ABŞ-ın Nyu-York ştatındakı “Meridian İnternational Media” şirkətinin prezidenti Pərvanə Abbaspurdan

14 noyabr 2013, 15:05

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Növbəti Prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmağınız təkcə doğma Vətənimizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların Sizə olan inamının, hörmət və məhəbbətinin təcəssümüdür.

Böyük dövlət xadimi Heydər Əliyevin qurub-yaratdığı azad, demokratik, müstəqil Azərbaycan Respublikası Sizin bacarıqlı idarəçiliyiniz və düzgün siyasətiniz nəticəsində yüksək sürətlə inkişaf etmiş, regionda aparıcı mövqelərə çıxmışdır. Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizin bu tarixi uğurlarına çox sevinirik.

Taleyin hökmü ilə Azərbaycandan uzaqlarda yaşamalı olsaq da, qəlbimiz daim Vətənlə bir döyünür. Onun sevincinə də, kədərinə də şərik oluruq. Hər zaman Sizin Azərbaycan naminə yürütdüyünüz praqmatik siyasəti təqdir edir, Vətənimizin adını daim uca tutmağa çalışırıq. Qürbətdə yaşamaq nə qədər çətin olsa da, Vətənə məhəbbətimizə təsir etmir. Biz Azərbaycanın uğurlarını həmişə sevinclə izləyir və inanırıq ki, qarşıdan gələn illərdə də Siz Azərbaycanın daha yüksək tərəqqisi, dünya birliyində məxsusi yer tutması, qədim və zəngin mədəniyyətə malik xalqımızın imicinin artması naminə hələ bundan sonra neçə-neçə qələbələrə imza atacaqsınız. Xüsusən, Ali Baş Komandan kimi doğma Qarabağımızı, gözəl Şuşamızı düşmən tapdağından xilas edəcəyiniz günü səbirsizliklə gözləyirik.
Əziz Prezidentimiz, biz hər zaman Sizin xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqətinizi öz üzərimizdə hiss etmişik.

Elə ötən ilin mayında Nyu-Yorka səfəriniz zamanı Sizinlə bilavasitə görüşlərimizdən və səmimi söhbətlərimizdən doğan xoş təəssüratlar bu qənaətimizi daha da möhkəmləndirir, bizi doğma Vətənimiz naminə daha səmərəli fəaliyyətə ruhlandırır. Biz, Nyu-York ştatında fəaliyyət göstərən “Meridian İnternational Media” şirkəti olaraq, indiyə qədər yerli qəzet, radio, TV və internet saytlarında Azərbaycan tarixinə, mədəniyyətinə, müstəqil respublikamızın müasir inkişaf mərhələsinə dair çoxlu sayda materiallar dərc etmişik. Sizinlə görüş və söhbət zamanı isə verdiyiniz tövsiyələri nəzərə alaraq, bundan sonra da Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni uğurları haqqında Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan diasporuna və dostlarına zəruri informasiyalar çatdırmaq üçün yeni layihələr üzərində bütün qüvvə və bacarığımızla çalışmaq əzmindəyik.

Hörmətli cənab Prezident, seçkilərdəki inamlı qələbəniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, ali tarixi missiyanızı yerinə yetirməkdə Sizə daha böyük uğurlar arzulayırıq. Vətənimizin hüdudları xaricində yaşayan həmvətənlərimiz Sizə böyük inamla baxır və Sizi daim dəstəkləyirlər.

Dərin hörmətlə,

Pərvanə Abbaspur
ABŞ-ın Nyu-York ştatındakı “Meridian İnternational Media” şirkətinin prezidenti