Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi
09 aprel 2016, 12:45
Bir daha qeyd etmək istəyirəm və şübhə etmirəm ki, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələr icra ediləcək. Azərbaycan uğurlu inkişaf yoluna davam edəcək.
O ki qaldı qarşıda duran növbəti vəzifələrə, ilk növbədə əlbəttə ki, biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür. Ordumuzun maddi–texniki bazası möhkəmlənmişdir. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcəkdir.
Əlbəttə ki, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir. Ona görə, dediyim kimi, iqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Qeyd etdiyim kimi, bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir.
Qeyd etməliyəm ki, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, yoxlamalarla bağlı mənim göstərişlərim yerinə yetirilir. Qeyd etməliyəm ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdir. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.
İnvestisiyaların təşviqi üçün addımlar atılmışdır. Bu ilin yanvar ayında müvafiq Fərman imzalanmışdır. İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman yanvar ayında imzalanmışdır. Əminəm ki, bu Fərman əsasında Azərbaycana qoyulacaq sərmayələrin həcmi böyük dərəcədə artacaq.
Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılmışdır. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilmişdir. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil.
Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək. Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar.
Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməlidir. Mən giriş sözümdə qeyd etdim. İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.
Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq.
Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər.
Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.
Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır.
İş yerlərinin yaradılması üçün əlavə tədbirlər görüləcək. Mən giriş sözümdə qeyd etdim ki, biz operativ tədbirləri görməklə qısa müddət ərzində 31 min daimi iş yeri yaratmışıq, daha çox dövlət sektorunda. Özəl qurumlara da tövsiyə olundu ki, çalışsınlar ixtisarlara yol verməsinlər. Burada biznesin sosial məsuliyyəti ön plana çıxır. Eyni zamanda, əlavə tədbirlərin görülməsi nəticəsində, xüsusilə özəl sektorda minlərlə, on minlərlə yeni iş yeri yaradılmalıdır, qeyd etdiyim kimi, inşaat və kənd təsərrüfatı sektorlarında. Kənd təsərrüfatı ilə bağlı planlarımızı mən bir qədər sonra bildirəcəyəm.
Burada qeyd olundu, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər öz həllini tapır. Ancaq biz elə şərait yaratmalıyıq ki, insanlar işlə təmin olunsunlar. Düzdür, ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür və biz bunu icra edirik. Ancaq bəzi hallarda bu, ələbaxımlıq meyillərini də gücləndirir. Ona görə də biz burada çox ciddi və düşünülmüş siyasət aparmalıyıq ki, insanlar işləyib pul qazansınlar. Bu məqsədlə biz rayonlarda, Bakı şəhərində, böyük şəhərlərdə ictimai işlər açırıq. Bu məqsədlə dövlət şirkətlərinə göstəriş verilmişdir ki, minlərlə yeni iş yeri açsınlar. Ancaq bəzi hallarda biz görürük ki, vətəndaşlar o iş yerlərindən istifadə etmək istəmirlər, daha çox dövlətdən ünvanlı yardım almaq istəyirlər. Ona görə, burada çox dəqiq siyasət aparılmalıdır. Doğrudan da kimin ehtiyacı varsa ona dövlət daim diqqət göstərəcəkdir. Amma əmək qabiliyyətli vətəndaşlar, gənc vətəndaşlar əgər iş varsa getsinlər o işlərdə işləsinlər, maaş qazansınlar və beləliklə, gələcəkdə öz həyatlarını qursunlar. Çünki ələbaxımlıq, ümumiyyətlə, yaxşı hal deyil. Azərbaycan artıq yoxsulluğa qarşı mübarizədə böyük uğurlar əldə edibdir. Azərbaycanda yoxsulluq aşağı səviyyədədir. Əlbəttə ki, işləmək üçün iş yerləri olmalıdır, bunlar da yaradılır. Həm dövlət, həm özəl sektorlarda özünəməşğulluğun təmin olunması üçün vəsait ayrılıb. Ona görə, bu, çox ciddi məsələdir və öz həllini tapmalıdır.
