Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

25 dekabr 2018, 19:28

Sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır:

1.1.1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, bu Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;

1.1.2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;

1.1.3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;

1.1.4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir;

1.1.5. təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsi təmin edir;

1.2. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini (layihələrdə bu Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın və suyun buraxılış həcminin yuxarı hədlərini göstərilməklə) üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmanın 1.1.5-ci bəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaları üç ay müddətində təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin icrasını təmin etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 30 noyabr 2023
14:58
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci...

30 noyabr 2023, 14:58
SƏNƏDLƏR Fərmanlar 30 noyabr 2023
14:56
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il oktyabrın 31-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük...

30 noyabr 2023, 14:56
SƏNƏDLƏR Qanunlar 30 noyabr 2023
14:54
“Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2023-cü il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası...

30 noyabr 2023, 14:54
SƏNƏDLƏR Sərəncamlar 30 noyabr 2023
13:09
Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası...

30 noyabr 2023, 13:09