Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 avqust 2017, 18:10

Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunmuş və Azərbaycan Respublikasının beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənmişdir.

Ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılmış, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə qərara alıram:

1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon (otuz üç milyon iki yüz min) manat və 3,6 milyon (üç milyon altı yüz min) manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2017-ci il.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34