12:50
İlham Əliyev “Bakı-2015” birinci Avropa Oyunlarını açıq elan edib
12 iyun 2015, 23:00
Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatına görə, açılış mərasimi üçün nəzərdə tutulan bütün biletlər satılıb.
Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də AZƏRTAC-a müsahibəsində əminliklə vurğulayıb ki, Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. Onun sözlərinə görə, “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq və 6 min atletin 20 idman növündə mübarizəyə qatılması həqiqətən böyük göstəricidir.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.
Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Səhnənin quraşdırılması üç aya başa gəlib.
Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.
Açılış mərasimini hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.
Beləliklə, çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi başladı.
Mərasim “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, bir sıra maraqlı məqamlar və sürprizlərlə yadda qaldı.
Tamaşaçıların sürəkli alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın avazı pozdu. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi.
Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxırdı. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.
Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı. Şeypurçular Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirdilər. Diqqət VİP-lojalara yönəldi və salamlama başladı. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətlə salamladılar.
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.
Simfonik orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirildi.
Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi.
Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazıldı.
Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayırdı. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünürdü. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırırdı.
Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürdü və onun yerində çökək yarandı. İlham Zəkiyev tərəfindən ora yaxınlaşdırılan məşəl söndü, çökək doldu. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladırdı.
Stadionun ortasından qaya parçası götürüldü və birinci məşəl gələcəkdə görüləcək işlərə işıq salmaq üçün torpağa basdırıldı.
Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirib oyatdı. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına apardı. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəldi. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanırdı. Havadan asılmış iri tərəzinin gümüşü rəngli gözündə qadın (Ay), qızılı rəngli gözündə isə kişi (Günəş) rəqs edirdi. Nizaminin qəhrəmanları Leyli və Məcnunun rəmzləri olan kişi və qadın dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər.
Səhnə ətrafındakı halqada üç yüzədək ifaçı göründü. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolurdu. Halqa fırlandıqca adamlar sanki miniatür rəsmlərdə təsvir olunan obrazları canlandırırdılar. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü.
Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxdı. Nizami ağacdan bir nar dərdi. Qəfildən hər şey dondu.
Nizaminin ətrafındakı miniatürlər dünyası torpağa bataraq yoxa çıxdı, tərəzi uzaqlaşdı və ifaçılar səhnəni tərk etdilər.
Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri – qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı.
Sonra komandaların paradı başladı. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunurdu. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəlirdilər.
İdmançıların keçidini Albaniya, Andorra, Ermənistan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina idmançıları davam etdirdilər.
Tribunaların önündən Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Makedoniya komandaları keçdilər.
Növbə Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Macarıstan komandalarına çatdı. Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkələrdən biri Almaniyadır. Bu ölkədən Bakıya 266 idmançı gəlib.
Onların ardınca İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta komandaları gəlib keçdilər. Əslən irlandiyalı olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəsinin komandasını sevinclə salamladı.
Mərasim Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya komandalarının keçidi ilə davam etdi.
Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna komandaları tribunaların önündən keçdilər. Rusiya bu Oyunlarda ən böyük nümayəndə heyəti - 359 idmançı ilə təmsil olunur. Rusiya Prezidenti Vladimir Putin ayağa qalxaraq ölkəsinin nümayəndə heyətini salamladı.
Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə qarşıladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Bakıya gəlmiş 190 idmançını salamladılar.
İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunurdu. Üçrəngli bayrağımızı cüdo üzrə Avropa çempionu Elmar Qasımov aparırdı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamladılar.
İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayrağın yerləşdirildiyi platformaya aparan pillələrdə toplaşaraq tribunalarda yerlərini tutdular.
Daha sonra bayraqların rəqsi başladı. Aaron Koplendin “Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçının ifasında zərb alətlərinin sədası altında davam etdi.
Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri oldu. O, piano arxasında əyləşərək “Imagine” (“Xəyal et”) mahnısını ifa etdi. Müğənninin ifası hərarətlə qarşılandı və dəfələrlə alqışlandı.
Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirildi. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kristina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirdilər.
Stadionda Uilyam Uoltonun “İmperiya tacı” marşı səsləndi.
AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı.
Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada çalışmış alimlərin videogörüntüsü, həmçinin ixtiraları yayımlandı. Onların arasında məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau da vardı.
Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdur ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidir.
Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən artıq fizik və mühəndisin cəmləşdiyi qurumun – Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır.
Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması böyük adron sürətləndiricisi effektini yaratdı.
Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Uçub-keçən ulduzlar Bakı səmasında parlayır. Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfə idi ki, bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilirdi.
Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun buğanın belindəki təsviri qitənin rəmzidir.
Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səsləndi. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə etdi.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə gəldilər.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış etdi.
Mehriban Əliyevanın çıxışı
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax.
Zati-aliləri.
Avropa Oyunlarının atletləri.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. İlk Avropa Oyunlarına xoş gəlmisiniz.
Əziz həmvətənlər.
Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir.
Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır.
Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.
Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!
Əziz dostlar, bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq.
Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir.
Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı.
Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı.
Məhz alovlanan ruh hamımızı bir araya gətirir.
Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm.
Bu minnətdarlıq onun həm ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və göstərdiyi yardım ilə bağlıdır.
Mən, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Olimpiya ailəsinin üzvlərini salamlamaq istəyirəm. Azərbaycanda Olimpiya hərəkatına verdikləri davamlı dəstəyə görə onlara minnətdaram.
Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir.
Bu il biz Avropa Oyunlarını qəbul edirik.
2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik.
Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir.
Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür.
Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub.
Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır.
İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sayəsində vaxtın məhdud olduğunu dəf edərək, bu Oyunları cəmi iki il yarım ərzində hazırladıq.
Mən Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm.
Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirmək istəyirəm.
Komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun bariz nümunəsidir. Bu axşam biz Avropanın 6 min ən yaxşı atletini ölkəmizdə salamlayırıq.
Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız. Siz Avropa Oyunlarının ilk çempionları olacaqsınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək üçün bir araya gəlib.
Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Bu axşam mən xalqımızdan, əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram. Mən bu Oyunlara qəlbən bağlandığınıza görə Sizin hamınıza təşəkkürümü bildirirəm.
Onu da bildirirəm ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.
Avropa Oyunlarının atletləri.
Xanımlar və cənablar.
Əziz qonaqlar.
Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.
Patrik Hikkinin çıxışı
-Axşamın xeyir Bakı!
Axşamın xeyir Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.
“Bakı-2015”-in Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax.
Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah.
Zati-aliləri dünya liderləri.
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri.
Avropa Olimpiya ailəsinin üzvləri.
Çox hörmətli qonaqlar.
Bakıdan və bütün Azərbaycandan olan əziz dostlar.
Qarşıdan gələn 17 günü canlandıracaq 12.500 könüllü.
Sağ olun.
Çox sağ olun.
Bu, Avropa Olimpiya Komitəsinin tarixində ən fərəhləndirici məqamdır.
Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq.
Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik.
Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq.
Prezident Əliyev, sağ olun, birinci xanım, Əliyeva sağ olun! Azərbaycan, sağ ol! Avropa Olimpiya ailəsini səmimi qəbul etdiyinizə görə sağ olun!
Birinci xanım Əliyeva, Sizin “Bakı-2015”-in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir.
Bu sahədə yorulmaz fəaliyyətinizə, Avropada idmanın parlaq gələcəyinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Siz bir dövlət kimi qürur doğuran yoldasınız. Bu yolda Sizinlə addımlamaqdan şərəf duyduq. Beynəlxalq ictimaiyyətin üzvü, cəmiyyət və Avropanın yeni idman paytaxtı kimi məqsədlərinizin həyata keçməsində iştirak etməkdən fərəh hissi duyduq.
