2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı KONSEPSİYASI

04 noyabr 2014, 18:40

Azərbaycan Respublikası Prezidentinin
2014-cü il “ 04 “ noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir.
Müstəqilliyin əldə edildiyi ilk illərdə ölkə iqtisadiyyatının zəif inkişafı, maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən pensiya təminatı sistemində çətinliklər meydana çıxmışdır. Bununla yanaşı, sovet dönəmindən qalmış sosial sığortaya əsaslanmayan pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu Azərbaycan Respublikası üçün əsas və ümumi bir problem olmuşdur.
1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında siyasi sabitlik bərqərar edilməklə əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Ötən illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunmuşdur. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah durumu əhəmiyyətli şəkildə yaxşılaşmış və bu təbəqədə yoxsulluq, demək olar ki, tam olaraq aradan qaldırılmışdır. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə və beləliklə də bu göstərici üzrə ölkəmizin postsovet coğrafi məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir.
Bununla belə, pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə bu gün də yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycanda mövcud pensiya təminatı modelinin beynəlxalq təcrübədə əldə olunmuş qabaqcıl təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi zərurəti ilk növbədə ölkəmizdə bazar iqtisadiyyatına keçidin uğurla başa vurulması və yeni reallıqlar müstəvisində vətəndaşların pensiya təminatının daha yetkin mexanizmlər vasitəsilə həyata keçirilməsinə imkan verən sistemin yaradılması ilə bağlıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə yeni perspektivlərin çizilməsinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır.
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir.

2. Pensiya təminatı sahəsində beynəlxalq təcrübə

2.1. Beynəlxalq Əmək Təşkilatının, eləcə də Avropa Şurasının sosial təminat sahəsində müvafiq konvensiyaları və tövsiyələri bir qayda olaraq qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutmaqla yanaşı, bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir. Eyni zamanda, bir çox ölkələrdə məcburi sosial sığorta sistemi ilə yanaşı, könüllü pensiya sığortası da inkişaf etdirilir ki, bu da əhalinin əlavə pensiya təminatında mühüm rol oynayır.
2.2. Beynəlxalq təcrübədə pensiyaların maliyyələşdirilməsi həmrəylik, yığım, habelə bu modellərin birləşməsindən ibarət pensiya sistemləri əsasında həyata keçirilir. Həmrəylik sistemi hazırda işləyənlərin əsas etibarı ilə ödədikləri sosial sığorta haqqı hesabına yaşlı nəslin pensiyalarının maliyyələşdirilməsini nəzərdə tutur. Bundan fərqli olaraq, yığım sistemində hazırda işləyənlərin icbari, yaxud könüllü qaydada ödədikləri sosial sığorta haqqı cari pensiya xərclərinə sərf olunmur və əlavə gəlir əldə etmək məqsədi ilə müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur.
2.3. Qabaqcıl ölkələrdə bu maliyyələşmə modellərinin müxtəlif nisbət və formada birləşməsinə əsaslanan pensiya təminatı sistemləri daha geniş yayılmışdır. Əksər hallarda icbari qaydada tətbiq edilən və əsasən həmrəylik prinsipi üzrə maliyyələşdirilən dövlət pensiya təminatı sistemlərinə əlavə olaraq yığım maliyyələşmə modeli əsasında fəaliyyət göstərən pensiya təminatı sistemlərindən istifadə olunur.
2.4. Hazırda dünyada qlobal iqtisadi və demoqrafik amillərin təsiri ilə pensiya təminatı sahəsinin inkişafı tendensiyaları bütövlükdə bu sahənin maliyyə dayanıqlığının etibarlı şəkildə təmin olunması istiqamətində görülən tədbirlərlə müəyyənləşir.
2.5. Qlobal maliyyə böhranı şəraitində vəsaitlərin dəyərsizləşməsi ilə bağlı üzləşilən ciddi problemlər bir tərəfdən həmrəylik modellərinin gücləndirilməsi, digər tərəfdən isə yığım pensiya təminatı sxemlərində vətəndaşların iştirakının məcburi qaydadan daha çox könüllülük əsasında həyata keçirilməsinə üstünlük verilməsi meyllərini gücləndirmişdir.
2.6. Bir çox qabaqcıl ölkələrin təcrübəsində həmrəylik prinsipi əsasında qurulmuş dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi başlıca olaraq sığorta prinsiplərinin tətbiqinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Dövlət pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsini, həmçinin bu sistemlərin iştirakçılarına münasibətdə aktuar ədalətliliyin (hər bir iştirakçının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının) gözlənilməsini nəzərdə tutan islahat tədbirləri ilə bağlıdır.
2.7. Beynəlxalq təcrübə göstərir ki, yalnız məcburi dövlət sosial sığortasına əsaslanan sistemin tətbiqi ilə yüksək pensiya məbləğinə nail olunması xeyli çətindir. Məcburi dövlət sığortası ilə yanaşı, könüllü sığortanın tətbiqi layiqli pensiya məbləğinə şərait yaradır. Könüllü sosial sığortanın tətbiqi özəl pensiya fondlarının yaradılmasını zəruri edir ki, bu da pensiya sistemləri ilə maliyyə bazarları arasında qarşılıqlı əlaqənin təmin edilməsini şərtləndirir.

