Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası

12 sentyabr 2017, 19:35

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 12 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1.1. Bu Qayda “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrası ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. qeyri-rezident – xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər;

1.2.2. elektron imza – gücləndirilmiş elektron imza olan “E-imza” və ya “ASAN imza”;

1.2.3. “E-imza” – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçmiş və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən “token” tipli məlumat daşıyıcısında verilən gücləndirilmiş elektron imza vasitəsi;

1.2.4. “ASAN imza” (mobil elektron imza) – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən və elektron imza vasitəsi kimi mobil telefon və xüsusi SIM kart tələb edən gücləndirilmiş elektron imza vasitəsi;

1.2.5. portal – “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə bağlı yaradılmış www.azexport.az  internet portalı;

1.2.6. “virtual FİN” – elektron imza verilməsi üçün portal vasitəsilə daxil olmuş müraciətlərlə bağlı müsbət qərar qəbul edilmiş qeyri-rezidentlərə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə verilən, hərflərdən və rəqəmlərdən ibarət unikal fərdi identifikasiya nömrəsi;

1.2.7. “e-qeyri-rezident” altsistemi – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem;

1.2.8. Mərkəz – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçmiş və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi;

1.2.9. sertifikat – “E-imza” və ya “ASAN imza” sertifikatı;

1.2.10. “Biznes” sertifikatı – xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə verilən, elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən, möhür kimi istifadə edilən və əlavə olaraq imzanın xüsusi təyinatı, onun istifadə sahəsi, möhür üzərindəki mətn və bu möhürün aid olduğu vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) qeyd edilən gücləndirilmiş elektron imzanın təkmil sertifikatı;

1.2.11. “Şəxsi” sertifikat – xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına verilən, yalnız elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən gücləndirilmiş elektron imzanın təkmil sertifikatı.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər qanunlarında müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.4. Bu Qayda qeyri-rezident anlayışı ilə əhatə olunmayan digər şəxslərə elektron imzanın verilməsi ilə bağlı münasibətlərə şamil edilmir.

1.5. Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi ilə bağlı bu Qaydada tənzimlənməyən məsələlər digər normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada tənzimlənir.

1.6. Elektron imzanın verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə Mərkəz, habelə mobil operator tərəfindən qarşılıqlı razılıq əsasında şərtlər və ödənişlər müəyyən edilə bilər.

2. Elektron imza sertifikatının verilməsinin təşkili, müraciətin qəbulu və sertifikatın verilməsi

2.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları (bundan sonra – diplomatik nümayəndəlik) vasitəsilə elektron imza sertifikatının verilməsi üçün qeyri-rezidentlərin müraciətlərinin qəbulu portal vasitəsilə “e-qeyri-rezident” altsistemində həyata keçirilir.

2.2. “E-qeyri-rezident” altsistemi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılır və portala inteqrasiya olunur.

2.3. Sertifikat almaq istəyən qeyri-rezident portala daxil olaraq, bu Qaydanın əlavəsində müəyyən olunan ərizə formasını real vaxt rejimində doldurur və bu Qaydanın 1.6-cı bəndinə uyğun müəyyən olunduğu halda, ödənişi portal vasitəsilə onlayn qaydada həyata keçirir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti;

2.3.2. biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm ölçüdə);

2.3.3. müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə.

2.4. Qeyri-rezident elektron ərizəsində “E-imza” və ya “ASAN imza” sertifikatı, habelə “Biznes” sertifikatı və ya “Şəxsi” sertifikat almaq istəyi ilə bağlı müvafiq xananı qeyd edir.

2.5. Qeyri-rezident elektron ərizəsində “ASAN imza” sertifikatı almaq istədiyini qeyd etdiyi təqdirdə, müvafiq mobil operatoru və mobil nömrəni seçir, habelə bu Qaydanın 1.6-cı bəndinə uyğun müəyyən olunduğu halda, bununla bağlı ödənişi portal vasitəsilə onlayn qaydada ödəyir.

2.6. Ərizə qeyri-rezident tərəfindən təsdiq edildikdən sonra portalda məlumatların tamlığı yoxlanılır və çatışmazlıq aşkar edilmədikdə, ərizə real vaxt rejimində qeydiyyata alınaraq ona əlavə olunmuş sənədlərlə birlikdə “e-qeyri-rezident” altsisteminə yönəldilir. Müraciət edən şəxsin ərizəsində qeyd olunmuş elektron poçt ünvanına ərizənin qeydiyyata alınması barədə bildiriş və (və ya) mobil nömrəsinə SMS göndərilir.

2.7. Ərizə və ona əlavə olunmuş sənədlər “e-qeyri-rezident” altsistemi daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə yönəldilir.

2.8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti 3 (üç) iş günü müddətində ərizəyə dair mənfi rəy vermədikdə, avtomatik olaraq “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi tərəfindən qeyri-rezidentə “virtual FİN” verilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş “virtual FİN” onların şəxsiyyət vəsiqələrinin mövcud fərdi identifikasiya nömrəsi (FİN) ilə eynilik təşkil edir. Müraciət portal vasitəsilə, sertifikatın növündən asılı olaraq, müvafiq Mərkəzə göndərilir.

