İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

13 aprel 2021, 10:00
İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açaraq deyib:

- Zati-aliləri cənab Prezident, hörmətli konfrans iştirakçıları.

Bu gün bizim konfransda iştirakına və regionun gələcəyi ilə bağlı baxışını bizimlə paylaşmaq istəyinə görə Prezident İlham Əliyevə bütün iştirakçılar adından təşəkkürümü bildirməkdən şərəf duyuram.

Bizim universitet Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, hər zaman ölkədə təhsil sahəsində islahatların tərəfdarı olub. Onun Azərbaycanda müasir universitetlə bağlı baxışı və həmin universitetin elm və siyasətlə bağlı müzakirələrin aparılması üçün beynəlxalq platformaya çevrilməsi bizim bugünkü tədbirə tam uyğundur. Çünki ADA Universiteti bu konfransın əsas təşkilatçılarındandır.

Cənab Prezident, Sizi universitetimizdə salamlayır, fürsətdən istifadə edib Sizi professor, müəllim və tələbə heyəti adından Qarabağ müharibəsində mühüm Qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Biz 30 il ərzində bu günlərin həsrətində idik və Sizin liderliyiniz və həyatlarını qurban vermiş qəhrəmanlarımızın sayəsində Azərbaycan xalqı bu Zəfər sevincini yaşamışdır.

Hörmətli tədbir iştirakçıları, biz bu müzakirələri sizin Ağdama, Qarabağın azad olunmuş rayonlarından birinə səfərinizdən sonra keçiririk. Orada siz dağıntıların və Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi oldunuz. Müharibə başa çatıb və artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var ki, Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi mümkün olsun. Bizim universitetin professor və müəllim heyəti siyasətlə bağlı müxtəlif toplantıların keçirilməsində iştirak etmiş və hökumətimizə yenidənqurma işlərində yardım etmək məqsədilə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına geri dönmələri mövzusunda rəy sorğusu təşkil etmişdir. Sizin töhfəniz və ideyalarınız bizim işimiz üçün faydalı olacaq. Sizə Bakıya səfəriniz və konfransımızda iştirakınıza görə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edir və böyük şərəf hissi ilə sözü Sizə verirəm.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Əvvəlcə, ADA Universiteti və onun rektoru Hafiz Paşayevə belə bir tədbirin təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Şadam ki, nisbətən qısa bir zamanda ADA Universiteti Azərbaycanın aparıcı universitetlərindən birinə çevrilib və geniş beynəlxalq əlaqələrə malikdir. Həmçinin mən tədbir iştirakçılarına da minnətdarlığımı bildirirəm. Təsəvvür edə bilərsiniz ki, müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Atəşkəsə əməl olunsa da, münaqişədən sonrakı inkişafla bağlı çoxsaylı suallar var və bu konfransın mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır.

Bir daha bütün iştirakçılara təşəkkür edirəm. Biz bunu yalnız regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda, 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyinizin əlaməti hesab edirik. Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilirdi. Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir. Siz hansı hadisələrin baş verdiyini yaxşı bilirsiniz. Siz proseslə maraqlanan şəxslərsiniz və burada 30 illik işğalla bağlı geniş danışmağa ehtiyac duymuram. Mən burada çıxışımı dayandırmaq və müzakirələrə daha çox vaxt ayırmaq istəyirəm. Bir daha iştirakınıza görə sağ olun.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:

-Sağ olun, cənab Prezident. İcazənizlə tədbirimizin sual-cavab hissəsinə keçmək istərdik. Burada 10 nəfərdən çox iştirakçı söz almaq arzusunu ifadə edib. Söz ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzəyə verilir.

ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə: Təşəkkür edirəm cənab Prezident, bu gün Sizinlə birlikdə olmaq mənim üçün şərəfdir. Sizi bu yeni dünyada görməkdən çox şadam. Çıxışınızda qeyd etdiyiniz son məqama - Ermənistanda və Azərbaycanda insanların yanaşması məsələsinə toxunmaq istəyirəm. Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Bəziləri bəlkə də bunu dərk eləmir, ancaq Siz təmkinli şəkildə müharibə apardınız. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşırdı. Yeganə istisna Dağlıq Qarabağın hüquqi statusu ilə bağlıdır. Onun da səbəbi odur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Mənim sualım belədir: Ermənistan dərk edirmi ki, Siz müharibəni təmkinli qaydada aparmısınız və bu, bir müddətdən sonra xalqlar arasında hansısa barışıqla nəticələnə bilərmi? İkinci sualım isə tədbirin sonunda bizimlə fotoşəkil çəkdirmək istəyiniz varmı?

Prezident İlham Əliyev: Əlbəttə, çəkdirərik. Çıxışınıza görə sizə təşəkkür edirəm. Siz danışıqlar prosesində birbaşa iştirak edən şəxs olmusunuz, bizim və Ermənistanın mövqeyinin nədən ibarət olduğunu yaxşı bilirsiniz. Azərbaycanın mövqeyi hər zaman konstruktiv olub. Sizin keçmiş həmkarlarınız - Minsk qrupunun Fransadan və Rusiyadan olan həmsədrləri ilə görüşlər zamanı qeyd olunurdu ki, Azərbaycan münaqişənin tezliklə həllinin tərəfdarı idi, çünki əziyyət çəkən tərəf də biz idik. Danışıqlar zamanı məndə güclü bir hiss var idi və mən bunu sizlərə deyirdim ki, Ermənistan münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi. Mən burada əvvəlki hökuməti nəzərdə tuturam. Bu, Fransada Rambuye görüşündə baş vermişdi. 2009-cu ildə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonların Azərbaycana qaytarılmasını və dırnaqarası statusun gələcək danışıqlar predmeti olmasını nəzərdə tutan münaqişənin həlli formulasını rədd etdi. Yəni, məsələ bu yerdə idi və siz bunu çox yaxşı bilirsiniz.

Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır. Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad edirdik və bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparılmışdır. Beləliklə, bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılmış və əməliyyatlara cəlb olunmuşdular. Ermənilər tərəfindən tərk edilmiş mülki vətəndaşlara olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür. Məsələn, Hadrut bölgəsində bir neçə yaşlı insan tərk edilmişdi. Bizim hərbçilər oraya gəldikdə bu insanlar qorxu içərisində idi. Həmin ermənilər keçmişdə azərbaycanlılar arasında yaşadıqlarına görə Azərbaycan dilində səlis danışırdılar. Onlar bizim xəstəxanaya aparıldı. Daha sonra biz Qırmızı Xaç Komitəsinin iştirakı ilə onları təhvil vermək istəyəndə Ermənistan imtina etdi. Yaşlı insanların birinin səhhəti pis idi və onlar dedilər ki, biz onu qəbul etmirik. Beləliklə, həmin şəxs Qırmızı Xaç Komitəsinin iştirakı ilə Azərbaycanda xəstəxanaya yerləşdirildi.

O ki qaldı, bizim müharibə zamanı davranışımız Ermənistan tərəfindən düzgün qiymətləndirilirmi sualına, mənim cavabım xeyrdir və bu, çox təəssüf doğuran haldır. Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Giriş nitqimdə ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq.

ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz: Cənab Prezident, 1990-cı illərin sonunda Azərbaycanda belə bir fikir var idi ki, vətəndaş cəmiyyəti və QHT-lər münaqişə başa çatdıqdan sonra etimadın gücləndirilməsi baxımından işlər görə bilər. Siz qeyd etdiniz ki, münaqişə başa çatıb. Bu mənada vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı hansı rol oynaya bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Hesab edirəm ki, onlar mühüm rol oynaya bilərlər. Xüsusilə də mənim Ermənistanın siyasi seqmentindən gözləntilərim haqqında fikirlərimin fonunda. Burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanlar mövcuddur. Sizin də bununla bağlı bəlkə məlumatınız var – Ermənistanın vətəndaş cəmiyyətinin çox azsaylı nümayəndələri var ki, Azərbaycanla sülh barəsində danışsın. Belə fikir söyləyənlər isə ictimai təqiblərə, bəzən fiziki hücumlara məruz qalırlar. Onlara xəyanətkar deyilir və erməni siyasətçiləri onları türk adlandırırlar. Bu isə onların siyasi jarqon dilində yəqin ki, təhqir deməkdir. Yəni, siyasətçilər onlara hədə-qorxu gəlirlər. Biz, hətta münaqişə dövründə vətəndaş cəmiyyəti nümayəndələri arasında körpü yaratmağa cəhdlər etmişik. İki dəfə belə bir nümayəndə heyəti Ermənistanda və Qarabağda səfərdə oldu. Onlar da Bakıya səfər etdilər. Lakin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və parlament üzvlərinin ikinci səfərindən sonra erməni tərəfi bunu dayandırdı. Mən Ermənistanın o zamankı prezidenti Sarkisyandan soruşanda ki, bunu niyə dayandırdınız, cavab verə bilmədi. Sonra məlum oldu ki, onlar müəyyən yaxınlaşma, müəyyən əməkdaşlıq elementlərinin yarana biləcəyindən qorxdular. Yəni, onlar hər zaman buna mane olurdular. Ancaq indi onlar fərqli vəziyyətdədir. Biz mesajlarımızı Ermənistan cəmiyyətinə çatdırmaq iqtidarında olmalıyıq. Bu baxımdan resurslar məhduddur. Ermənistanda ictimai mühitə hökumət tərəfindən ciddi nəzarət edilir və dediyim kimi, Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır.

İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi: Təşəkkür edirəm, cənab Prezident, iştirakımdan şərəf duyuram. Mənim sualım yenidənqurma ilə bağlıdır. Azərbaycanın tərəfdaşları bu işdə Sizə necə kömək edə bilərlər? İtaliya-Azərbaycan münasibətlərini xüsusi qeyd etmək istəyirəm. 2020-ci il münasibətlərimiz üçün mühüm il olmuşdur. Mən Cənub Qaz Dəhlizinin, nəhayət istifadəyə verilməsini nəzərdə tuturam. Ancaq zənnimcə, burada söhbət daha geniş təmasların nəticəsindən gedir. Sizin ötən ilin fevralında İtaliyaya dövlət səfəriniz dönüş nöqtəsi olmuşdur. Səfər zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə İtaliya ilk dəfə Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini vurğuladı. Bu, İtaliyanın ötən illər ərzində apardığı siyasətdən və Avropa İttifaqına üzv olan bəzi dostlarımızın siyasətindən uzaqlaşması demək idi. Həmin öhdəlik müharibədən sonra da rəsmi olaraq yenidən vurğulandı. İtaliyanın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinin azad olunmuş ərazilərə səfərindən sonra, cənab Prezident, Siz qeyd etdiniz ki, Azərbaycan yenidənqurma işlərində İtaliya ilə sıx əməkdaşlıq etmək əzmindədir. Mənim sualım belədir: hazırda vəziyyət necədir və gələcəklə bağlı gözləntilər nədən ibarətdir? İtaliya təkcə yenidənqurma prosesində deyil, barışıq mövzusunda da necə kömək edə bilər? Sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İkitərəfli tərəfdaşlığımızla bağlı sizin dediklərinizlə tamamilə razıyam. İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Mən ötən il İtaliyaya dövlət səfərimi yaxşı xatırlayıram. Bildiyiniz kimi, ondan öncə İtaliyanın Prezidenti cənab Mattarella Azərbaycana dövlət səfərinə gəlmişdi. Mənim səfərim strateji dialoqun davamı idi. Qeyd etdiyiniz kimi, biz strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Bu, ikinci belə bir sənəd idi. Birincisi, bir neçə il ondan öncə imzalanmışdı. Bu, bizim qarşılıqlı sadiqliyimizi nümayiş etdirir.

Qeyd etdiyiniz kimi, biz İtaliyaya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşmaya görə minnətdarıq. Biz bilirik ki, bu mövqeyi aydın ifadə etmək o qədər də asan məsələ deyil, xüsusilə də Avropa İttifaqı ailəsində Ermənistanın güclü tərəfdarları var. Onlar hər zaman münaqişə qurbanı ilə işğalçı qüvvələri eyni tərəziyə qoymağa çalışıblar. Yəni, mövqeyiniz bu əməkdaşlığın vacib əlaməti olub. Onu da deyə bilərəm ki, biz artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və zənnimcə, İtaliya ilə olan təcrübəmiz onları bu işə həvəsləndirib.

Bizim siyasi əlaqələrimiz əladır. Biz güclü əməkdaşlığı davam etdiririk. Bu əməkdaşlıq müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçib və qeyd etdiyiniz kimi, İtaliya nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri tərəfimizdən dəstəyin növbəti əlaməti hesab edilmişdir. Yenidənqurma ilə bağlı planlaşdırmanın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etdik. Bu dəvət İtaliyanın ölkəmizdəki səfirliyi vasitəsilə edildi. Yeri gəlmişkən, artıq fəaliyyət müddətini başa vurmuş səfiriniz İtaliyanın maraqlarının və İtaliya işgüzar dairələrinin ölkəmizdə təşviqi baxımından olduqca fəal idi. O, Azərbaycanın yaxşı dostu idi. Beləliklə, biz İtaliyanın ölkəmizdəki səfirliyinə müraciət edərək italyan şirkətləri ilə bağlı tövsiyələr verməyi xahiş etdik. Bizim əvvəlki illərdə təmaslarımız olub, çünki italyan şirkətləri ölkəmizdə böyük layihələr icra ediblər ki, bura neft-kimya, neft emalı, tikinti və memarlıq layihələri daxildir. İşə artıq start verilib və biz italyan şirkətlərinin iştirakını genişləndirmək arzusundayıq.

Mən bildirmişdim ki, müharibədən sonra biz dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bu, təbii haldır, çünki müharibə bizim üçün kimin-kim olduğunun aydın göstəricisi idi. Əlbəttə, bizim bu və ya digər ölkənin mövqeyi ilə bağlı müəyyən ehtimallarımız var idi, ancaq 100 faiz əminlik yox idi və burada müharibə hər şeyi aydın göstərdi. İtalyan şirkətlərinin artıq dəvət edildiyi sahələrə gəldikdə, biz muzey və müharibə memoriallarının yaradılması işinə italyan şirkətini cəlb etmişik. Biz təkcə Bakıda deyil, digər şəhərlərdə, o cümlədən azad olunmuş ərazilərdə də Zəfər muzeyləri və müharibə memorialları yaradacağıq. Bu, bir sahədir.