3. Azərbaycan Respublikasında pensiya təminatı sisteminin
mövcud vəziyyəti

3.1. Azərbaycan Respublikasında pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılmışdır.
3.2. Aparılan islahatlarla ilk növbədə əvvəlki pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlər aradan qaldırılmış, həmin sistemlə əhatə olunmuş insanların məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır.
3.3. Bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması və pensiya məbləğlərinin indeksləşdirmə yolu ilə inflyasiyadan qorunması təmin edilmişdir.
3.4. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə və sığorta prinsiplərinin daha da dərinləşdirilməsinə hədəflənən islahat tədbirlərinin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Pensiya təminatı sistemində bir sıra həllini gözləyən problemlər mövcuddur:
3.4.1. pensiya təminatı sistemində hazırkı şərtlər daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmaması. Hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Həmin dövrə görə yaranan dövlət öhdəlikləri, eləcə də bəzi kateqoriyadan olan şəxslərin pensiyasına əlavələr sığorta prinsiplərinə əsaslanmadığından pensiya təminatı sistemində təmin olunmamış maliyyə öhdəlikləri formalaşmışdır. Bununla yanaşı, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində yaranan öhdəliklərin ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması (əmək pensiyalarının baza hissəsinin mütəmadi artımları, sistemə ödənilən sosial sığorta məbləğlərinə adekvat olmayan yüksək pensiya təminatı və s.) həmin öhdəliklərin məbləğinin şərti yığım sistemində qeydə alınan pensiya kapitalına uyğun olmayan artımını yaratmışdır.
Hazırda ölkəmizdə mövcud olan pensiya təminatı sistemində bir sıra sosial sığorta ilə əlaqəli olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli artırmaqla pensiya sisteminin xərclərinin, eləcə də dövlət büdcəsindən ayırmaların (transfertin) artımını şərtləndirmişdir. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun təsdiq edilmiş büdcəsində xərclərin məbləği 2014-cü ildə 2928,5 milyon manat təşkil etmişdir ki, bu da 2006-cı ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə artmışdır. Həmin müddətdə dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 6,8 dəfə artmaqla, 167 milyon manatdan 1142 milyon manata, cəmi xərclərdə xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlmişdir. Göstərilənlərlə bağlı, pensiya təminatı sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının daha da möhkəmləndirilməsi məqsədi ilə müvafiq tədbirlər işlənilməli, sosial sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəlikləri üzrə xərclərin maliyyə yükünün sistemə təsiri tənzimlənməli, sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında əlaqə gücləndirilməlidir;
3.4.2. əmək pensiyasının baza hissəsinin növbəti mərhələdə tətbiqinin islahat tələblərinə uyğun olmaması. Əvvəlki mərhələdən (pensiyaların orta aylıq məbləğinin dövlət dəstəyi vasitəsilə müəyyən həddə çatdırılması) fərqli olaraq, hazırkı vəziyyətdə əmək pensiyasının baza hissəsi pensiya təminatı sistemində sığorta prinsiplərinin dərinləşdirilməsinə mənfi təsir edir. Belə ki, ödənilən cəmi sığorta haqqının yarısının baza hissəsinin maliyyələşdirilməsinə yönəldilməsi, sığorta haqqı ilə pensiya arasındakı əlaqəni zəiflədir. Bu isə uzun müddət və yüksək məbləğdə sosial sığorta haqqı ödəyən işçilər tərəfindən daha az müddətdə və aşağı məbləğdə sosial sığorta haqqı ödəyən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə yüksək əməkhaqqından sosial sığorta haqlarının ödənilməsinə maraq azalır;
