Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 89; 2016, № 2 (II kitab), maddə 266) 2-1.2.5-ci yarımbəndi və 2-1.3-cü bəndi ləğv edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;
2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;
2.3. Cəmiyyətin, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən Cəmiyyətin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur;
2.4. Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlakın müstəqil qaydada (sistem daxilində) balansdan balansa, icarəyə və istifadəyə verilməsi, silinməsi (ləğvi) səlahiyyətlərini Cəmiyyət həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, beynəlxalq təcrübəni nəzərə almaqla, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı il.