İtalyan şirkətlərini dəvət etdiyimiz digər sahə enerji istehsalıdır. Müharibədən sonra nəinki təmaslar qurulub, hətta ilkin sənədlər belə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün nəhəng potensial var, xüsusilə də söhbət yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən əldən olunan enerjidən gedir. Dediyim kimi, ilkin sənədlər artıq imzalanıb. Biz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də faydalanmaq niyyətindəyik, çünki həmin ərazilər münbit torpağa malikdir və orada maksimum məhsuldarlıq əldə etmək olar. Deyə bilərəm ki, hazırda azərbaycanlı həmkarları ilə fəaliyyətə başlamış xarici şirkətlər Türkiyə, İtaliya və Böyük Britaniyadandır.

Əlbəttə, biz yenidənqurmanın ilk mərhələsindəyik. Yenidənqurma başlayıb, infrastruktur layihələri icra olunur, ancaq gələcək üçün nəhəng potensial var və digər ölkələrdən də yeni şirkətlər işə başlayacaq. Biz bütün dostlarımızın yenidənqurma işlərində iştirakını və bu imkanlardan faydalanmasını arzulayırıq. Ölkə, hökumət və xalq olaraq biz yaxşılığı unutmuruq. Biz bu yaxşılığı hər zaman qəlbimizdə saxlayır və bunun qarşılığında buna bərabər yaxşılıq etməyə çalışırıq. İtaliya ilə dostluq münasibətlərimizi, güclü siyasi əlaqələri, italyan şirkətlərinin böyük təcrübəsini, - əminəm, siz də mənimlə razılaşarsınız ki, İtaliya dünya mədəniyyətinin mərkəzlərindən biridir, - bizim dini və tarixi abidələrimizin bərpası planlarını nəzərə alsaq, burada geniş və çoxşaxəli əməkdaşlıq imkanları olacaq.

Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel: Cənab Prezident, dünən biz Ağdamda olduq, böyük miqyasda fiziki dağıntının şahidi olduq, eyni zamanda, parçalanmış həyatların faciəsini, insanlara dəyən ziyanı təsəvvür edə bildik. Mən hesab edirəm ki, yenidənqurma ilə yanaşı, Ağdamın yerli sakinləri öz evlərinə qayıdanda onların yaxınlıqdakı erməni kəndləri ilə qarşılıqlı əlaqədə ola bilmələri üçün etimadın yaranması müəyyən vaxt və səy tələb edəcək. Mənə maraqlıdır, Siz bu etimadın yenidən yaranması üçün onların, İnşallah bir gün yanaşı, sülhməramlılar olmadan yaşaya bilməsi üçün Ermənistan tərəfdən, eləcə də Qarabağdakı ermənilərdən hansı addımları gözləyirsiniz. Mən, həmçinin daha geniş planda bilmək istərdim, Siz yaxın və orta müddətli perspektivdə Türkiyənin Ermənistanla sərhədini açmasının həm regional inteqrasiya baxımından, həm də cəmiyyətdə geniş şəkildə müşahidə etdiyimiz türkofobiyanın azalması baxımından faydalı olacağını düşünürsünüzmü? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sözsüz ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib. Mən əminəm ki, onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar. Ona görə də, biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik. Bizim mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik. Bizim tərəfimizdən birtərəfli qaydada edilənlər, mən artıq qeyd etmişəm, bunun aydın göstəricisidir. Mənə inanın ki, biz bunların heç birinin olmasına imkan verməyə bilərdik və heç kim bizi məcbur edə bilməzdi. Biz bunu düşünülmüş şəkildə etmişik. Bu, birinci. İkinci suala gəlincə, biz Türkiyəyə münasibətdə siyasətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı Ermənistan isteblişmentində bəzi işarələr və bəzi zəif fikirlər görürük. Hətta münaqişə zamanı mən dəfələrlə bu barədə danışaraq demişəm ki, tamamilə qəbuledilməz və qəribədir ki, Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var. Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər. Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar, lakin bu, hökumətin siyasi gündəliyi üçündür. Hökumət öz siyasi mövqeyini gücləndirmək istəyir. Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar. Mən bilmirəm, hansı ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiaları var. Zənnimcə, bu, nadir haldır və hər kəs başa düşməlidir ki, tarix boyunca çoxsaylı müharibələr olub və onların soyqırımı ilə bağlı saxta tarixinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu, müharibə idi, elə bir vəziyyət idi ki, insanlar bir-birilə savaşırdılar, ölkələr bir-birilə savaşırdı, lakin sonra barışıq oldu. Yeri gəlmişkən, həmin dövrdə Ermənistanın nəinki Osmanlı imperiyası ilə çətinlikləri var idi, onların digər qonşuları ilə də çətinlikləri var idi. Niyə onlar haqsız hücumları üçün yalnız Türkiyəni seçdilər? Türkiyə hökuməti bu məsələlərlə qərəzsiz, obyektiv şəkildə məşğul olmaq üçün tarixçilərdən ibarət birgə qrupların yaradılmasını açıq şəkildə dəfələrlə təklif edib. Lakin onlar imtina ediblər. Niyə? Çünki onların siyasi dividendlər qazanmaq üçün bu saxta tarixə ehtiyacı var. Onlar bəzi ölkələrdən müdafiə, müəyyən yardım əldə etmək üçün bu saxta hekayədən istifadə edirdilər. Beləliklə, mənim mövqeyim bundan ibarətdir. Eyni zamanda, nə əlavə edə bilərəm. Əlbəttə ki, mən Türkiyənin adından danışa bilmərəm, lakin deyə bildiyim sirr deyil. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq.

Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin: Cənab Prezident, bu gün Sizinlə birlikdə olmaq böyük şərəfdir. Vaxt ayırdığınıza görə çox sağ olun. Mənim sualım Azərbaycanın gələcəyi ilə bağlıdır. Hər kəs bilir ki, bir neçə aydan sonra Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edəcək və həmin vaxta qədər Azərbaycan bəlkə də müstəqilliyinin, ərazi bütövlüyünün bərpasının əsas məsələsini, əsas məqsədini həll edib. Zənnimcə, indi növbəti 30 il üçün uzunmüddətli məqsədlər müəyyənləşdirmək vaxtıdır. Bununla əlaqədar, Sizdən soruşmaq istərdim Azərbaycanın gələcəyi ilə bağlı baxışınız necədir? Azərbaycan dövlət olaraq gələcək üçün hansı məqsədlər müəyyənləşdirib? On, iyirmi ildən sonra ümumi daxili məhsul, iqtisadiyyatın inkişafı, strategiya baxımından, ümumiyyətlə, dövlət olaraq Azərbaycanı necə görürsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu suallara cavab vermək üçün bizim bəlkə də bir neçə saatlıq xüsusi sessiyaya ehtiyacımız var. Lakin mən çox qısaca cavab verməyə çalışacağam. Biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq. Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də, indi bizim müəyyən mənada iki inkişaf proqramımız var. Birincisi, bizim hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda bu, başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə, hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra. Ona görə də, hazırda biz Ermənistan tərəfindən qanunsuz istismar olunmuş bütün resurslarımızı qiymətləndiririk. Həmin ərazilərdə mədənçilik üçün böyük potensial var. Yeri gəlmişkən, biz işğaldan azad edilmiş ərazilərdə mis və qızıl resurslarımızı qanunsuz şəkildə istismar etmiş bəzi dırnaqarası iş adamlarına qarşı artıq qanuni prosedurlara başlamışıq. Bərpaolunan enerji, xüsusilə külək enerjisi üçün nəhəng potensial var. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək enerjisi üçün nəhəng potensial var. Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. Laçın və Kəlbəcəri azad edəndən sonra biz əsas su ehtiyatlarımıza çıxış əldə etmişik. Çünki Qarabağdakı erməni əhalisinin istifadə etdiyi su ehtiyatlarımızın əksər hissəsi öz mənbəyini oradan alır. Hazırda biz ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesindəyik. Beləliklə, 15 gün ərzində onlar 12 su elektrik stansiyasını dağıdıblar. Bu da onların hisslərini və siyasətini nümayiş etdirir. Sözsüz ki, biz həmin ərazilərdə xüsusi yaşayış standartları yaratmaq istəyirik, çünki oraya qayıdacaq insanlar 30 il əziyyət çəkiblər. Onların layiqli həyata ehtiyacı var. Ona görə də, “ağıllı kənd” üzrə ilk pilot layihəyə artıq başlanılıb, şəhər planlaşdırılmasına başlanılıb. Beləliklə, Qarabağ iqtisadiyyatımızın qeyri-enerji sektorunda, həmçinin nəqliyyatda böyük həcmdə ümumi daxili məhsul istehsal edəcək. Üç hava limanı ilə bağlı proses artıq başlayıb. Bir hava limanında işlər artıq başlayıb. Dəmir yolu əlaqələri. Yerləşməyini və qonşulara yaxınlığını nəzərə alaraq Zəngilan mühüm nəqliyyat və logistik hab ola bilər.