3.4.3. sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsinin zəruriliyi. Sosial sığorta haqqı normativinin mövcud strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir;
3.4.4. pensiya təminatı sisteminin yığım potensialını zəiflədən faktorlar. Azərbaycan Respublikasında pensiya təminatı sisteminin ödəmə qabiliyyətinə mənfi təsir edən bir sıra amillər mövcuddur. İlk növbədə, pensiya təminatı sisteminin iştirakçılarının, yəni sığortaolunanların və pensiyaçıların sayı arasındakı nisbətin mövcud səviyyəsi qənaətbəxş deyildir. Bu vəziyyət əsasən pensiya təminatı sistemindən kənar amillərlə, xüsusilə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərlə əlaqədardır.
Hazırda pensiyaçıların sayı 1,28 milyon nəfər, sığortaolunanların sayı isə 2,7 milyon nəfərdir. Bir pensiyaçıya təxminən 2,1 nəfər sığortaolunan düşür. Sığortaolunanların təxminən 1,4 milyon nəfəri muzdla işləyənlərdir və onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri isə daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sığorta haqqı ödəyənlərdir. Buraya əsasən, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aiddir. Həmrəylik prinsipinə əsaslanan pensiya təminatı sistemi üçün bu şərtlər böyük çətinliklər törədir və sığorta prinsiplərinin tam gözlənilməməsi ödənilən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin xüsusi çəkisinin artımına şərait yaradır;
3.4.5. pensiya təminatı sisteminin bir sıra göstəricilərinin tənzimlənməsində mövcud olan problemlər. Mövcud pensiya təyinatı şərtləri (sosial sığorta normativlərinin və sığorta stajına olan tələbin hazırkı səviyyəsi) səmərəli əvəzetmə əmsalına və onun əməkhaqqı məbləğinin yüksəlməsinə mütənasib artımına imkan vermir. Pensiya hüququ əldə etmək üçün sığorta stajına tələbin az olması və müxtəlif yaşlarda pensiyaya çıxan şəxslərə eyni gözlənilən pensiya ödənişi müddətinin tətbiqi pensiya məbləğlərində qeyri-adekvatlığa səbəb olur. Nəticədə, pensiya təminatı sisteminə az müddətdə sosial sığorta haqqı ödənildiyi halda, uzun müddət ödənişlərin aparılması sistemin maliyyə yükünü artırır. Ödənilən sığorta haqqı ilə (xüsusilə, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edənlər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar üzrə) təyin olunan pensiya arasındakı uyğunsuzluq maliyyə əsası olmayan öhdəliklər yaradır. Bununla yanaşı, ümumi pensiya yaşından əvvəl pensiya hüququnun əldə edilməsi halları, pensiya hüququnun əldə edilməsində müxtəlif yaş fərqlərinin mövcudluğu sığorta prinsiplərini zəiflədən amillərdəndir. Xüsusi pensiya şərtlərinin mövcudluğu təyin olunan pensiyalara müxtəlif şərtlərlə əlavələrin edilməsinə şərait yaratmaqla, fərqli təminatlara səbəb olur. Müəyyən xidmət illəri toplamış şəxslərin qanunvericiliklə müəyyən edilmiş ümumi pensiya yaşından erkən pensiyaya çıxmaq hüququ da pensiya təminatı sistemində əlavə maliyyə öhdəliyi yaradır.
3.5. pensiya təminatı sisteminin inkişafı istiqamətlərinin çoxparametrli aktuar proqnozlara əsaslanan uzunmüddətli ekonometrik modellər əsasında təyin olunması zəruridir. Ötən dövrdə bu istiqamətdə səriştəli beynəlxalq ekspert və məsləhətçilər cəlb edilməklə, ayrı-ayrı mövzuların aktuar tədqiqi təşkil edilmişdir. Bu proses davam etdirilməli, pensiya təminatı sisteminin gəlirləri və xərcləri arasında mütənasibliyin gözlənilməsi və digər problemlərin əlaqəli şəkildə öyrənilməsi mexanizmləri tətbiq edilməlidir.