2.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edilmədikdə, Mərkəz elektron imza sertifikatının verilməsi barədə qərar qəbul edir. Həmin qərar və qeyri-rezidentlə Mərkəz arasında sertifikatın verilməsinə dair müqavilə təsdiqlənərək qeyri-rezident tərəfindən də təsdiqlənməsi üçün diplomatik nümayəndəliyə göndərilir. Bu barədə portal vasitəsilə real vaxt rejimində müraciət edən şəxsin ərizəsində qeyd olunmuş elektron poçt ünvanına bildiriş və (və ya) mobil nömrəsinə SMS göndərilir.

2.10. Diplomatik nümayəndəliyə göndərilməsi məqsədilə “E-imza” sertifikatı və “token” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçmiş və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən təqdim edilir. “ASAN imza” sertifikatı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi, müvafiq Sim kart və həmin Sim kartdan istifadəyə dair mobil operator tərəfindən 2 nüsxədə imzalanmış müqavilə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən müvafiq aktla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təhvil verilir.

2.11. Bu Qaydanın 2.9-cu bəndində qeyd olunan qərar diplomatik nümayəndəliyə daxil olduqdan sonra 1 (bir) iş günü müddətində qeyri-rezident həmin diplomatik nümayəndəliyə dəvət edilir.

2.12. Qeyri-rezident təyin olunmuş vaxtda diplomatik nümayəndəliyə gələrək, portal vasitəsilə təqdim olunmuş sənədlərin əslini, habelə biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkli (3,5x4,5 sm ölçüdə) təqdim edir. Diplomatik nümayəndəlik sənədlərin əsli ilə portalda real vaxt rejimində təqdim olunmuş sənədlərin autentikliyini yoxladıqdan sonra sənədlərin əslini qeyri-rezidentə qaytarır.

2.13. Portalda real vaxt rejimində təqdim olunmuş məlumatlarla qeyri-rezidentin təqdim etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilərsə, diplomatik nümayəndəlik sertifikatın verilməsindən imtina edir və “virtual FİN”-in ləğv edilməsi ilə bağlı portal vasitəsilə “e-qeyri-rezident” altsistemində müvafiq qeyd aparır.

2.14. Portalda real vaxt rejimində təqdim olunmuş məlumatlarla qeyri-rezidentin təqdim etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə, diplomatik nümayəndəlik tərəfindən sertifikatın verilməsi ilə bağlı müqavilə, “ASAN imza” sertifikatı əldə etdikdə isə həmçinin həmin Sim kartdan istifadəyə dair müqavilə imzalanmaq üçün qeyri-rezidentə təqdim edilir.

2.15. Qeyri-rezident tərəfindən bu Qaydanın 2.14-cü bəndində nəzərdə tutulan müqavilələr imzalandıqdan sonra həmin müqavilələrin bir nüsxəsi, “E-imza” və ya “ASAN imza” setifikatı, müvafiq “token” və ya Sim kart qeyri-rezidentə verilir.

2.16. Qeyri-rezident tərəfindən imzalanmış müqavilənin ikinci nüsxəsi müvafiq Mərkəzə və mobil operatora təqdim olunmaq üçün ildə iki dəfədən az olmayaraq diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təhvil verilir.

2.17. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Qaydanın 2.16-cı bəndinə əsasən təhvil alınmış müqavilələri 1 (bir) iş günü müddətində aidiyyəti üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (“E-imza” sertifikatının verilməsi ilə bağlı imzalanmış müqavilələri) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (“ASAN imza” sertifikatının verilməsi və Sim kartdan istifadəyə dair müqavilələri) təqdim edir.

2.18. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu Qaydanın 2.17-ci bəndinə əsasən təqdim olunan müqavilələri 3 (üç) iş günü müddətində aidiyyəti üzrə göndərirlər.

2.19. Qeyri-rezidentlərə verilən elektron imza sertifikatının qüvvədəolma müddəti 3 (üç) ildir.

2.20. Sertifikat xidmətlərinin həyata keçirilməsi üçün qeyri-rezidentlər tərəfindən bu Qaydanın 1.6-cı bəndinə əsasən ödənilmiş ödənişlər heç bir halda geri qaytarılmır.

3. Elektron imza sertifikatının qüvvəsinin dayandırılması, bərpası və ləğvi

3.1. Sertifikat verildikdən sonra Mərkəz “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 14-cü maddələrində müəyyən edilmiş hallarda onun qüvvəsini dayandıra, bərpa və ya ləğv edə bilər. Bu zaman Mərkəz “Sertifikatlar reyestri”ndə sertifikatın vəziyyətindəki dəyişiklikləri qeyd edir.

3.2. İmza sahibi sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ya ləğvi üçün portal vasitəsilə diplomatik nümayəndəliyə və ya birbaşa sertifikatı vermiş Mərkəzə müraciət etməlidir.

