Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

10 iyul 2014, 14:00
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi

- Əminəm ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaqdır.

Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin.

İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir.

Buna baxmayaraq müəyyən uğurlu addımlar atılmışdır.

Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər.

İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb. Mən də açılışlarda iştirak etmişəm.

Vətəndaşlarla söhbət əsnasında onların bu məsələyə müsbət yanaşmasını görmüşəm. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər.

Elə etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin edirik. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunmuşdur.

Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır.

Meliorasiya ilə bağlı. Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır. Mən keçən müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki, mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min hektar torpaq suvarılacaqdır. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaqdır. Ona görə, yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat versinlər. Ondan sonra, əlbəttə ki, biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın.

Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi – 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək.

İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir.

Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir.

Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır.

Əlbəttə, məhsuldarlığın artırılması bütün sahələrdə təmin edilməlidir. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması dediyim o meliorasiya layihələrinin icrası nəticəsində də nəzərdə tutulur. Belə olan halda bir daha demək istəyirəm, biz dəqiqliklə bilməliyik hansı rayonda neçə min hektar dövriyyəyə buraxıla bilər ki, orada bütün infrastruktur layihələri təmin edilsin, yollar və digər məsələlər öz həllini tapsın. Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq.

Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir.

Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir. Biz hədəf kimi bunu saxlayırıq, amma həm kənd təsərrüfatı, həm də sənaye sahəsində hazırlıq işləri getməlidir, bu islahatlar aparılmalıdır.

Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir.

Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun.

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əlbəttə ki, bu, bizim üçün yeganə məqbul olan yoldur. Amma, eyni zamanda, dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlarımız sırf sosial xarakter daşıyır. Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib. Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı, diqqət göstərilir?! Mən sizə deyim ki, heç bir ölkədə. Bu, bizim siyasətimizin əsas istiqamətidir və biz bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik.

Sənaye sahəsində də eyni yanaşma tətbiq olunur. Dövlət öz hesabına texnoparklar yaradır. Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur.

Hesab edirəm ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir.

Əvvəlki müşavirələrdə qeyd etmişəm ki, hər bir rayonda sənaye zonaları olmalıdır. Bu istiqamətdə də işlər gedir və getməlidir.

Dövlət əlbəttə ki, əsas yükü öz üzərinə götürür. Belə də olmalıdır. Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır.

Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.

Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!

Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir.

Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi.

“ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur.

Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı “ASAN xidmət”in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar.

Nəqliyyatla bağlı məsələlər öz həllini tapır. Burada mən iki məsələni qeyd etməliyəm. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaqdır. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır.

Eyni zamanda, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. Əslində, yeni qurum yaradılır - “Baku Bus” şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır.

Metro tikintisi sürətlə gedir. Hesab edirəm ki, biz bu sahəyə əlavə vəsait də ayırmalıyıq. Çünki bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Yerlərdən gələn təkliflər də bunu göstərir.

Biz məcburi köçkünlərin problemlərini həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll edəcəyik. Bu il də ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Bu proses artıq uğurla gedir. Həm Bakıda, həm bölgələrdə yeni massivlər tikilir, yeni qəsəbələr salınır və biz bu işləri ən yüksək keyfiyyətlə görürük.

Böyükşor gölünün təmizlənməsi burada qeyd olundu. Layihə icra olunur. Bu, çox böyük layihədir, rəmzi xarakter daşıyır.

Bakının ətrafında çirklənmiş göllərin sayı ondan çoxdur. Onlardan ən böyüyü, ən çirklənmişi Böyükşor gölüdür və biz məhz bu göldən başlamışıq. Bu gölü biz tədricən təmizləyəcəyik. Hələ ki, iki yerə bölmüşük, ola bilsin üç yerə böləcəyik. Eyni zamanda, yol salınacaqdır. Artıq bənd tikilir. Bu, həm şəhər nəqliyyatı üçün faydalı olacaq, eyni zamanda, bu gölü hissə-hissə təmizləmək daha da asandır. Hesab edirəm ki, gələn ilin yayına qədər birinci hissə artıq istifadəyə veriləcəkdir. Üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bu da həm ekoloji cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də artıq nəzərdə tutulur. Biz yəqin ki, yaxın aylarda bu gölün təmizlənməsinə də başlamalıyıq. Biz hələ ki, iki göldən başlayıb, növbəti illərdə bütün gölləri təmizləyəcəyik. O göllərə illər ərzində çirkab sular, lay, neft, kanalizasiya suları axıdılırdı. Bu göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcəkdir.

İndi Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması nə qədər böyük təsir göstərmişdir. İndi əvvəlki illərdə olduğu kimi şəhəri bürüyən zərərli tüstü yoxdur. İndi şəhərin havası dəyişir. Biz “Avro” standartına keçmişik. “Avro” standartından aşağı səviyyədə olan avtomobillər artıq Azərbaycana idxal edilmir. Bu da böyük dərəcədə müsbət təsir göstərəcəkdir. Çünki havanı çirkləndirən əsas amil avtomobillərdir. Həmçinin neftayırma zavodumuzda yenidənqurma işləri nəzərdə tutulur. Artıq layihə təqdim edilibdir. Mən hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Bəlkə də, biz bunu ayrıca müzakirə edəcəyik. Ancaq bizim zavodumuzda ən azı “Avro-5” benzinin istehsalı nəzərdə tutulur və vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik.

Göllərin, neftlə çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası. Bibiheybət buxtasının əvvəlki görüntülərinə nəzər salsaq görərik ki, biz nə dərəcədə böyük işlər görmüşük. İndi orada ağaclar əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi.

Ceyms Bond haqqında filmi orada çəkmişdilər. Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər.

Bibiheybətin o filmdəki və indiki vəziyyətinə baxmaq olar. İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq məqsədi ilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları, idman meydançaları olacaqdır. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər.

Bax budur bizim gördüyümüz işlər. Ona görə ekologiya məsələlərinin həllinə daim diqqət göstərilir. Altı ayda həm Bakıda, həm bölgələrdə iki milyondan çox ağac əkilibdir. Mən həmişə deyirəm ki, bu, daimi proses olmalıdır. Biz nə qədər çox ağac əksək, xüsusilə Abşeron yarımadasında, o qədər də insanların sağlamlığına xidmət etmiş oluruq.

Yəni, bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik. Nazirlər Kabinetinin üzvlərinə isə uğurlar arzulayıram.

Sağ olun!

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15