Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəldi.
İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə inşa olunmuşdur. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olundu ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, inşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilmişdir. Ərazidə yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışmışdır. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulmuş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, geniş piyada səkiləri salınmışdır.
Prezident İlham Əliyev yol qovşağı və tunelin açılışını bildirən lenti kəsdi.
İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:
- Bu tunelin açılışı münasibətilə sizə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində belə gözəl iş görmüsünüz. Bir ildən az müddətdə belə gözəl körpü-tunel tikilib və bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu, işin bir hissəsidir, ondan sonra da işlər həyata keçiriləcək və beləliklə bütün bu zona artıq nəqliyyat baxımından ən yüksək standartlara cavab verəcəkdir. Əsas bu işlərdə keyfiyyət və əlbəttə ki, sürətdir. Hər iki məsələ burada həll olunub. Əminəm ki, burada bütün başqa işlər də eyni sürətlə və keyfiyyətlə görüləcəkdir.
Sizi qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
Sonra dövlətimizin başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxdı. Məlumat verildi ki, Fətəli Xan Xoyski prospektindən metronun “Nəriman Nərimanov” stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edə, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.
Prezident İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə bağlı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
X X X
Dövlət başçısı İlham Əliyev sonra paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılışında iştirak etdi.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır.
Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, tikinti zamanı burada 100-ə yaxın işçi çalışmışdır. Tunelin ümumi uzunluğu 274 metrdir. Örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.
Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, yüksək səviyyədə işıqlandırma sistemi qurulmuşdur. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulmuş, ətrafda yaşıllıqlar salınmış, ağac və kollar əkilmiş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, rahat piyada səkiləri salınmışdır. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunmuşdur.
Prezident İlham Əliyev Heydər Əliyev prospekti, Koroğlu Rəhimov küçəsi və Xətai prospekti arasında avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması üçün təklif edilən yeni yolun planına, həmin ərazidə tikintisi başa çatmaq üzrə olan və inşası nəzərdə tutulan yolların sxeminə baxdı, tapşırıq və tövsiyələrini verdi.
Dövlət başçısı tunelin açılışını bildirən lenti kəsdi.
X X X
Prezident İlham Əliyev paytaxtın Xətai rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yeni inşa olunan tunellərin açılış mərasimində də iştirak etdi.
Nəqliyyat Naziri Ziya Məmmədov tunellərin texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına məlumat verdi ki, Yusif Səfərov küçəsinin altından keçən piyada keçidi “Tunel-1” ilə Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidi “Tunel-2” bir-birinə bitişikdir.
Prezident İlham Əliyev inşaatçılarla görüşdü, onları keçidlərin açılışı münasibətilə təbrik etdi. Dövlətimizin başçısı qeyd etdi ki, paytaxt Bakıda böyük işlər görülür. Bu ərazidə məktəb, xəstəxana və digər inzibati binaların olması piyada keçidlərinin əhəmiyyətini artırır. Yusif Səfərov küçəsi də genişləndirilmişdir. İnşa olunan keçidlər ən müasir standartlara cavab verir. Prezident İlham Əliyev dedi ki, bütün bunlar insanların rahatlığına yönəlmişdir.
Prezident İlham ƏLİYEV sonra dedi:
- Bakının bütün keçidləri, eyni zamanda, memarlıq əsərləridir. Belə də olmalıdır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və Bakıda nəqliyyat infrastrukturu ən yüksək səviyyədə olmalıdır. Çox şadam ki, bütün bu gözəl işləri Azərbaycan şirkətləri görür. Artıq Azərbaycan şirkətləri nəinki ölkənin nəqliyyat sektorunda, xaricdə də işləyirlər.
Prezident İlham Əliyev bir daha paytaxt sakinlərini və inşaatçıları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqlarına uyğun olaraq tunellərin tikintisinə bu ilin fevral ayında başlanılmışdır. Respublika Perinatal Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Ali Məhkəmənin bu ərazidə olması, Yusif Səfərov və Mehdi Mehdizadə küçələrində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli olan tunellərin tikinti işləri müasir texniki üsullardan istifadə etməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işlərində 50-yə yaxın işçi çalışmışdır. Üç giriş-çıxışı olan keçidlərin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, tunellərin örtülü hissəsinin ümumi uzunluğu 136 metrdir. Yusif Səfərov küçəsinin altından keçən piyada keçidinin uzunluğu 76 metr, Mehdi Mehdizadə küçəsinin altından keçən piyada keçidinin uzunluğu isə 50 metrdir. Hər iki tunelin eni 5, hündürlüyü isə 3 metrdir. Keçidlərdə təhlükəsizlik kameraları quraşdırılmışdır. Keçid piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın bu hissəsinin memarlıq ansamblına da yaraşıq verir.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı paytaxtda yenidənqurma tədbirləri zamanı keyfiyyətin və müasirliyin başlıca meyar kimi götürülməsinin zəruriliyini vurğuladı.
