Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması QAYDASI

21 mart 2020, 17:20

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 21 mart tarixli

Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir.

1.2. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

1.3. İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV bu Qaydaya əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.

1.4. İstehlakçının bu Qayda ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın tələbləri çərçivəsində ƏDV-nin qaytarılmasını tələb etmək hüququ yarandıqda, istehlakçı, seçiminə uyğun olaraq sözügedən qaydalardan yalnız birinə əsasən, ödənilmiş ƏDV-nin qaytarılmasını tələb edə bilər.

1.5. Alınmış mallara görə ödənilmiş ƏDV-ni istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 (otuz) gün müddətində müvəkkil bank qaytarır.

2. Əsas anlayışlar

2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. satıcı – Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi;

2.0.2. istehlakçı – satıcıdan malı alan fiziki şəxs;

2.0.3. vahid məlumat bazası – operator tərəfindən idarə olunan, bu Qaydada nəzərdə tutulmuş hallarda istehlakçılara alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün zəruri məlumatların inteqrasiya olunduğu vahid sistem;

2.0.4. müvəkkil bank – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) müəyyən etdiyi bank və ya banklar;

2.0.5. kart təşkilatı – kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsini, toplanılmasını, emalı və klirinqini, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi;

2.0.6. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi;

2.0.7. operator – istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi rezident şəxs.

3. İstehlakçıların qeydiyyatı

3.1. ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır.

3.2. İstehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir.

4. ƏDV-nin qaytarılmasının təşkili

4.1. Bu Qaydanın məqsədləri üçün ƏDV-nin qaytarılmasını operator təşkil edir.

4.2. Operator:

4.2.1. bu Qaydaya uyğun olaraq ƏDV-nin qaytarılması işlərini təşkil edir və portalı idarə edir;

4.2.2. istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə infrastrukturun, o cümlədən proqram təminatının və vahid məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti), müvəkkil bankın (bankların) və kart təşkilatlarının istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını təşkil edir;

4.2.3. proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını, toplanılan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin edir.

5. ƏDV-nin qaytarılması proseduru

5.1. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.

5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

5.3. Portala daxil olan müraciət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir.

5.4. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

5.5. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür.

5.6. Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

5.7. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində vahid məlumat bazasına daxil edir.

5.8. Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləşmə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır.

5.9. Dövlət Vergi Xidməti bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil olduqdan sonra 8 (səkkiz) iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir.

6. ƏDV qaytarıldıqdan sonra istehlakçının malı

qaytarması proseduru

6.1. İstehlakçı alınmış mallara görə bu Qaydaya əsasən ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarılması portalda yoxlanılır.

6.2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytarır.

6.3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə, satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.

6.4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu Qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.

6.5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir və müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.

SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:33
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli...

02 dekabr 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:29
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının...

02 dekabr 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 02 dekabr 2024
14:27
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 dekabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:25
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 dekabr 2024, 14:25