3.3. Diplomatik nümayəndəlik bu Qaydanın 3.2-ci bəndinə əsasən daxil olan müraciəti dərhal, sertifikatın növündən asılı olaraq, müvafiq Mərkəzə göndərir.

3.4. Mərkəz bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan müraciətə uyğun olaraq dərhal müvafiq tədbir görür, “Sertifikatlar reyestri”ndə sertifikatın vəziyyətindəki dəyişiklikləri qeyd edir və bu barədə diplomatik nümayəndəliyi, qeyri-rezident tərəfindən birbaşa Mərkəzə müraciət olunduğu hallarda isə həmçinin qeyri-rezidenti onun ərizəsində qeyd olunmuş elektron poçt ünvanına bildiriş və (və ya) mobil nömrəsinə SMS göndərməklə məlumatlandırır. Diplomatik nümayəndəlik bu barədə qeyri-rezidenti onun ərizəsində göstərilmiş elektron poçt ünvanına bildiriş və (və ya) mobil nömrəsinə SMS göndərməklə məlumatlandırır.

3.5. İmzayaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən aşağıdakı hallarda imza sahibi dərhal diplomatik nümayəndəliyi və ya sertifikatın növündən asılı olaraq birbaşa Mərkəzi məlumatlandırmalıdır:

3.5.1. imzayaratma məlumatlarının daşıyıcısı itdikdə;

3.5.2. imzayaratma məlumatlarının itmiş daşıyıcısı tapıldıqda;

3.5.3. informasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;

3.5.4. imzayaratma məlumatları daşıyıcılarının saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya buna dair şübhələr olduqda;

3.5.5. imzayaratma məlumatları və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda.

3.6. Mərkəzin imzayaratma məlumatlarının məxfiliyi pozulduqda, Mərkəz müvafiq təkmil sertifikatın ləğv edilməsi, həmçinin imzayaratma məlumatlarının dəyişdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu halda Mərkəz xidmət göstərdiyi imza sahiblərini məlumatlandırır və onların imzayaratma məlumatları ilə imzalanmış sertifikatlarının dəyişdirilməsini bilavasitə və ya diplomatik nümayəndəlik vasitəsilə ödənişsiz təmin edir.

4. Elektron imza sertifikatı barədə sorğular

4.1. Sertifikat xidmətlərinin istifadəçiləri verilmiş sertifikatlar barədə məlumatların təqdim olunması, imzayoxlama məlumatının imza sahibinə məxsus olmasının təsdiqlənməsi barədə sertifikatı vermiş Mərkəzə portal vasitəsilə birbaşa sorğu ilə müraciət edə bilərlər.

4.2. İmza sahibinin razılığının olmadığı hallar istisna edilməklə, sertifikatlar barədə sorğulara əsasən, Mərkəz verdiyi sertifikatın məxsus olduğu şəxs, sertifikatın statusu və sertifikat barədə digər məlumatları verə bilər.

4.3. Sertifikatlar barədə sorğular üzrə xidmət göstərilməsi Mərkəz tərəfindən reyestr məlumatları əsasında aparılır və məlumatların verilməsinə xidmət haqqı alınmır.

4.4. Mərkəz sertifikatların vəziyyətinin real vaxt rejimində də yoxlanılmasını həyata keçirə bilər.

5. Qeyri-rezidentlərə verilmiş elektron imza sertifikatlarının reyestrinin aparılması

5.1. Qeyri-rezidentlərə verilmiş elektron imza sertifikatlarının reyestri (bundan sonra – Reyestr) müvafiq Mərkəz tərəfindən “e-qeyri-rezident” altsistemində aparılan və gücləndirilmiş elektron imza ilə təsdiq edilən siyahıdır.

5.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

5.2.1. sertifikatın seriya nömrəsi;

5.2.2. imza sahibi barədə məlumatlar və “virtual FİN”;

5.2.3. sertifikatın qüvvədəolma müddəti (müddətin başlandığı və qurtardığı vaxt, tarix);

5.2.4. sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi, tarixi və səbəbi.

5.3. Həftənin 7 günü, günün 24 saatı ərzində Reyestrə müraciət imkanı təmin edilməlidir.

5.4. Mərkəz qüvvədə olan, qüvvəsi dayandırılmış və ləğv edilmiş sertifikatlar barədə məlumatların Reyestrə daxil edilməsini 1 (bir) iş günündən gec olmayaraq təmin etməlidir.

5.5. Reyestr aparılarkən aşağıdakılar təmin olunmalıdır:

5.5.1. Reyestrə məlumatları yalnız müvafiq səlahiyyətli işçilər daxil etməlidirlər;

5.5.2. məlumatlarda imza sahibinin icazəsi olmadan dəyişiklik edilməməlidir;

5.5.3. imza sahibindən icazəsiz müdaxilənin qarşısının alınması üçün tədbirlər görülməlidir.

SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:33
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli...

02 dekabr 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:29
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının...

02 dekabr 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 02 dekabr 2024
14:27
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 dekabr 2024, 14:27
SƏNƏDLƏR Fərmanlar 02 dekabr 2024
14:25
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 dekabr 2024, 14:25