Dövlət xətti ilə infrastruktur layihələrinin icrası davam etdirilir. Qazlaşdırma, elektrik təchizatı, su təminatı, kənd yollarının tikintisi. Bu il 40-dan çox kənd yolu layihəsi icra ediləcəkdir. Bu məqsədlə təqribən 250 milyon manat vəsait nəzərdə tutulur. Bütün bölgələrdə kənd yollarının tikintisi bu il daha da geniş vüsət alacaq. Bu, həm sosial layihədir, iqtisadi layihədir, eyni zamanda, o layihələrin icrasında minlərlə, on minlərlə yeni iş yeri açılır ki, vətəndaşlar da iş yerləri ilə təmin olunsunlar. Ümumiyyətlə, inşaat sektorunun canlandırılması üçün biz çox ciddi işləməliyik. Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur. İndi pilot layihələri icra edilir. Birinci layihə Sabunçu rayonunda icra edilməyə başlanmışdır. Vətəndaşlar da bundan çox razıdırlar. Onlar müvəqqəti olaraq başqa yerlərə yerləşdirilirlər. O evlər sökülür, onların yerində gözəl, müasir binalar tikilir. Onlara köhnəlmiş, qəza vəziyyətində olan mənzillərdən canlarını qurtarmaq üçün imkan verilir. Onlar yeni evlərdə, mənzillərdə yaşayacaqlar. Orada onların yaşayış sahəsi daha da geniş olacaq və iqtisadi cəhətdən bu, çox əhəmiyyətlidir. Amma ilk növbədə biz bunu sosial layihə kimi icra etməyə başlamışıq. İndi bu proses digər rayonlarda, Qaradağ rayonunda, hər bir rayonda başlanıbdır. Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün sadəcə şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcəkdir.
Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektorunda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Şərq-Qərb dəhlizinin yaradılması üçün Azərbaycan qonşu ölkələrə bir təklif də irəli sürdü ki, biz burada daha da böyük həcmdə yükləri cəlb etmək üçün vahid tarif siyasəti aparaq. Həm gürcüstanlı, həm də türkiyəli həmkarlarımızla bu məsələ müzakirə olundu. Mənim keçən ilin sonlarında Çinə dövlət səfərim çərçivəsində bu məsələ geniş müzakirə edildi. Qədim İpək Yolunun bərpası layihəsi çox böyük önəm daşıyır. Biz sadəcə olaraq dəmir yollarının tikintisi, yaxud da ki, birləşdirilməsi ilə öz işimizi bitmiş hesab etməməliyik. Biz elə bir düzgün və razılaşdırılmış tarif siyasəti aparmalıyıq ki, bütün yüklər bizim ərazimizdən keçsin. Bunu biz təkbaşına edə bilmərik. Halbuki biz bunu edirik və bilirsiniz ki, biz yükləri operativ qaydada, bəzi hallarda 40 faiz güzəştlə daşıyırıq. Ancaq bunu bu dəhlizdə iştirak edən bütün ölkələr etməlidir. Əgər biz tarifləri endirsək, digər ölkələr endirməsə, qaldırsa onda sadəcə olaraq biz itirəcəyik. Ona görə, biz Əlaqələndirmə Şurasının yaradılması, vahid tarif siyasətinin aparılması təşəbbüsünü irəli sürdük ki, yük göndərən bilsin bu yolun haqqı, qiyməti nə qədərdir. Artıq yenə də Azərbaycanın təşəbbüsü əsasında bu prosesə də təkan verildi.
Bu il Ələt Beynəlxalq Dəniz Limanının yaradılması istiqamətində əlavə işlər görülməlidir. Bilirsiniz ki, biz bunu mərhələ-mərhələ edirik. İndi birinci mərhələnin birinci hissəsi başa çatıb, amma tezliklə birinci mərhələ tam şəkildə icra edilməlidir. Əlavə vəsait ayrılmalıdır ki, bizim burada infrastruktur və logistika imkanlarımız artan tələbatla uzlaşsın. Çünki bütün bu yolların, dəhlizlərin yaradılması bunu diktə edir. Çox yaxşı ki, vaxtilə biz bu layihəyə start vermişik. Ələt limanı Xəzər dənizinin ən böyük ticarət limanı olacaqdır. Bildiyiniz kimi, Xəzəryanı qonşu ölkələrdə də limanların tikintisi gedir və burada da əlaqələndirmə çox vacibdir. Biz bu istiqamətdə də lazımi tədbirlər görürük.
Ekoloji tədbirlərin davam etdirilməsi çox önəmlidir. Son illər ərzində həm Bakı şəhərində, həm bölgələrdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Hesab edirəm ki, Bakı şəhərinin sakinləri bunu hər gün hiss edirlər. Bakının havası təmizləndi. Bakıda indi havanın meyarları yüksək səviyyədədir. Bunu hər bir vətəndaş hiss edir. Bəziləri unudurlar ki, əvvəlki vəziyyət necə idi. Ancaq biz bunu xatırlayırıq. Bir neçə strateji layihə öz həllini tapmışdır. Onların içərisində mən əlbəttə ki, Balaxanı zibilxanasının ləğvini və burada böyük zibilyandırma zavodunun tikintisini xüsusilə qeyd etmək istəyirəm. Vaxtilə şəhərimizin havasını ən çox zəhərləyən elə Balaxanı zibilxanası idi. Yanırdı, şəhərimizi tüstü bürüyürdü və o zonada havanın çirklənməsi həddindən artıq yüksək idi. Bu, çox böyük ekoloji və sağlamlıq layihəsi oldu. Şadam ki, bu, öz həllini tapdı, orada bütün yerlər təmizləndi. Sahə abadlaşdı və gözəlləşdi. İndi orada Balaxanı Texnologiya Parkı yaradılır.
