Əlahəzrət,
2022-ci ildə futbol üzrə dünya çempionatının Qətər Dövlətində keçirilməsi barədə FİFA İcraiyyə Komitəsinin qərarı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu qərar ölkənizin hərtərəfli inkişafına, beynəlxalq və regional məsələlərin həllində fəal səylərinə verilən yüksək qiymət, dünya miqyasında gündən-günə artan nüfuzunun bariz ifadəsidir. Ümidvaram ki, çempionat mükəmməl təşkilati-texniki hazırlığı ilə fərqlənəcək və yüksək səviyyədə keçiriləcəkdir.
Sizə, qardaş Qətər xalqına, ölkənizin bütün idman ictimaiyyətinə çempionata hazırlıq mərhələsində uğurlar, bu mötəbər yarışa ev sahibliyi edəcək milli komandanıza isə əzmkarlıq və parlaq qələbələr arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 dekabr 2010-cu il.