İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir

04 iyul 2011, 17:00
İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişlər.

Xidmətin şəxsi heyəti və Müalicə-Diaqnostika Mərkəzinin kollektivi Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov dövlətimizin başçısına raport verdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı və xanımı mərkəzlə tanış oldular.

General-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, mərkəzin tikilib istifadəyə verilməsi həm XDMX-nin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımdır. Dövlətimizin başçısının tapşırığına əsasən, Mərkəzin yaradılması üçün XDMX-yə Yasamal rayonunun ərazisində 0,6 hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılmışdır. XDMX-nin əməkdaşlarının sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə əsasən Almaniya və digər Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.

Qeyd edildi ki, tikintisinə 2009-cu ilin mayında başlanılan səkkizmərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılmışdır. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunmuşdur.

Bildirildi ki, bu müasir tibb ocağında ulu öndər Heydər Əliyevin xatirəsi ədəbiləşdirilmiş, “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılmışdır.

Dövlət başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış oldular. Məlumat verildi ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış oldular. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəzdə XDMX-nin və Milli Qvardiyanın formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin XDMX-nin şəxsi heyəti ilə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Binada 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana və digər xidməti otaqlar da vardır.

Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada üç əməliyyat otağı yaradılmışdır. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür. Buradakı reanimasiya zalı da lazımı avadanlıqla təchiz olunmuşdur. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.

Ümumi stasionar şöbədə isə 8 adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi ilə təmin olunmuşdur.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, mərkəzdə pnevmatik ötürücü sistem quraşdırılmışdır. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də onların laborator analizlərinin 10-15 saniyə ərzində göndərilməsi təmin olunur.

Mərkəzin ikinci və üçüncü mərtəbələrində isə poliklinika şöbələri yerləşir. Kolonoskopiya və qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq quraşdırılmışdır. Bu mərtəbədə, həmçinin ginekoloji və stomatoloji müayinələr aparmaq da mümkündür. Müalicəvi bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq, fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funksional diaqnostika şəbəkəsindəki rentgen otağında oldular. Buradakı rəqəmsal rentgen cihazı ən son texnologiya əsasında hazırlanmışdır. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini aparmaq mümkündür.

Dövlət başçısı və xanımı laboratoriyada yaradılmış şəraitlə də tanış oldular.

Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik yeməkxanası da vardır.

Bir sözlə, mərkəzin bütün xidmət sahələrində ən müasir standartlara cavab verən şərait yaradılmışdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham ƏLİYEV xidmətin şəxsi heyətini və mərkəzin kollektivini təbrik edərək dedi:

- Sizi gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayıram.

İki il bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müraciət etmişdi ki, yeni diaqnostika-müalicə mərkəzi tikilsin. Mən bu təşəbbüsü dəstəklədim və qısa müddət ərzində gözəl bir mərkəz tikildi. Əvvəlki dövrdə əməkdaşlara lazımi səviyyədə tibbi xidmət göstərilmirdi. Çünki şərait yox idi. İndi isə burada yaradılmış şərait hesab edirəm ki, ən yüksək səviyyədədir, həm bina çox gözəldir, rahatdır, genişdir. Daxili dizayn da çox gözəldir. Eyni zamanda, burada ən gözəl, müasir avadanlıq quraşdırılıb. Bu avadanlıqlar imkan verir ki, istənilən xəstəliyin vaxtında müayinəsi və müalicəsi mümkün olsun. Burada müasir əməliyyat blokları vardır. Yəni, ən müasir, dünya səviyyəsinə cavab verən xəstəxananın bütün əlamətləri burada vardır.

Mən çox şadam ki, qısa müddət ərzində gözəl mərkəz tikilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına burada çox yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. Mən buna əminəm. Əlbəttə, burada quraşdırılan ən müasir avadanlıqda işləmək, bu avadanlığın fəaliyyətini, işini düzgün qurmaq üçün təcrübə lazımdır. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaqdır. Beləliklə, sizin üçün gözəl tibbi mərkəz yaradılıbdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin çox vacib funksiyaları vardır. Dövlət obyektlərinin qorunması, dövlət və hökumət qurumlarında işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, digər funksiyaları vardır. Elə etməliyik ki, Xidmətdə çalışan bütün əməkdaşların sosial problemləri layiqincə həllini tapsın.

Bu tibbi mərkəzin açılışı bu istiqamətdə atılmış gözəl addımdır. Əməkdaşların sosial¬-məişət problemləri də həll olunur. İstirahət üçün geniş şərait yaradılıbdır. Yəni, indi sizin xidmətiniz də ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edir, ən müasir avadanlıqla təchiz edilir. Bu tibbi mərkəzin açılışı bir daha onu göstərir ki, əməkdaşların normal yaşaması üçün Azərbaycan dövləti köməyini əsirgəmir.

Bütövlükdə, ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsi işində son illər ərzində çox vacib addımlar atılmışdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində yeni, gözəl, müasir tibbi mərkəzlər yaradılmışdır. Rayon xəstəxanaları əsaslı təmir edilmişdir. Hər bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri tikilmişdir. Əlbəttə, Bakı şəhərində son bir neçə il ərzində ixtisaslaşdırılmış tibbi mərkəzlər yaradılıb və bu, imkan verir ki, Azərbaycan vətəndaşlarına səviyyəli və keyfiyyətli tibbi xidmət göstərilsin.

