçüncü məsələ, Siz onu qeyd etdiniz, Azərbaycan və Ermənistanla bağlı vəziyyətdir. Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta, bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq. Eyni zamanda, müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır. Mən Sizə bildirdim ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir.

Üçüncü mövzu, Siz bunu xüsusilə qeyd etdiniz və biz həmin mövzuya qayıdırıq. Bu, müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyidir. Enerji sektorunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz. İnfrastrukturun əhəmiyyəti var. Bu, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə etdik. Bu halda, həmçinin Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik. Bu axşam və sabah mən Gürcüstanda olacağam. Bu mövzu, həmçinin Gürcüstanda işlərimizin və planlarımızın gündəliyində olacaq. Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var.

Nəhayət, biz daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələləri nəzərdən keçirdik. Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu mövzuda dünyada bir çox debatlar getməkdədir.

Cənab Prezident, bu fikir mübadiləsinə görə bir daha təşəkkür edirəm. Avropa İttifaqı dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir. Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir.

Ölkənizlə Avropa İttifaqı arasında əlaqələri dərinləşdirmək fürsətinə görə təşəkkür edirəm.

SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:20
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...

27 dekabr 2024, 13:20
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
13:18
“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının...

27 dekabr 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:16
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli...

27 dekabr 2024, 13:16
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:12
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət Sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli...

27 dekabr 2024, 13:12
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
13:08
“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında”...

27 dekabr 2024, 13:08
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:06
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli...

27 dekabr 2024, 13:06