Azərbaycanın qalan hissəsinə gəlincə, əsas strategiyamız iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir. Həyata keçirdiyimiz islahatlar yaxşı nəticələr verir. Biz bu nəticələri əsasən yaxşı idarəçilikdə görürük. Bu üç ayda biz planlaşdırdığımızdan daha çox vergi və gömrük rüsumu toplamışıq, profisit təxminən 400-500 milyon manatdır. Büdcəmizdə neftin bir barrelinə görə 40 dollar nəzərdə tutulub. Əgər bu, bir barrelə görə 30 dollar olsa belə, Azərbaycan əhalisi bunu hiss etməyəcək. Beləliklə, sənayeləşmə, qeyri-enerji sektoruna daha çox investisiya cəlb olunması, biznes imkanları. Siz yəqin ki, eşitmisiniz, aparıcı reytinq agentlikləri bizim reytinqimizi yaxşılaşdırıb. Dünya Bankının “Doing Business” hesabatında biz 28-ci yerdəyik. Beləliklə, biznes mühiti yaxşılaşır. Bizim əhali çox savadlıdır. Gənc nəsil ideyalarla çıxış edir, bu, gələcəyə ümiddir. Mənim müharibə vaxtı dediyim kimi, müharibənin ən böyük yükü, mən hakimiyyətə gələndə uşaq olanların çiyinlərinə düşüb. Beləliklə, biz gənc nəslin inkişafına kömək etməyə nail olduq. Enerji ehtiyatlarını və iqtisadiyyatımızı əlavə təchizat mənbələri ilə təmin edəcək bütün əsas neft və qaz kəmərlərinin tamamlanmasını nəzərə alaraq biz xarici yardımdan asılı deyilik. Bizim xarici borcumuz ümumi daxili məhsulun təxminən 18 faizinə bərabərdir. Mən qarşıya onu ümumi daxili məhsulda 10 faizədək azaltmaq hədəfi qoymuşam. Bu, dünyada ən yaxşı nəticələrdən biri olacaq. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faiz. Mən bu vəzifəyə gələndə bu, 49 faiz idi. Biz faktiki olaraq hiss edirik ki, strateji baxışla bağlı bütün planlarımızı həyata keçirmək iqtidarında olacağıq. Lakin bunun üçün bizim Azərbaycanın daxilində artıq 28 ildir olan sabitliklə yanaşı, sərhədlərimizin hüdudlarından kənarda sabitliyə ehtiyacımız var. Əsas işlərimizdən biri riskləri minimuma endirmək üçün atacağımız addımlarımız olacaq. Biz Qoşulmama Hərəkatının sədri öhdəliklərini böyük uğurla həyata keçirmişik. Bizim regionda beynəlxalq səylərimiz yeni əməkdaşlıq formatlarının yaranmasına gətirib çıxardı. Türkiyə-Rusiya, Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İranla artıq üçtərəfli əməkdaşlıq var. Bu da sabitlik və proqnozlaşdırılmaya töhfədir və əlbəttə ki, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk olmalıdır. Əgər onlar bunu etsələr, dediyim kimi, biz sülh istəyirik, lakin biz onları tamamilə məhv edərik. Onları tamamilə məhv edərik və indi dediklərimi unutmağa qoymarıq.

İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel (onlayn): Çox sağ olun, hörmətli cənab Prezident. Əvvəla, icazə verin, Sizi və Azərbaycan xalqını Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edim. Aydındır ki, bu tarixi nailiyyət Qafqaz regionunu və onun sərhədlərini aşaraq siyasəti dəyişmişdir. Ən önəmlisi, hesab edirəm ki, bu nailiyyət dünyaya Azərbaycanın bacarıqlarını və Azərbaycan dövlətçiliyinin qətiyyətini nümayiş etdirmişdir. Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların bir obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilmişdir. Əlavə edərdim ki, biz bu tendensiyanı regionda müşahidə edirik, harada ki, Azərbaycanla birlikdə, Özbəkistan və Qazaxıstan kimi bir neçə dövlət real tərəflərə çevrilir. Bunun aydın olduğunu nəzərə alaraq, cənab Prezident, sualım ondan ibarətdir ki, bu, Azərbaycanın xarici siyasətinə, onun ətraf ölkələrlə, o cümlədən regional güclərlə, həmçinin şərqə doğru Mərkəzi Asiyada yerləşən və bir çox maraqları paylaşdığınız ölkələrlə münasibətlərinizə necə təsir göstərəcək? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Şərhlərinizə və ərazi bütövlüyünün bərpası ilə bağlı təbriklərinizə görə təşəkkür edirəm. Siz tamamilə haqlısınız. Tamamilə əminəm ki, biz beynəlxalq birliyin bir çox üzvlərinə məlum olmayan bacarığımızı nümayiş etdirdik. Əslində, bütün bu illər ərzində biz sakit bir mühitdə hazırlığımızı görürdük. Biz nəyisə gizlətmirdik, xeyr. Bizim etdiyimiz hər bir şey açıq şəkildə edilmişdir. Lakin biz özümüzü təşviq etməyə, təqdimatlar keçirməyə, PR aparmağa cəhd göstərmirdik. Biz ölkə üçün, xalqımız üçün doğru olanı edirdik və bir çox sosial məsələləri həll edirdik, qaçqınları yenidən məskunlaşdırırdıq. Birinci Qarabağ müharibəsində qətlə yetirilənlərin ailələri üçün yaxşı şəraiti təmin edirdik, iqtisadiyyatı gücləndirirdik, həyata keçirilməsi asan olmayan nəhəng transmilli enerji layihələrini icra edirdik. Beləliklə, biz ölkəni gücləndirmək və onu həqiqətən müstəqil etmək üçün hər bir şeyi edirdik. Ona görə mən bu vəzifəyə gələndə iqtisadi müstəqillik gündəliyimdə duran bir nömrəli hədəf idi. Çox qısa müddət ərzində biz Beynəlxalq Valyuta Fonduna olan bütün borclarımızı geri ödədik. Bundan sonra isə bizim mühüm islahatları həyata keçirmək üçün çoxlu imkanlarımız oldu. Biz müstəqil iqtisadiyyat qura bildik. Artıq dediyim kimi, biz hər hansı bir xarici yardımdan, kreditdən asılı deyilik. Bu da siyasi müstəqilliyə, kimin nə dediyindən və necə reaksiya göstərməsindən asılı olmayaraq, ölkələrlə münasibət qurmaq bacarığımıza gətirib çıxardı. Bilirik, bizim bəzi ölkələrlə təmaslarımız bəzi böyük güclərin xoşuna gəlmir. Lakin bu, bizim problemimiz deyil. Biz Azərbaycanın, ölkəmizin marağında olanları, onun necə gücləndirilməsi ilə bağlı olanları, xalqımızın marağına uyğun olanları və bu vəziyyətdə daha çox təhlükəsizliyin necə təmin olunması ilə bağlı olanları edirik. Müharibədə göstərilənlər bizim hərbi bacarığımız da daxil olmaqla beynəlxalq ekspertlərə məlum idi. Çünki biz olanlarımızı paradlarda bir neçə dəfə nümayiş etdirmişdik. Ola bilsin, biz özümüzdə olan hər bir şeyi nümayiş etdirmirdik, lakin hesab edirəm, müharibə onu göstərdi ki, nəyisə sürpriz kimi saxlamaq doğru addım idi. Biz açıq şəkildə qüdrətli ordu qururuq. Dövlət büdcəmizin ən böyük hissəsi hərbi quruculuğa sərf edilib. Mən Ermənistanın bunu sülh yolu ilə etmədiyi təqdirdə, ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyimizi gizlətmirdim. Beləliklə, müharibə sanki bizim bacarığımızın konsentrasiya olunmuş şəkildə həyata keçirilməsi idi. Biz heç vaxt özümüzü həddindən artıq qiymətləndirməmişik. Biz heç vaxt Azərbaycanın aparıcı ölkələrin gündəliyində bir nömrəli və ya onuncu məsələ olduğunu düşünməmişdik, xeyr onların başqa məsələləri var. Biz bunu normal qəbul edirik. Çünki nəhəng güclər bizi nə qədər az xatırlasa və ya haqqımızda az düşünsə, bu, bizim üçün bir o qədər də yaxşıdır. İndi nə baş verəcək və nə baş verir məsələsinə, qonşu ölkələrə gəldikdə münasibətlər çox uğurla inkişaf edir. Müharibə bir daha nümayiş etdirdi ki, - mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm, - bizi qonşularımızın davranışı və ya hərəkətləri, əsasən, qane edir.

Əlbəttə ki, biz müharibənin ilk günündən son gününə qədər çox güclü siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq. Lakin digər üç qonşumuza gəldikdə, bizim əsas hədəfimiz onların bitərəf qalması idi. Bu da bəzi ölkələrdə müəyyən dərəcədə, digər ölkələrdə isə nisbətən yüksək dərəcədə baş verdi. Lakin buna baxmayaraq, mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm. Müharibədən sonrakı vəziyyət onu da nümayiş etdirir ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz bunu artıq qonşu ölkələrlə müzakirə etmişdik. Region necə inkişaf etməlidir, nəqliyyat, logistika ilə bağlı hansı layihələr olmalıdır, enerji əməkdaşlığı, ticarət və sairə. Beləliklə, bizdə heç bir fikir ayrılığı yoxdur. Doğrudur, Ermənistan hələ açıq şəkildə öz siyasətini bəyan etməyib, lakin onların de-fakto etdikləri də qənaətbəxşdir. Mən hökuməti nəzərdə tuturam. Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Çox sağ olun, cənab Prezident. Mən, ilk növbədə, Pakistan xalqı və dövləti adından bu Qələbə münasibətilə Sizi təbrik etmək istəyirəm. Pakistan xalqı Sizinlə çox qürur duyur. Siz Pakistanda məşhur bir şəxsə çevrilmisiniz. Çünki hər gün Siz Pakistandakı qəzetlərdəsiniz. İndi hətta Pakistanın müxtəlif böyük universitetlərinin beynəlxalq əlaqələr fakültələrində Qarabağ müharibəsini və Azərbaycanın uğurunu öyrənirlər. Beləliklə, Pakistanda biz Sizinlə və Azərbaycan xalqı ilə çox qürur duyuruq. Sualıma gəldikdə isə, cənab Prezident, sonuncu 44 günlük müharibə zamanı Azərbaycan yalnız öz ərazisində savaşaraq işğal olunmuş ərazilərdə Ermənistanın hərbi mövqelərini və hərbi texnikasını hədəfə alırdı. Azərbaycan Ermənistanın mütəmadi olaraq törətdiyi müharibə cinayətləri ilə də üzləşmişdi. Ermənistan 44 günlük müharibədə qəsdən əhalinin sıx yaşadığı yerləri və Azərbaycanın mülki vətəndaşlarını hədəfə alırdı. Biz Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə atılmış ballistik raketləri xatırlayırıq. Bu yaxınlarda biz mediada “İsgəndər-M” ballistik raketinin qalıqlarını gördük. Bu raket Şuşada tapılmışdır və Ermənistan tərəfindən atılmışdır. Bundan əvvəl Ermənistanın baş naziri tərəfindən qeyd olunmuşdu ki, Ermənistan müharibə zamanı “İsgəndər-M” raketini Azərbaycana atmışdır. Bu ballistik raket çox təhlükəlidir və o, həmçinin nüvə silahını da daşıya bilər. Bununla bağlı Sizin fikriniz nədir və bu əmələ görə beynəlxalq birlik nə tədbir görməlidir?

Prezident İlham Əliyev: Təbriklərinizə görə təşəkkür edirəm. Pakistana təşəkkür edirəm. Mən müharibə zamanı davamlı dəstəyə görə Pakistan xalqına minnətdarlığımı çatdırmağınızı sizdən xahiş etmək istəyirəm. Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycana açıq şəkildə dəstək verən ölkələrin sırasında olmuşdur. Son günlərə kimi Pakistan həmişə bizim tərəfimizdə olmuşdur. Biz ərazi bütövlüyümüzlə bağlı məsələlərdə çox ardıcıl yanaşmalarına görə Pakistan hökumətinə və xalqına çox minnətdarıq. Ola bilsin ki, tədbir iştirakçılarının bir çoxları bunu bilmir, lakin Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayan çox azsaylı ölkələrdəndir. Pakistan kimi çox az sayda ölkə var. Odur ki, biz buna görə həmişə minnətdarıq və bu da qardaşlığımızın həqiqi əlamətidir. Yəqin müharibə zamanı bizim şəhərlərimizdə çox sayda Türkiyə və Pakistan bayraqlarının dalğalandığını bilirsiniz. Əlbəttə ki, biz bizi kimin dəstəklədiyini deyirdik və bu da bizim xalqımızın qəlbindən gələnlər idi.

Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə gəldikdə, bu, birinci dəfə baş vermir. Onlar Birinci Qarabağ savaşı zamanı müharibə cinayətlərini törədib, lakin həmin vaxtı fərqli informasiya mühiti var idi. Bir çox dəhşətli barbarlıq əməlləri sənədləşdirilməmişdir və ya sənədləşdirildiyi təqdirdə beynəlxalq auditoriyaya çatdırılmamışdır. Buna görə də onlar öz müharibə cinayətlərini gizlətməyə nail oldular. Həmin vaxt təkcə Xocalıdan söhbət getmirdi. Kəlbəcərdə Ağdaban kəndi kimi bir çox başqa kəndlər də var idi. Dünyada bir çox insanların bunun haqqında məlumatı yoxdur, lakin burada da eyni hadisələr baş vermişdir. Onlar günahsız insanları qətlə yetirib yandırırdılar. Bir çox başqa kəndlər də erməni barbarlığının qurbanı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı, sizin də dediyiniz kimi, onların bizim şəhər və kəndləri necə bombalaması beynəlxalq birliyin gözü önündə idi. Təkcə ballistik raketlərlə deyil. Onlar bizi artilleriya və minaatanlarla hər gün bombalayırdı. Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişdir. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi. Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən hədəfə alınmış hücum idi və bu, bir dəfə yox, bir neçə dəfə baş vermişdir. Bundan sonra onlar nə etdilər? Onlar dedilər ki, bunu onlar etməyiblər. Rəsmi olaraq erməni rəsmisi dedi ki, bunu ermənilər etməyib. Onda bunu kim edib? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar hətta Xocalı soyqırımına görə günahı bizim üstümüzə atmaq istəyirdilər. Onlar hekayələr uydurur və beynəlxalq birliyi inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri Xocalıda günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka-U” və “Elbrus” raketləri ilə bağlı da eynisini ediblər. Onlar hətta Bakıdan 100 kilometr məsafədə yerləşən Xızıya zərbə endirmişdilər. Onlar Bakıya çatmaq istəyirdilər. Onlar Qəbələyə hücum edirdilər. Qəbələ münaqişə zonasından çox uzaqda yerləşir. Beləliklə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Naftalan, Xızı, Qəbələ. Onların etdikləri budur. Orada hərbi qurğular yox idi. Əlbəttə ki, “İsgəndər” hücumu ilə bağlı xəbər bizi təəccübləndirdi. Ermənistanın baş naziri “İsgəndər”dən istifadə etdiklərini, lakin onun yalnız on faizinin partladığını deyəndə hər kəs gülürdü. Yəqin ki, o, çatdırmaq istədiyi mesajı düzgün çatdıra bilməmişdi. Fevralın sonunda mənə sual veriləndə dedim ki, mən onların bunu etmədiklərini deməmişəm. Mən dedim ki, biz onu aşkar etməmişik. Bu, ayrı-ayrı şeylərdi. Həmin vaxt biz onu hələ də aşkar etməmişdik. Lakin o, onu dedikdən sonra, sabiq prezident Sarkisyan “İsgəndər”in atıldığını və raketi bizim boru kəmərlərimizə atmadığından təəssüfləndiyini dedi. Bilirsiniz, bu müharibə canisi, əli Xocalı qurbanlarının qanına bulaşan Sarkisyan Paşinyanı boru kəmərlərinə zərbə endirmədiyinə görə günahlandırırdı. Sonra Ermənistan ordusunun sabiq baş qərargah rəisi Movsesyan da, - mən onun adını xatırlamıram, - onların bu raketdən istifadə etdiyini demişdi. Sonra onlar “İsgəndər” raketinin necə buraxılması ilə bağlı videogörüntünü yayımladılar. Mən onu tapmaq üçün göstəriş verdim və biz bu raketi tapdıq. Nəyə görə biz onu əvvəl tapmadıq? Mən bilmirəm, çünki Şuşada qar var idi. Müharibədən sonra qar yağmağa başladı. Hətta mən yanvar və fevral aylarında orada olanda qar var idi. Qar əridikdən sonra raket tapıldı. Onun tapılmasından sonra baş verənlər isə çox qəribədir. Ermənistan ordusunun baş qərargah rəisi demişdir ki, o, bu məsələ ilə bağlı heç bir şərh verə bilməz. Biz bunu necə başa düşməliyik? Bəli, yoxsa, xeyr kimi? Yəqin ki, bəli kimi. Çünki cavab xeyr olsaydı, o, deyərdi ki, xeyr biz bunu etməmişik. Əgər o, “mən şərh verə bilmərəm” deyibsə, bu, o deməkdir ki, bəli, bunu onlar ediblər. Ermənistanın sabiq müdafiə naziri də şərh vermişdir. O demişdir ki, bu müharibə sirri olduğu üçün bunu deyə bilməz. Siz bu insanların səviyyəsini görürsünüz? Bilirsiniz, bu insanlar hərbi əməliyyatlarla bağlı qərar qəbul edən insanlar idi. Bunun müharibə sirri olduğunu demək, bəli, bunu onlar ediblər anlamına gəlir. Lakin əfsuslar olsun ki, biz Rusiyadan da heç bir cavab almadıq. Çünki sizin də bildiyiniz kimi, Paşinyan raketdən istifadə etdiyini söyləyəndə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi demişdi ki, yox, Ermənistan istifadə etməyib. Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir? Bu, cənab Konaşenkovun nə dediyi anlama gəlirmi? O, “Ermənistan raketdən istifadə etməyib, bütün “İsgəndər” raketləri anbardadır” deyəndə onlar bunu haradan bilirlər? Onlar Ermənistanın anbarlarına nəzarət edirlər? Əgər onlar erməni anbarlarını idarə edirlərsə, onda bu raket kimin sərəncamındadır? Sonra cənab Putinin mətbuat katibi cənab Peskov bəyanat verdi. O, “İsgəndər”dən istifadə edilmədiyini dedi. “İsgəndər” buradadır, siz gedib baxa bilərsiniz, 15 dəqiqəlik bir yoldur. Mən onu dünən Hərbi Qənimətlər Parkında özüm gördüm. Bu, təkcə “İsgəndər” deyil, bu, “İsgəndər-M”dir. Hansı ki, Ermənistan ordusu heç vaxt malik ola bilməzdi. Mən sizə daha çoxunu deyə bilərəm, çünki biz uzun müddət idi ki, gözləyirdik. Mən bunu Azərbaycan xalqından gizlədə bilmədiyim həssas məsələ olduğu üçün sizə daha çoxunu deyə bilərəm. Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib. Aprelin 4-də bizim Müdafiə Nazirliyimiz Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib. Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Yəqin ki, siz onu görmüsünüz. Heç bir cavab verilmədi. “İsgəndər” buradadır, “İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir. Bu, adi bir raket deyil. Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik. Bizə, Azərbaycan xalqına bu suallara cavablar lazımdır.

Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut (onlayn): Cənab Prezident, bu səhər bizimlə birlikdə olduğunuz və suallara belə ətraflı cavab verdiyiniz üçün çox sağ olun. Müharibə həmişə qurbanlar tələb edir. 44 günlük müharibə hər iki tərəfdə minlərlə insanın ölümü ilə nəticələnmişdir. Lakin biz həm də bilirik ki, bu müharibə nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı var. Bu, əlbəttə ki, bizim hamımızın bildiyi bir şeydir. Müharibə və onun nəticələri regional əməkdaşlıq üçün bir neçə perspektivə yol açıb. Lakin Sizin də artıq çıxışınızda qeyd etdiyiniz kimi, bəzi həll olunmamış məsələlər var. Mən iki sual vermək istəyirəm. Birincisi odur ki, Siz dəfələrlə Qarabağ münaqişəsinin artıq bitdiyini demisiniz. Bu, Azərbaycanın Ermənistanın nəzarəti altında qalan Dağlıq Qarabağın digər hissələrini ələ keçirmək üçün gücdən imtina etməsi anlamına gəlirmi? İkinci sual 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlıdır. Bu Bəyanatın mühüm əhəmiyyət kəsb etməsi və Cənubi Qafqazda dinamikanı dəyişdirmək üçün potensiala malik olması ilə bağlı hamımız razılaşırıq. Lakin bu, üçtərəfli Bəyanat olaraq qalır. Azərbaycan bu üçtərəfli Bəyanatın ona müəyyən mənada qlobal və beynəlxalq legitimlik verəcək və bütün tərəflərin onun müddəalarına əməl edəcəklərini təmin edəcək BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə daxil edilməsi fikrini nəzərdən keçirirmi?

Prezident İlham Əliyev: Çox sağ olun. Mən 10 noyabr tarixli Bəyanatın mühüm əhəmiyyət kəsb etməsi ilə tamamilə razıyam. Bu Bəyanat, əslində, bütün vacib elementləri əhatə edir və həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını da göstərir. Səmimi desəm, biz bu Bəyanatın beynəlxalq legitimləşdirilməsi haqqında düşünməmişik. Bizə bu məsələ ilə bağlı nə Rusiya, nə də Ermənistan tərəfi müraciət etməyib. Yəni, biz belə bir məsələni nəzərdən keçirməmişik. Biz Bəyanatın imzalandığını və rusiyalı sülhməramlıların orada olduğunu, Bəyanatın tamamilə icra olunduğunu düşündük. Ən önəmlisi onun hazırda icra olunmasıdır və bu Bəyanatın əksər hissələri artıq icra olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, biz 1993-cü ildə qəbul olunmuş qətnamələrlə nə baş verdiyini bilirik. Onlar kağız üzərində qalmışdır və biz döyüş meydanında doğru olanı etməsəydik, bir otuz il də kağız üzərində qalardı. Buna görə də belə bir şey bizim əlimizdə olanlara əlavə nə verəcək? Bizim Bəyanatımız var. Azərbaycan bütün müddəaları icra edir. Ermənistan işğal olunmuş qalan ərazilərin qaytarılması ilə bağlı bəndləri icra etməyə məcbur edilmişdir. Rusiya isə sülhməramlı xidmətlərini təmin edir. O ki qaldı, indi ermənilərin məskunlaşdığı Qarabağ ərazilərini ələ keçirmək üçün gücün tətbiqi ilə bağlı suala, xeyr, bizim belə planlarımız yoxdur. Mən dedim ki, Dağlıq Qarabağ müharibəsi bitib. O, öz həllini tapıb. Rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik. Humanitar yardım, logistik dəstəklə bağlı indiyə kimi etdiklərimiz bu niyyətləri nümayiş etdirir. Mən sizə, hətta daha çoxunu deyə bilərəm. Bu gün suyun idarəçiliyi ilə əlaqədar məsələlərlə bağlı müəyyən mütəxəssislər səviyyəsində artıq təmaslar var. Çünki uzun illər, otuz il ərzində biz separatçılar tərəfindən idarə olunan iki su anbarına görə Tərtər çayının suyundan məhrum olmuşduq. Bu su anbarlarından biri azad edilmişdir və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarəti altında yaşayanların müəyyən mənada bizimlə su əməkdaşlığına daha çox ehtiyacı var. Beləliklə, bu proses başlayıb. Bu baxımdan da Azərbaycan konstruktiv davranır. Lakin dediyim kimi, əgər Ermənistan Azərbaycana qarşı hansısa bir düşmənçilik xarakterli əməliyyat planlaşdırarsa və bunu görəriksə, - biz indi Ermənistanda və hər yerdə bizə lazım olanları görürük, - əgər Azərbaycan xalqına və ya ərazi bütövlüyümüzə qarşı bir faiz risk təhlükəsinin olduğunu görəriksə, biz özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Lakin bizi buna təhrik etmədikləri halda, biz heç vaxt gələcəkdə hər hansı bir düşmənçilik xarakterli əməliyyatlara başlamayacağıq.

Gürcüstanın Strateji Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, ictimai yayımçı George Gvimradze: Bu görüş üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm, cənab Prezident. Mən təşkilatçılara Sizə sual vermək məqsədilə məni buraya dəvət etdikləri üçün minnətdarlığımı ifadə etmək istəyirəm. İcazə verin, regional əməkdaşlığa qayıdaq. Müharibə bitəndən sonra Türkiyə Prezidenti Ərdoğan Bakını ziyarət etmiş və bir daha 3+3 formatı kimi məlum olan regional əməkdaşlığı qeyd etmişdir. Bu əməkdaşlıq on ildən çoxdur ki, mövcuddur. Hesab edirəm ki, o, bu məsələnin qaldırılması üçün düzgün vaxtın olduğunu düşünürdü. Mən diqqətinizi bu əməkdaşlığa və bu əməkdaşlığın perspektivlərinə, xüsusilə bu formatın bir potensial iştirakçısına yönəltmək istəyirəm. Mən Gürcüstanı nəzərdə tuturam. Siz əvvəl qeyd etmişdiniz ki, region ölkələrindən olan həmkarlarınızla regional əməkdaşlıq perspektivlərini müzakirə etmisiniz. Sizcə Gürcüstanın bir tərəfdən Rusiya ilə çox mürəkkəb münasibətlərinin olması, digər tərəfdən isə Qərbə inteqrasiya etmək arzularını nəzərə alaraq, Gürcüstan bu növ layihələrdə, əməkdaşlıqda nə dərəcədə iştirak edə bilər? Biz bilirik ki, regional güclərin Qərblə münasibətləri pisləşməkdə davam edir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən, əslində, dünən bu məsələni Gürcüstanın Baş naziri ilə müzakirə etməli idim. Lakin əfsuslar olsun ki, o, koronavirusa yoluxub. Mən ona möhkəm cansağlığı və tezliklə sağalmağı arzulayıram. Onun səfəri aprelin 12-nə nəzərdə tutulmuşdu. Lakin əlbəttə ki, o, koronavirusa yoluxduqdan sonra səfər təxirə salındı. Buna görə mənim onunla bu məsələ ilə bağlı birbaşa danışmaq fürsətim olmayıb. Lakin sağalan kimi biz onun səfərini gözləyəcəyik. Ancaq digər qonşularla, Prezident Ərdoğanla, Prezident Putinlə mən bunu açıq şəkildə müzakirə etmişəm və Azərbaycan və İran rəsmiləri arasında da çox yüksək səviyyədə müzakirələr olub. Mən bizim yanaşmamızda heç bir fərqin olmadığını görürəm. Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur. Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır. Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər.

