12:40
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 dekabr 2018, 20:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr” portalının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, №11, maddə 995; 2013, № 9, maddə 1048; 2014, № 9, maddə 1060, № 10, maddə 1177; 2015, № 2, maddə 117; 2016, № 5, maddə 867, № 11, maddə 1798; 2017, № 5, maddələr 777, 818) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13-cü hissəyə “Sistem” sözündən sonra “Lisenziyalar və icazələr” portalı,” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 13.5-ci bənd əlavə edilsin:
“13.5. Sistem tərəfindən “Lisenziyalar və icazələr” portalına təqdim olunan məlumatlar:
13.5.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar;
13.5.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar;
13.5.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatlar;
13.5.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2018-ci il.
12:40
12:35
12:30

12:00

11:30

11:00

10:00

09:50

09:30

15:05

14:40

14:01