Böyükşor gölünün təmizlənməsi layihəsinin birinci mərhələsi keçən il başa çatmışdır. O da Balaxanı zibilxanasına yaxın olan bir ərazidə yerləşir. Onilliklər ərzində buraya lay suları, neftlə çirklənmiş sular, kanalizasiya suları axıdılırdı. Ora bir ekoloji fəlakət zonası idi. İndi köçəri quşlar o gölə qonur. Ətrafında gözəl bulvar yaradılıbdır. Abadlıq işləri aparılır, insanların sağlamlığı, istirahəti üçün çox gözəl bir məkana çevrilib. İndi Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsi də gündəlikdədir.
Bibiheybət buxtasının təmizlənməsi də uğurla başa çatdı. Vaxtilə bu da bir ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada gözəl parklar salınıb. Birinci Avropa Oyunları yarışlarının bir hissəsi orada keçirilibdir. Böyük Su İdmanı Sarayı, digər idman qurğuları tikilibdir. Bayraq Meydanından ta Bibiheybət buxtasınadək yaşıllıq zonaları, bulvar salınıbdır. Bu da əlbəttə ki, şəhərimizi çirkləndirirdi - Balaxanı bu tərəfdən, Qaraşəhər başqa tərəfdən. Orada da böyük təmizləmə işləri aparılmışdır, torpaq qatları götürülmüşdür. Orada vaxtilə neftayırma zavodunun bütün tullantıları yığışırdı. İndi biz Qaraşəhəri Ağ Şəhərə çeviririk. Yəni, bunlar doğrudan da nəhəng layihələrdir. İndi biz Bakıda möcüzələr yaradırıq ki, şəhərimiz gözəlləşsin, ekoloji vəziyyət yaxşılaşsın, insanlar sağlam olsunlar. İçməli su layihəsi həyata keçirilibdir. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləmə qurğusu Azərbaycanda tikilib və istifadəyə verilibdir. İndi əhalimizin böyük hissəsi Dünya Səhiyyə Təşkilatının normalarına uyğun su ilə təmin olunur. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyan layihələrdir.
Bakıda yerləşən yod zavodunun bütün qalıqları çıxarılıb. O da bir tərəfdən ekologiyanı zəhərləyirdi. Baxın, bunlar insanların sağlamlığına nə qədər ziyan vururdu. İndi bunların heç biri yoxdur. Hamısını qısa müddət ərzində biz etmişik. Böyük vəsait xərcləmişik, nəyə görə? Çünki insanlar sağlam olsunlar, hava təmiz olsun, ekoloji vəziyyət yaxşılaşsın. Həm Bakıda, həm regionlarda milyonlarla ağac əkilib və bu proses davam etdirilir.
Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz. Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik. Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək.
Biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq.
Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik. Ulu öndər Heydər Əliyevin zamanında - 1970-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunda neft amili çox aşağı faiz təşkil edirdi. İndi mənə məlumat verilir, məsələn, yüngül sənaye 23 faiz təşkil edirdi, kənd təsərrüfatı, maşınqayırma bəlkə ondan da daha böyük faiz təşkil edirdi.
Biz o vaxt kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını inkişaf etdirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək. Ancaq pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə yenə də ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi.
Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm, - Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir.
Bununla bərabər, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsini də itirmişik. Əlbəttə, burada qiymətlər çox önəmli rol oynayır, bu, zəhmətkeşlərdən hansı qiymətə alınacaq. Pambıqçılıqda da biz bunu artırmışıq, lazım olarsa bir daha artıracağıq və şərait yaratmalıyıq. Həmçinin baramaçılıq sektoru da inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar. Mən digər sahələr üzrə konkret tapşırıqlar vermişəm, o cümlədən tütünçülük, çayçılıq sürətlə inkişaf etməlidir.
Üzümçülük. Son illər ərzində dövlətin dəstəyi hesabına bu sahə inkişaf edir, üzüm bağları salınır, genişləndirilir. İri fermer təsərrüfatlarının fəaliyyəti xüsusilə taxılçılıq sahəsində dönüşə gətirib çıxaracaq ki, biz taxıl idxalından asılı olmayaq. Mən hesab edirəm ki, buna nail olmaq mümkündür. Bununla bərabər, aqroparklar salınır, yeni emal müəssisələri yaradılır. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq.
Bir sözlə, bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Sağ olun.