İlham Əliyev yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib

23 fevral 2015, 13:20
İlham Əliyev yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib

Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.

İdmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Əziz idmançılar.

Güləş Federasiyasının üzvləri.

Sizi, ilk növbədə, böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan yunan-Roma güləşi üzrə dünya kubokunun sahibidir. Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanmışlar və ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir.

Dünya kubokunda dünyanın ən güclü komandaları iştirak etmişlər. Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik. Bizim milli bayrağımız qaldırılmışdır, sizin şərəfinizə dövlət himnimiz səsləndirilmişdir. Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur.

Güləş Federasiyası Olimpiya Oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür. Əlbəttə, hər bir qələbədən sonra çox güman ki, uşaqlarımız, yeniyetmələrimiz güləş bölmələrinə daha da böyük həvəslə gedəcəklər, güləşçi olmaq istəyəcəklər ki, onlar da sizin kimi Azərbaycanı ləyaqətlə təmsil etsinlər, çempion olsunlar və yüksək kürsülərdə əyləşsinlər.

Mən Federasiyasının işindən razıyam. Bütövlükdə Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir. Azərbaycan idman dövlətidir. Bütün mötəbər beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, dünya idman federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox böyük uğurlara imza atmışdır və bu, həqiqətən də belədir. Çünki baxın, Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu yerdədir, yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan 10-cu yerdədir. Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər. Bizim idmançılarımız hər il medalların sayına görə liderlik göstərirlər, həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə medalların sayı ildən-ilə artır.

Azərbaycanda idman infrastrukturu yaradılır. Əgər bu infrastruktur yaradılmasaydı, çox güman ki, bu uğurlar da mümkün olmazdı. Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya idman qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur. Müxtəlif proqramlar qəbul edilmişdir və idmanın inkişafı dövlət siyasətidir. Bu yaxınlarda Bakıda keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər mənim sözlərimi təsdiqləyir.

Bu nəticələr təbiidir. Çünki görülən işlər federasiyaların, klubların, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bizdə vəziyyət belədir ki, bir çox ölkələrdən fərqli olaraq, bütün idman qurumları, idmanın inkişafına cavabdehlik daşıyan qurumlar bir nöqtəyə vurur və idarəetmədə də çox düzgün yanaşma mövcuddur.

Mən əminəm ki, idmançılarımız bundan sonra da bizi sevindirəcəklər. Əlamətdar hal ondan ibarətdir ki, bizim bütün idmançılarımız, o cümlədən bu gün burada əyləşən idmançılar müstəqillik dövründə yetişiblər. Bu, müstəqilliyimizin əlamətidir.

Azərbaycanda bütün dövrlərdə güclü idmançılar olmuşdur. Ancaq əgər sovet dövrünü yada salsaq, görərik ki, bizim o qədər də böyük idman uğurlarımız olmamışdır. Ancaq müstəqillik dövründə Azərbaycan dünya arenalarında ən yüksək nəticələrə çata bilmişdir. Ancaq müstəqillik dövründə bizim Olimpiya çempionlarımız, dünya çempionlarımız, Avropa çempionlarımız özlərini göstərirlər və onların sayı getdikcə artır. Görün indi bizim nə qədər Olimpiya çempionlarımız vardır. Heç vaxt bu qədər Olimpiya çempionlarımız olmamışdır.

Müstəqil Azərbaycanda idman sürətlə inkişaf edir. Mən artıq bu barədə fikirlərimi qeyd etdim. Yəni, müstəqilliyin üstünlüyü müxtəlif sahələrdə özünü göstərir. İlk növbədə, Azərbaycan xalqı azad xalqdır, öz taleyini özü müəyyən edir.

Bu gün Azərbaycan reallıqları belədir - hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, Azərbaycan vətəndaşıdır. O cümlədən bu müsbət dinamika, müsbət inkişaf idmanda da özünü göstərir və bu da təbiidir. Çünki hər bir sahədə uğurlarımız var, o cümlədən idmanda. İdmanda isə bu nəticələr daha əyani şəkildə özünü göstərir. Çünki medalların sayı, yarışlarda idmançılarımızın qələbələri artıq bu reallıqları təmin edir.

Bir daha sizin uğurunuza qayıtmaq istəyirəm. Yunan-Roma güləşi Azərbaycanda bütün dövrlərdə çox populyar idi. Son illərdə bizim doğrudan da çox güclü komandamız yaranmışdır.

Dünya kubokunun əldə edilməsi çox böyük hadisədir. Çünki bu, komandanın qələbəsidir. Bu, onu göstərir ki, bizdə bir-iki idmançı yox, bizdə komanda, çoxsaylı idmançılarımız dünya miqyasında ən güclü idmançılardır. Sizin rəqibləriniz də dünyanın ən güclü idmançıları idi. Siz böyük məharət, peşəkarlıq, Vətənə sevgi göstərərək bu qələbəyə nail oldunuz, bizim hamımızı sevindirdiniz.