4. Pensiya təminatı sisteminin islahatının əsas məqsəd və vəzifələri

4.1. Yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq, pensiya təminatı sisteminin islahatı sahəsində qarşıda yeni strateji məqsədlər durur.
4.2. Pensiya təminatı sisteminin islahatının əsas məqsədləri aşağıdakılardır:
4.2.1. pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması;
4.2.2. pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi.
4.3. Pensiya təminatı sisteminin islahatının əsas vəzifələri aşağıdakılardır:
4.3.1. pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması;
4.3.2. pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi;
4.3.3. pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması;
4.3.4. sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bir sıra öhdəliklərin dövlət öhdəliyi kimi fərqləndirilməsi;
4.3.5. əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi.

5. Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətləri

5.1. Pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması. Pensiya təminatı sistemində aparılan islahatlar həmin sistemin maliyyə dayanıqlılığına nail olunmasına, eyni zamanda, onun sosial sığortaya əsaslanmayan öhdəliklərdən qorunmasına istiqamətlənməlidir. Bu məqsədlə pensiya təminatı sisteminin öhdəliklərinin dəqiqləşdirilməsi, məcburi dövlət sosial sığorta haqlarının yalnız sosial sığorta nəticəsində yaranan xərclərə yönəldilməsi, sığorta prinsiplərinə əsaslanmayan xərclərin isə minimum səviyyəyə endirilməklə, maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması nəzərdə tutulur. Bunun üçün pensiya məbləğlərinin bir hissəsini təşkil edən sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlərin, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsinə yönəldilən xərclərin dövlət öhdəliyi kimi fərqləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, aparılan islahatlarla pensiya məbləğlərinin hər bir şəxsin ödədiyi sığorta haqqına uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur. Əməkhaqqı yüksək olan şəxslərin ödədiyi sığorta haqqının əməkhaqqı aşağı səviyyədə olan şəxslərin pensiyalarına yönəldilməsi praktikasının dəyişdirilməsi təklif olunur. Əmək fəaliyyəti dövründə yüksək məbləğdə sığorta haqqı ödəmiş işçilər adekvat əvəzetmə əmsalına malik olacaqlar. Müvafiq olaraq, fəaliyyətinin qısa dövründə və aşağı əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödəmiş şəxslərə pensiya sistemi cəlbedici əvəzetmə əmsalı ilə pensiya təminatına şərait yaratmayacaqdır.
5.2. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcəkdir. Bu, təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaqdır. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası ilə bağlı olaraq minimum pensiya məbləği göstəricisi tətbiq ediləcəkdir. Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda, pensiya hüququ üçün sığorta stajına tələb qoyulmaqla, həmin məbləğə çatdırılacaqdır. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda isə sığorta stajına tələb qoyulmayacaqdır. Minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaqdır.
5.3. Sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi. Pensiya təminatı sistemində iştiraka marağın artırılmasını təmin etmək məqsədi ilə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi nəzərdə tutulur.
5.4. Pensiya sisteminin ödəmə potensialının gücləndirilməsi. Pensiya təminatı sisteminin cəlbediciliyinin artırılması, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması vasitəsilə sığorta haqqı ödəyənlərin sayının pensiyaçıların sayına nisbətinin optimallaşdırılması pensiya təminatı sisteminin maliyyə daxilolmalarını artıran mühüm mənbə kimi qiymətləndirilir.
5.5. Sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ilə ödənilən sığorta haqqı arasında mütənasibliyin təmin edilməsi. Sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ilə ödənilən sığorta haqqı arasında mütənasibliyin təmin edilməsi məqsədi ilə pensiya yaşının optimal həddinin müəyyən edilməsi, zərərli və təhlükəli işlərdə çalışanlar, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və digər kateqoriyalar üçün pensiya təyinatı və sığorta haqqı normativləri şərtlərinə yenidən baxılması nəzərdə tutulur.
5.6. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması. Pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi sistemdə baş verəcək proseslərin əvvəlcədən müəyyənləşdirilməsinə və onun idarə olunması üçün qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradacaqdır.
5.7. Əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi. Əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. Dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üçün könüllü sosial sığortanın tətbiqi məqsədəuyğun hesab edilir. Bu məqsədlə bir sıra təşviq vasitələrinin istifadəsi nəzərdə tutulur.