Bu gün biz həm bu gözəl müalicə-diaqnostika mərkəzinin açılışını qeyd edirik, eyni zamanda, Bakıda yeni, böyük sağlamlıq mərkəzinin təməl daşını da qoyacağıq. Bu mərkəz də çoxfunksiyalı böyük mərkəz olacaqdır. Bu mərkəzdə müxtəlif ixtisaslar üzrə bölmələr fəaliyyət göstərəcəkdir. Hesab edirəm ki, Bakı Sağlamlıq Mərkəzinin tikilib istifadəyə verilməsindən sonra şəhərimizin əsas səhiyyə istiqamətləri artıq lazımi səviyyəyə qalxacaqdır.

Səhiyyə sisteminə göstərilən diqqət hər bir ölkənin niyyətini göstərir. Ölkəmizdə ilk növbədə insanların sosial məsələlərinin həlli üçün işlər görülür. Son illər ərzində bu məsələlər üçün böyük vəsait də ayrılmışdır. Növbəti illərdə bu siyasət davam etdiriləcəkdir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq, istənilən yerdə keyfiyyətli tibbi xidmətlə təmin olunsunlar.

Mən sizi bu gözəl mərkəzin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm və çox şadam ki, bu mərkəz qısa müddət ərzində, böyük zövqlə tikilib. Burada quraşdırılan və mənə göstərilən avadanlıq inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında da tətbiq olunur. Bu, belə də olmalıdır. Azərbaycanda tətbiq olunan bütün qabaqcıl təcrübə ən yüksək səviyyədə olmalıdır.

Burada müalicə olunacaq xəstələrin sağlamlığı Mərkəzdə çalışan tibb işçilərindən asılıdır. Əminəm ki, siz çox gözəl tibbi xidmət göstərəcəksiniz və hər halda burada yaradılmış şərait bunu deməyə əsas verir. Bir daha sizi ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.

X X X

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif AXUNDOV şəxsi heyət adından minnətdarlığını bildirərək dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bu gün bizim üçün çox xoş bir gündür. Sizin bu tibb mərkəzinə gəlişiniz bizim üçün tarixi bir hadisəyə çevrilib.

Siz bizim şəxsi heyət ilə artıq altıncı dəfədir ki, görüş keçirirsiniz. 2005-ci ilin oktyabr ayında bizim hərbi şəhərciyin, inzibati binanın açılışında Sizin şəxsi heyətlə ilk görüşünüz olub. Sizin oradakı çıxışınızda qarşımızda qoyduğunuz vəzifələr o dövrdən bu günədək bir proqram kimi şəxsi heyət tərəfindən uğurla icra olunur.

Sizin ikinci görüşünüz 2007-ci ilin oktyabr ayında bizim müasir tələblərə cavab verən Təlim-Tədris Mərkəzinin açılışında olub. Orada Siz şəxsi heyətin qarşısında çıxış etdiniz. Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin qarşısında döyüş tapşırıqlarını qoydunuz. O tapşırıqlar bu gün şəxsi heyət tərəfindən çox yüksək peşəkarlıqla yerinə yetirilir.

Sizin növbəti görüşünüz 2009-cu ildə Yevlax şəhərində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti üçün tikilmiş xidməti binanın açılışında olub. O cür bina bizim 7 regional şöbədə tikilib və şəxsi heyətin istifadəsinə verilib.

Mən bir məqamı da qeyd etmək istəyirəm ki, 2003-2011-ci illər ərzində 550-dən artıq mənzil tikilərək şəxsi heyətin istifadəsinə verilib. Bu, Sizin şəxsi heyətə daimi diqqət və qayğınızın bariz nümunəsidir. Sizin birbaşa göstərişiniz və tapşırığınız əsasında bu Müalicə-Diaqnostika Mərkəzi tikilib. Sizin birbaşa göstərişiniz əsasında ayrılan maliyyə vəsaiti əsasında bizim Nabran İstirahət Mərkəzi tikilib. Hazırda orada 240-dan artıq əməkdaşımıza və onların ailələrinə yüksək səviyyədə xidmət göstərilir.

Cənab Prezident, Sizin bundan əvvəlki görüşlərinizdən biri də 2010-cu ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin inzibati binasının açılışında olub. Bu binanın açılışında da Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qarşısında qoyduğunuz yeni vəzifələr əsasında onun maddi-texniki bazası genişləndirilir və gücləndirilir.

Mən bütün bunlara görə, cənab Prezident, Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Sizin dövlətimizə, xalqımıza sədaqətiniz bizim üçün örnəkdir. Biz xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etmək prinsiplərini Sizdən öyrənirik. Sizin fəaliyyətiniz, gecə-gündüz işiniz gözlərimizin qabağında olduğuna görə biz xidməti vəzifələrimizi başqa cür yerinə yetirə bilmərik.

Ona görə də, cənab Prezident, bütün şəxsi heyət adından Sizi bir daha əmin etmək istəyirəm ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qarşısında qoyduğunuz bütün döyüş tapşırıqları böyük şərəflə, layiqincə yerinə yetiriləcəkdir. Biz fəaliyyətimizdə, işimizdə Sizə sədaqətimizi daim nümayiş etdirəcəyik.

Sizə bir daha “Çox sağ olun!” deyirəm, cənab Prezident. Buraya gəldiyinizə, bu mərkəzi açdığınıza və bu dəyərli vaxtınızı bizə sərf etdiyinizə görə çox sağ olun.

X X X

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06