“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 iyun 2020, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü, 4.5-ci və 4.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.4. həmin Qanunun 4.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

2.5. həmin Qanunun 5.0.1-ci, 5.0.2-ci, 5.0.4-cü və 5.0.6-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, 5.0.3-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 5.0.7-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55