6. Konsepsiyanın həyata keçirilməsindən gözlənilən nəticələr

6.1. Bu Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası pensiya təminatı sistemində aşağıdakı nəticələrə nail olmağa imkan verəcəkdir:
6.1.1. təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcəkdir;
6.1.2. pensiya təminatı sisteminin yığım potensialı güclənəcəkdir;
6.1.3. pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcəkdir;
6.1.4. sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcəkdir;
6.1.5. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayı azalacaqdır;
6.1.6. pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırılacaqdır;
6.1.7. pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır.

7. Konsepsiyanın həyata keçirilməsi üzrə
 
 TƏDBİRLƏR PLANI
 
Sıra №-si
Tədbirlərin adı
İcra  müddəti
(illər üzrə)
İcraçılar
1
2
3
4
7.1.
Pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi məqsədilə qanunvericilik aktlarının təkmilləşdirilməsi
 
 
7.1.1.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması
 
 
7.1.1.1.
sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.2.
pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial  sığorta haqqının məbləğinə uyğunlaşdırılması
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.3.
əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi
 
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.4.
pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi
 
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.5.
erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması
 
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.6.
pensiya təminatında dövlət  öhdəlikləri ilə sığorta - pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu, AR Maliyyə Nazirliyi
1
2
3
4
7.1.1.7.
güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.1.8.
kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması
 
2018-ci ildən başlayaraq
AR Dövlət Sosial Müdafiə Fondu, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
7.1.2.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması
 
 
7.1.2.1.
məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.2.2.
məcburi dövlət sosial sığorta haqqını minimum əməkhaqqına nəzərən ödəyənlərin (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər) sığorta normativlərinin təkmilləşdirilməsi
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.2.3.
məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqına müəyyən hədd qoyulmaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.1.2.4.
könüllü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi
 
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
7.2.
Fərdi hesablarında toplanılmış sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması sisteminin təkmilləşdirilməsi
2014-2015
AR Dövlət Sosial Müdafiə Fondu
1
2
3
4
7.3.
Əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması üzrə təkliflərin hazırlanması            
2015
AR Nazirlər Kabineti,
AR Maliyyə Nazirliyi,
AR İqtisadiyyat və Sənaye Nazirliyi,  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
AR Dövlət Sosial Müdafiə Fondu
7.4.
Qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yaradılması
             2015-2017
AR Nazirlər Kabineti,
AR Maliyyə Nazirliyi,
AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Mərkəzi Bank,
AR Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları
 
7.5.
Pensiya təminatısisteminin cəlbediciliyinin artırılması, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması vasitəsilə sığorta haqqı ödəyənlərin sayının pensiyaçıların sayına nisbətinin optimallaşdırılması
2014-2020
AR Dövlət Sosial Müdafiə Fondu
7.6.
Pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi
2014-2020
AR Dövlət Sosial Müdafiə Fondu
 
7.7.
 
Əmək pensiyalarının ödənilməsi sisteminin təkmilləşdirilməsi
 
mütəmadi
AR Dövlət Sosial Müdafiə Fondu
7.8.
Dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi   
mütəmadi
AR Dövlət Sosial Müdafiə Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
aidiyyəti dövlət  orqanları
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12