Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
Tikintinin layihəsi əsasında görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə məlumat verildi. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətyanı sahəsində görülən inşaat işləri ilə tanış oldu. Burada aparılan işlər barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi.
Azərbaycan Prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı tikinti sahələrini gəzdi, görülən işlərlə yerindəcə tanış oldu.
İnşaatda istifadə olunacaq tikinti materialları barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq bu mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcəkdir.
Prezident İlham Əliyev inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.