İdman müsbət dəyişikliklər üçün nadir qüvvədir. Prezident Baxın idmanın universal qanunu hesab etdiyi dəyişikliyi qaçılmaz edən dəyərlərin yayılmasına çalışdıq. Qlobal etika, ədalət, hörmət və dostluq dəyərlərini yaydıq.
“Bakı-2015” uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-ın alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz.
İdman və Olimpiya hərəkatının gənc dövlətinizin sürətli inkişafının mərkəzində durmasına daim səy göstərən Prezident Əliyevin və birinci xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərimizin aparıcı qüvvəsi oldu.
Bu, sizə - nazir Azad Rəhimovun rəhbərlik etdiyi “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsindəki 2000 əməkdaşa göstərilən etimaddır. Çünki onlar Oyunları cəmi 30 ay ərzində həyata keçirmək məqsədilə bu cür qətiyyət və peşəkarlıqla çalışdılar.
Səylərinizə görə çox sağ olun.
İndi isə mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi “Bakı-2015” ilk Avropa Oyunlarını açıq elan etməyə dəvət edirəm.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi.
Stadionun ətrafında atəşfəşanlıq başlandı.
Stadionun işıqları söndürüldü. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidildi. Bu, mərasimin əvvəlində dinlədiyimiz xalq artisti Alim Qasımovun səsi idi. Bu dəfə o, uçan xalça üzərində oxuyurdu.
Çat-çat olmuş torpaq üzərində bir qadın dolaşırdı. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni vardı. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərirdi. Xəfif meh qadının uzun, şəffaf duvağını yellədirdi. O, səhnənin ortasına çatdıqda qabı birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoydu. Yerdən su çıxmağa başladı, qadının qarşısında nəhəng su hövzəsi – Xəzər dənizinin rəmzi canlandı. O, suda ahəstə addımladı, sonra çevrilib arxasında yaranmış mənzərəyə baxdı.
Bu vaxt yerdən üst-başı toz-torpağa, palçığa batmış 100 kişi çıxdı. Onlar 50 nağaraçının səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa etdilər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başladı. Yerdən iri qaya parçaları çıxdı və birləşərək nəhəng dağa çevrildi. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar göründü. Bunlar Qobustanın qədim qayaüstü təsvirləri idi.
Torpağın yarığından çıxan kişi dağın zirvəsində göründü. Stadiona çökmüş sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları pozdu. Kişi ayağı altında yanan daşı götürdü. Bu səhnələr Fikrət Əmirovun “Min bir gecə” baletinin uvertürası ilə müşayiət olunurdu. Kişi qarşıda – Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedirdi. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucaldı. Dağ yavaş-yavaş yerə endi və yerə batıb yoxa çıxdı. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladırdı. Kişi yolda daşı daha iki dəfə yerə qoydu. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrildi. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyirdi. Petroqlif get-gedə daha dolğun insan forması aldı.
Kişi yaratdığı alov mənzərəsinə baxdı. Qadın ona yetişmək üçün sulardan üzüb keçdi. Yanan daşı qaldırdı, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub yox oldu. Kişi və qadın yanan daşı əllərində birlikdə tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başladılar. Onlar dayaz sulara atıldılar və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tulladılar. Yanan daş lövhənin ortasına dəyib, onu parçaladı. Lövhə alışaraq alov dairəsinə çevrildi. Bu, ilk Avropa Oyunlarının məşəli idi.
Beləliklə, ən həyəcanlı an gəlib yetişdi və birinci Avropa Oyunlarının məşəli alovlandı.
Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni – tam Günəş tutulmasını xatırladırdı. Birlik və sülh rəmzi olan ilk Avropa Oyunlarının məşəli stadiondan səmaya ucaldı.
Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə apardı, qarşıda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlandı və atəşfəşanlıq başladı.
Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzədi və möhtəşəm bayram mənzərəsi yaratdı.
Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.
Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzüldülər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynadılar. Nar dənəsi rəngində 20 min şar tamaşaçıların üzərinə səpələndi. Bu “nar dənələri” sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.
Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi başa çatdı.
Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10