Əlbəttə, bilirəm ki, siz bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da ciddi hazırlaşırsınız. Dünya kuboku yarışında göstərdiyiniz nəticələr ümid edirəm ki, iyun ayında da təkrarlanacaq. Bütün Azərbaycan xalqı qələbələr gözləyir. Bu, doğrudan da böyük tarixi nailiyyətdir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. İki il bundan əvvəl mən bu barədə öz sözümü deyəndə bəziləri bəlkə də inanmırdı ki, Azərbaycan qısa müddət ərzində, cəmi 2 il yarım ərzində bütün hazırlıq işlərini yüksək səviyyədə görə biləcək. Ancaq bu gün demək olar ki, bizim bütün idman qurğularımız ya artıq hazırdır, yaxud da yaxın vaxtlarda hazır olacaq. Bütün təşkilati məsələlər öz həllini tapır və iyun ayında Azərbaycanda böyük idman bayramı qeyd ediləcək.

Əlbəttə, Azərbaycan komandası bu Oyunlarda böyük tərkibdə təmsil olunacaq. Əsas ümidlərimiz, əlbəttə, ondan ibarətdir ki, güləşçilərimiz bizi bir daha sevindirəcəklər. Artıq Yay Olimpiya Oyunlarına da o qədər çox vaxt qalmayıb. Gələn il Rio-de-Janeyroda Olimpiya Oyunları keçiriləcəkdir. Bilirəm ki, ciddi hazırlıq gedir. Bir daha qeyd etmək istəyirəm, belə mötəbər yarışlarda qələbənin qazanılması onu göstərir ki, bizim bundan sonra da qələbələrimiz olacaqdır.

Mən bir daha sizin hamınızı ürəkdən salamlayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra də Vətənə, xalqa sədaqət nümayiş etdirərək bizi yeni qələbələrlə sevindirəcəksiniz.

                                                                                        X X X

Yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Rafiq HÜSEYNOV dedi:

- Möhtərəm cənab Prezident.

Mən də fürsətdən istifadə edərək, öz növbəmdə Sizi bu qələbə münasibətilə təbrik edirəm. Cənab Prezident, bu qələbə təkcə biz idmançıların deyil, həm də Sizin rəhbərlik etdiyiniz bütün Azərbaycanın qələbəsidir. Biz idmançılar Sizin ölkəmizin inkişafı və qüvvətlənməsi üçün göstərdiyiniz səylərdən böyük ruh yüksəkliyi alırıq.

Cənab Prezident, Siz hər zaman biz idmançılara diqqət və qayğı ilə yanaşırsınız. Buna görə də mən həm öz adımdan, həm komanda yoldaşlarımın adından, həm də Federasiyanın bütün kollektivi adından Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Sizinlə görüş hər zaman bizə ruh yüksəkliyi və əlavə güc verir. Cənab Prezident, biz idmançılar Sizin qayğınızı və diqqətinizi üzərimizdə hiss edirik. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Çünki bütün sahələrdə olduğu kimi, bu sahədə də Siz bizə yüksək diqqət və qayğı göstərirsiniz. Hər bir idmançının vəzifəsi yaxşı hazırlaşmaq və dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir. Biz də çox xoşbəxtik ki, bu yarışda ölkəmizi layiqincə təmsil etdik və Sizin etimadınızı doğrultduq.

Möhtərəm cənab Prezident, bu tarixi qalibiyyət münasibətilə bir daha bütün komanda yoldaşlarımın adından Sizi ürəkdən təbrik etmək istəyirəm. Öz adımdan, həmçinin bütün komanda yoldaşlarımın adından söz veririk ki, bundan sonra daha da əzmlə çalışacağıq və söz veririk ki, qarşıdan gələn ilk Avropa Oyunlarında bayrağımızı qaldıracağıq, himnimizi səsləndirəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha Sizə təşəkkür edirəm.

                                                                                         X X X
Prezident İlham ƏLİYEV: Çox sağ ol.
                                                                                         X X X

Yunan-Roma güləşi üzrə milli komandamızın böyük məşqçisi Nurəddin RƏCƏBOV dedi:

- Möhtərəm cənab Prezident.

Əziz dostlar, idmançılar, qonaqlar.

