İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

26 dekabr 2016, 10:50
İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat verdilər.

Qeyd olundu ki, burada mükəmməl infrastruktur formalaşdırılıb. Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur.

Dövlətimizin başçısına məlumat verildi ki, “Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. Ümumilikdə, burada 63 çoxsaylı kəsişən yolun təmiri və asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Bildirildi ki, “Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb.

Dövlətimizin başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış oldular.

Prezident İlham Əliyevə xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində aparılan abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə ətraflı məlumat verildi. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV artıq sakinlərin istifadəsinə verilib. Dövlətimizin başçısının siyasətinə uyğun olaraq, insan amili, soydaşlarımızın ən yüksək standartlar səviyyəsində yaşayışı və istirahəti bu layihənin başlıca məramıdır.

Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verildi. Buradakı binaların üzərində xüsusi dizaynlı ad lövhələri, klassik üslublu saat, küçələrin adlarının piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin “Ağ Şəhər” haqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif növ ağaclar və həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış oldular. “Sahil 14” və “SETA” MTK yaşayış kompleksləri arasındakı bu xudmani yaşıllıq məkanı kvartalın bənzərsiz memarlıq üslubunu üzvi şəkildə tamamlayır. Avtonəqliyyat vasitələrindən azad ərazi sakinlərin rahatlığı və istirahəti üçün işıqlandırma sistemi, velosiped dayanacaqları, küçə mebelləri ilə təmin olunub, buradakı yaşıllıqlar göz oxşayır.

1-ci Yaşıl Ada küçəsindəki yeni yol da müasirliyi ilə diqqəti çəkir. Burada “Müşahidəçi 2” daş heykəli qoyulub. Xatırladaq ki, “Müşahidəçi 1” daş heykəli 2016-cı ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Daşın Nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunub. “Müşahidəçi 2” heykəli “Bakı Ağ Şəhər”in inkişafını və buradakı dəyişiklikləri müşahidə edən insan anlamı daşıyır. Heykəlin yaxınlığında yerləşdirilən günəş enerjisini elektrik enerjisinə çevirən dizayner skamyası elektron cihazlar üçün nəzərdə tutulub. Bu da “Bakı Ağ Şəhər”də ətraf mühit məsələlərinə maksimum diqqət yetirilməsinin əyani nümunələrindən biridir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.

Qeyd edildi ki, şəhərin qədim və iri parklarından olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi aparılır. Park rayonunda 20 mərtəbəli binalar inşa olunur, yeni istinad divarı tikilir. “Bakı Ağ Şəhər” layihəsi dünyada iqtisadi və maliyyə böhranının tüğyan etdiyi indiki dövrdə Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin və insan amilinin əsas meyarlarından biri olmasının əyani təcəssümüdür.

Mərkəzi Bulvar küçəsində də tikinti işləri davam edir. Eni 37 metr, uzunluğu isə 2 kilometr olan bu yol “Bakı Ağ Şəhər”in mərkəzi ilə kəsişir və layihənin bir neçə rayonlarını birləşdirir.

Dövlətimizin başçısına məlumat verildi ki, burada “Ağ Şəhər”in Mərkəzi Park Rayonu salınacaq. Yaşayış binaları və biznes mərkəzindən ibarət rayonun adı burada salınacaq böyük parkdan qaynaqlanır. “Ağ Şəhər”in şimal hissəsindəki Babək rayonunda da inşaat işləri səngimir. Müasir üslublu evlərdən ibarət həmin rayonda yeni meydan tikilir. Bildirildi ki, modern dizaynlı meydan “Ağ Şəhər”in Babək prospektindən eni 37 metr, hər iki istiqamətdə üçzolaqlı avtomobil yolları, geniş və yaşıllaşdırılmış piyada səkilərindən ibarət girişi olacaq.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak etdilər.

Dövlətimizin başçına məlumat verildi ki, Fəvvarələr Meydanının sahəsi keçmiş “Qara Şəhər”in ən çox çirklənmiş ərazilərindən biri sayılırdı. Yeddimərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai avtodayanacaq və piyada keçidindən ibarət olacaq bu kvartalda hazırda tikinti işləri gedir. Yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik avtodayanacaq tikiləcək. Fəvvarələr Meydanında layihələndirilən park və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə birbaşa “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik yolu gedib-gələ biləcəklər. Bildirildi ki, Nobel prospekti boyunca Fəvvarələr Meydanının “ləndmark”ı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. “Ağ Şəhər”də salınan metro stansiyalarından birinin çıxışı da məhz bu ofis kompleksinin yerləşdiyi ərazidə olacaq.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoydular.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkdilər.

Təməli beş il əvvəl qoyulan “Bakı Ağ Şəhər”də ötən müddətdə böyük həcmdə işlər görülüb və tikinti-quraşdırma tədbirləri davam edir, dünyadakı müasir şəhərsalma tendensiyasını maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” meqalayihəsi uğurla reallaşdırılır.

Təməlqoyma mərasimindən sonra xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34