X X X
Daha sonra Prezident İlham Əliyev Neftçilər prospekti, 135 ünvanında inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak etdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeraltı piyada keçidinin inşasına bu ilin fevralında başlanılmışdır.
İşlərin keyfiyyətlə, həm də tez bir zamanda yekunlaşması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Tikintinin gedişində 60-a yaxın işçi çalışmışdır. Yeni yeraltı keçid piyadaların Milli Parka və əks istiqamətə təhlükəsiz hərəkətini təmin etmək üçün mühüm rol oynayır.
Keçiddə piyadaların hərəkətini asanlaşdırmaq üçün 4 müasir eskalator quraşdırılmışdır. Dünyanın aparıcı dövlətlərində istifadə edilən bu eskalatorların uzunluğu 4,2 metrdir. Burada, həmçinin əlillərin hərəkəti üçün şərait də yaradılmışdır. Yeraltı keçidin tavanına alkopon vurulmuş, döşəmə və divarlar qranitlə örtülmüşdür.
Prezident İlham Əliyev keçidin açılışını bildirən lenti kəsdi.
Dövlət başçısına məlumat verildi ki, müasir tələblər səviyyəsində yaradılan 2 çıxışlı keçidin tunelinin örtülü hissəsinin uzunluğu 56, eni 8, hündürlüyü isə 3 metrdir. Keçiddə müasir işıqlandırma sistemi, girişlərdə təhlükəsizlik kameraları quraşdırılmışdır. Bu kameralar vasitəsilə gün ərzində keçiddə təhlükəsizliyə nəzarət ediləcəkdir.
Bildirildi ki, bu keçid piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, həm də əraziyə əlavə gözəllik verir. Qeyd olundu ki, yeni keçid Neftçilər prospektində nəqliyyatın tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Qrunt və yağış sularının keçidə axmasının qarşısını almaq məsələsinə də inşaat işləri zamanı diqqət yetirilmişdir.
X X X
Həmin gün Prezident İlham Əliyev paytaxtın Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində əsaslı yenidənqurmadan sonra açılan piyada keçidi ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, piyadaların və avtomobillərin hərəkətinin sıx olduğu bu ərazidəki keçiddə əsaslı təmir işlərinə cari ilin aprelində başlanılmışdır. Dörd giriş-çıxışı olan keçiddə təmir və yenidənqurma işləri zamanı yüksək keyfiyyətli inşaat materiallarından istifadə edilmişdir.
Keçidin inşası Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Təmir işlərində 100-ə yaxın işçinin çalışdığı keçidin ümumi uzunluğu 80, eni 4-8, hündürlüyü isə 2,3 metrdir. Keçidin divarları, döşəməsi, işıq sistemi tam yenilənmişdir. Məhəccərlər isə paslanmayan metaldan düzəldilmişdir. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün xüsusi nasosxana qurulmuşdur. Sakinlərin təhlükəsizliyinə nəzarət üçün burada kamera da quraşdırılmışdır. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca yol salınmışdır.
Prezident İlham Əliyev yeraltı keçidi gəzdi və görülən işlərlə yaxından tanış oldu.
X X X
Prezident İlham Əliyev Yasamal rayonundakı 20 nömrəli orta məktəbin yanında, Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsindəki yeraltı piyada keçidinin də açılışında iştirak etdi.
İnşaatçılar və mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, bu piyada keçidinin tikintisi ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Həmin obyektin tikintisi zamanı ətrafda da əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.
Layihə reallaşdırılarkən yeraltı keçidin ətrafdakı tikililər və infrastruktur obyektləri ilə ümumi ansambl təşkil etməsinə də xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyevə keçidin texniki–iqtisadi göstəriciləri barədə də məlumat verildi. Qeyd olundu ki, qısa müddətdə tikintisi başa çatdırılan bu qurğunun 5 istiqamətə çıxışı vardır. Yaxınlıqda bir sıra təhsil ocaqları yerləşdiyindən keçid xüsusilə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Keçiddə eskalator da quraşdırılmışdır. Əlillərin də bu qurğunun xidmətindən rahat istifadəsi üçün müvafiq tədbirlər görülmüşdür.