Mən fürsətdən istifadə edərək, möhtərəm cənab Prezident, Sizi bu qələbə münasibətilə təbrik edirəm. Cənab Prezident, bu qələbə Sizin qələbənizdir. Başda Siz olmaqla bütün Azərbaycan xalqının qələbəsidir. Çünki ölkəmizdə bütün sahələr, o cümlədən idman şəxsən Sizin birbaşa diqqət və qayğınızla əhatə olunub. Siz hər zaman çıxışlarınızda Azərbaycanın idman ölkəsi olduğunu qeyd edirsiniz. Bu gün qazandığımız bu qələbə bunu bir daha sübut edir. Komandalarımız beynəlxalq yarışlarda uğurlu çıxış edir, ölkəmiz dünyanın ən möhtəşəm beynəlxalq yarışlarına ev sahibliyi edir. Təsadüfi deyil ki, dünya tarixində ilk dəfə keçiriləcək Avropa Oyunları da məhz Azərbaycanda baş tutacaq. Cənab Prezident, bu, ilk növbədə, Sizin uğurunuzdur. Məhz Sizin göstərişiniz əsasında həm paytaxtımızda, həm də bölgələrimizdə idmanın ən müxtəlif sahələri üzrə ixtisaslaşmış Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir.

Bu gün ölkəmizdə güləşlə məşğul olan 40 mindən artıq idmançının böyük əksəriyyəti məhz bölgələrimizdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərində hazırlıq keçir. Təsadüfi deyil ki, son Olimpiya Oyunlarında və dünya çempionatlarında qızıl medal qazanmış idmançılarımız məhz bu bölgələrimizin təmsilçiləridir. Olimpiya çempionu Toğrul Əsgərov Gəncə, Hacı Əliyev isə Naxçıvan güləş məktəbinin yetirmələridir. Ötən il biz analoji yarışda Azərbaycan idman tarixində ilk dəfə dünya kubokunu üçüncü yerdə başa vurmuşduq. Bu dəfə istəyimiz, arzumuz kuboku qazanmaq, Vətənimizə kubokla dönmək idi. Biz bu gün şadıq ki, Sizin etimadınızı doğrulda bilmişik.

Möhtərəm cənab Prezident, bu qələbə bizim üçün vacib idi. Çünki qarşıda bizi ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları kimi möhtəşəm yarış gözləyir. Çalışacağıq ki, Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edək, Azərbaycanın güclü idman ölkəsi olduğunu bir daha sübut edək.

                                                                                         X X X

Prezident İlham ƏLİYEV: Sağ ol. Doğrudan da bu, böyük qələbədir. Bu qələbə bir daha onu göstərir ki, bizim güləşçilərimiz dünyada ən güclü güləşçilərdir. Yəni, bu qələbənin əsl nəticəsi bundan ibarətdir. Çox şadam ki, yunan-Roma güləşçilərimiz, sərbəst güləşçilərimiz, qadın güləşçilərimiz bizi sevindirirlər. Qadın güləşçilərin fəaliyyətini də mən çox yüksək qiymətləndirirəm. Bu sahədə əldə edilmiş nailiyyətlər məni çox sevindirir. Çünki bizdə keçmişdə qadın güləşi olmamışdır. Ancaq bu gün qadınlar da yüksək pillələrə qalxırlar, Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Beləliklə, güləşin hər üç növü üzrə Azərbaycan dünyada liderdir. Bu, danılmaz həqiqətdir. Bu liderliyi biz son bir neçə il ərzində əldə etmişik. Mən qeyd etdim ki, güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür, milli idman növümüzdür.

Ancaq beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bu qədər qələbəmiz heç vaxt olmamışdır. Bu, görülən işlər nəticəsində mümkün olmuşdur.

Mən bir daha ilk növbədə idmançıları, onların məşqçilərini, idman mütəxəssislərini və Güləş Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Onların fəaliyyətini, xüsusilə qeyd etmək istəyirəm.

Bu qələbə bir daha Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünü göstərir. Onu göstərir ki, Azərbaycan gənci nə qədər istedadlıdır, güclüdür, Vətənə sədaqətlidir. Çünki qələbəni əldə etmək üçün sadəcə olaraq peşəkar güləşçi olmaq kifayət deyildir. Gərək qələbə əzmi olsun, gərək Vətən sevgisi olsun, vətənpərvərlik ruhu yüksək səviyyədə olsun. Bütün bunlar var. Azərbaycan gəncləri bu gün milli ruhda tərbiyə olunurlar. Azərbaycan gənci öz dövlətinə, xalqına sadiqdir. Bu gün Azərbaycan gənci bizim sərhədlərimizi qoruyur. Bu gün Azərbaycan gənci düşmənə sarsıdıcı zərbələr vurur. Bu gün Azərbaycan gənci dünya miqyasında Azərbaycanın idman şöhrətini ucaldır. Bu, məni Prezident kimi və Milli Olimpiya Komitəsinin prezidenti kimi sevindirir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Onlar vətənpərvər, bilikli, savadlı, fiziki cəhətdən güclü olmalıdırlar ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin. Belə qələbələr əlbəttə ki, bu inamı daha da gücləndirir. Ona görə, mən bu qələbəyə çox böyük əhəmiyyət verirəm. Siz dünən Vətənə qayıtmısınız və bu gün sizinlə görüşürük. Bir daha sizə öz səmimi arzularımı çatdırır və yeni qələbələr arzulayıram.

İdmançılar: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.
                                                                                          X X X
Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50