Prezident İlham Əliyev mərasim iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etdi.
Respublikanın Əməkdar Müəllimi Sabir MƏMİŞOV mərasim iştirakçıları adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi:
- Bu, yalnız bizim məktəb üçün deyil, ətrafda yaşayan əhali üçün ən böyük hədiyyədir. Çünki övladlarını bu məktəbə yola salan valideynlər intizarda qalırdılar ki, görəsən yolu necə keçdilər. Dəfələrlə məktəbə zəng edib maraqlanırdılar, gəlib çatdılarmı? Siz bu intizara son qoydunuz. Sizə həddindən artıq təşəkkür edirik.
Sabir Məmişov ulu öndər Heydər Əliyevin siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, ölkəmizdə yenidənqurma tədbirlərinin vüsət aldığını bildirərək dedi:
- Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı müstəqil bir dövlət kimi qurdu, onu parçalanmaqdan qorudu. Siz isə Azərbaycanı daha da inkişaf etdirmisiniz. Hər gün respublikamızda yeni-yeni binalar tikilir, yeni-yeni keçidlər açılır. Sizə bir daha təşəkkür edirik.
Prezident İlham ƏLİYEV dedi:
- Sağ olun. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə, Azərbaycanın bütün müəllimlərinə xoşbəxtlik, cansağlığı arzulayıram. Bu gün Bakı şəhərində çox əlamətdar bir gündür. Bu gün dörd piyada keçidi, iki tunel açılıb. Bu keçidin əlbəttə ki, öz xüsusiyyəti, çox böyük önəmi vardır və qeyd etdiyiniz kimi, burada böyük məktəb yerləşir. Bir neçə il bundan əvvəl bu məktəb də əsaslı təmir edilibdir və yadımdadır, mən bu məktəbdə vəziyyətlə tanış olmuşam.
Prezident İlham Əliyev keçidin ən müasir standartlara uyğun inşa olunduğunu vurğuladı.
Sabir Məmişov 20 nömrəli orta məktəbdə tədrisin yüksək səviyyədə aparıldığını, 12 şagirdin Prezident təqaüdçüsü olduğunu, 3 müəllimin Əməkdar Müəllim adı daşıdığını və 2 müəllimin isə “Tərəqqi” medalına layiq görüldüyünü söylədi. O, məktəbdə xarici dillərin tədrisinə də xüsusi diqqət yetirildiyini bildirdi.
Prezident İlham ƏLİYEV dedi:
- Uşaqlar nə qədər çox xarici dil bilsə, o qədər yaxşıdır. Uşaqlarımız bilikli, savadlı olmalıdırlar, ölkəmiz üçün, gələcəyimiz üçün işləməlidirlər, yaxşı tərbiyə almalıdırlar. Əlbəttə ki, şərait də yaxşı olmalıdır. Siz bilirsiniz ki, ölkəmizin müxtəlif yerlərində iki mindən artıq məktəb tikilib, təmir edilib və bu proses davam edir. Çünki hələ təmirə ehtiyacı olan məktəblərin sayı kifayət qədərdir. Mən hesab edirəm ki, gələn iki-üç il ərzində Azərbaycandakı bütün məktəblər ən yüksək səviyyədə təmir olunub istifadəyə veriləcək və yeniləri tikiləcəkdir. Bir daha sizi bu bayramlar münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.
Sonra Prezident İlham Əliyevə yeraltı keçidin digər texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, bu qurğunun uzunluğu ümumilikdə 173, eni 6 və hündürlüyü 3 metrdir.
Tikinti-quraşdırma işləri zamanı yüksək keyfiyyətli inşaat materiallarına üstünlük verilmişdir. Layihənin reallaşdırılması zamanı müasir və milli memarlıq üslublarının bir-birini tamamlaması diqqət mərkəzində saxlanılmışdır. İşıqlandırma sistemi də mükəmməlliyi ilə seçilir və qurğunun görkəmini daha da gözəlləşdirir. Keçidin normal fəaliyyəti üçün digər kompleks tədbirlər görülmüşdür.
Yeraltı piyada keçidi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.