Hesab edirəm ki, Gürcüstan üçün Rusiya dəmir yolları ilə bağlantı yaratmaq baxımından istənilən imkan real deyil və siz bunun səbəbini məndən yaxşı bilirsiniz. Azərbaycan ərazisindən də bu, mümkün deyildi. Beləliklə, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Buna baxmayaraq, Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var - Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir. Lakin biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq.

Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən Baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir.

Qərb ölkələri və bəzi regional ölkələr arasında gərginliklərə gəldikdə, bu, yeni bir şey deyil. Münasibətlərin pisləşməsi, tənəzzül dövrləri həmişə olub, lakin bizim regionda bu, daimi xarakter daşıyır. Odur ki, biz buna alışmışıq. Düşünmürəm ki, bu növ anlaşılmazlıq və ya qarşıdurmalar, yaxud da nəsə bizim planlarımıza ciddi zərbə vursun. Biz hamımız bəzi Qərb tərəfdaşlarımızın Bakı-Tbilisi-Qarsın inşasına qarşı çıxış etdiyini və Ermənistanı bu layihəyə cəlb etmək üçün cəhd etdiklərini yaxşı xatırlayırıq. Burada məqsəd yolun Gürcüstandan yox, Ermənistan ərazisindən keçməsinə nail olmaq idi. Mən Azərbaycan Dövlət Neft Şirkətində işləyəndə Qərb tərəfdaşlarının boru kəmərinin Gürcüstan ərazisindən yox, Ermənistan ərazisindən keçməsini təşviq etdiyini xatırlayıram. Bütün bunlara şahid olmuşam və bu proseslərdə iştirak etmişəm. Bu kəmərin inşasının necə çətin ərsəyə gəlməsinin də şahidiyəm. Çünki buna görə Dünya Bankı bir il ərzində maliyyələşməni dayandırmışdı. Lakin bu, nəyisə dəyişdi? Xeyr. İndi də heç nəyi dəyişməyəcək. Buna görə hesab edirəm ki, bu layihəni dəstəkləməyənlər qoy, dəstəkləməsinlər. Bizim buna etirazımız yoxdur. Lakin hesab etmirəm ki, hər hansı bir müdaxilə, qarşımızı almaq cəhdləri uğur qazanacaq. Buna görə bütün tərəddüd edənləri bu prosesin iştirakçıları olmağa dəvət edirəm, çünki bu, Avropaya əlavə dəhliz ola bilər və əslində, Türkiyə ərazisindən Avropaya gedəcək. Hər kəs bundan faydalanacaq. Bakı-Tbilisi-Qarsa qarşı çıxış edənlər bu gün bizə ona görə minnətdardırlar. Hesab edirəm ki, bu da onun kimi olacaq. Lakin biz, əlbəttə ki, bu məsələ ilə bağlı Gürcüstanın ehtiyat etdiyi istənilən məsələləri nəzərə alacağıq.

ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz: Cənab Prezident, bizimlə görüşə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Azərbaycanın və regionun gələcəyini müzakirə etmək üçün yaradılmış imkana görə öz adımdan və həmkarlarım adından Sizə təşəkkür edirəm. Əlavə edim ki, mən Sizin Azərbaycan gənclərinə inamınızı bölüşürəm. ADA Universiteti daxil olmaqla, ölkənizdəki gənclər məndə böyük təəssürat yaratdı. Ümid edirəm ki, biz Azərbaycanda təhsil ocaqları ilə əlaqələrimizi inkişaf etdirməkdə davam edəcəyik. Azərbaycanlı gənclərin keyfiyyətlərini, gənclər üçün yaradılmış imkanları və müharibədən sonrakı dövrü nəzərə alaraq mən səmimi olaraq ölkənizin gələcəyi ilə bağlı nikbinəm. Sualıma gəldikdə, mən ərazi məsələsinə qayıtmaq istərdim. Cavablarınızın birində Siz bu məsələyə toxundunuz. Əlbəttə, Siz bunu hamıdan yaxşı bilirsiniz, ancaq kənar müşahidəçi kimi qeyd edə bilərəm ki, Ermənistan və Azərbaycan arasında gərginliyin başlıca səbəbi Ermənistanın ərazi iddiaları olmuşdur. Bir daha xronologiyanı qeyd edim: ilk olaraq, Ermənistan Dağlıq Qarabağla bağlı ərazi iddiası irəli sürür, sonra ətraf rayonlara iddia edir, daha sonra Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyir və nəhayət, ötən ilin avqustunda Türkiyənin şərq hissəsi ilə bağlı iddialar irəli sürür. Bu, bir xülyadır və məsuliyyətsiz, olduqca təxribatçı davranışdır. Mən buna ağılsızlıqdan başqa ad verə bilmərəm. Müharibə zamanı bəzi azərbaycanlılar İrəvanı və bugünkü Ermənistan Respublikasının digər bölgələrinin tarixi Azərbaycan torpaqları adlandırmışlar. Tarixçi olaraq bilirəm ki, bu fikir tarixi həqiqətə əsaslanır. Bunu da anlayıram ki, münaqişə kontekstində bir tərəf - Ermənistan böyük ərazilərlə bağlı ağlasığmaz iddialar irəli sürəndə qarşı tərəfdə olan azərbaycanlılar da belə bir xatırlatmalar edir ki, bizim də deyəcəyimiz sözümüz var. Məsələyə Ermənistanın perspektivindən yanaşmaq istərdim. Qeyd edim ki, ölkə özü kiçikdir, əhalisi azdır və öz ərazisini məskunlaşdırmaqda, hətta çətinliklə üzləşir. Bu fonda böyük ərazilərlə bağlı iddialar, əlbəttə ki, ciddi suallar doğurur. Onların tarixini və ölkədə hazırkı vəziyyəti nəzərə alaraq sual vermək istərdim. Azərbaycan hazırkı Ermənistan ərazisinin bir hissəsinin tarixən Azərbaycana məxsus olması və həmin ərazilərin bir gün Azərbaycan tərəfindən geri qaytarıla biləcəyi ilə bağlı iddialardan çəkinəcəkmi?

Prezident İlham Əliyev: Təhlilinizə görə təşəkkür edirəm. Sizin fikirlərinizi bölüşürəm, Türkiyə və qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı, hesab edirəm ki, düzgün ifadə tapmısınız – ağılsızlıq. Yəni, XXI əsrdə olduqca məhdud imkanlara malik, əhalisinin normal yaşayış standartlarını güclə təmin edən bir ölkə özündən ərazi baxımından 10 dəfə böyük və özündən 100 dəfə qüdrətli ölkəyə qarşı ərazi iddiası irəli sürür. Ancaq bu, yenə də onların psixologiyası ilə bağlıdır. Onlar hesab edirlər ki, bütün dünya onlara hər şeyi borcludur. Həmin psixologiya isə onları hazırkı alçaldıcı vəziyyətə salmışdır. Lakin yenə də hesab edirlər ki, hər kəs onlara kömək etməlidir. Bəlkə də məlumatınız var, rəsmi Ermənistan hakimiyyəti bağlı qapılar arxasında müzakirələr zamanı Avropa İttifaqını onlara lazımi dəstəyi verməməkdə ittiham edib. KTMT-yə, NATO-ya qarşı yaradılmış təşkilata üzv olan Ermənistan NATO-nu onlara kömək etməməkdə ittiham edir. Onlar Rusiyanı da günahlandırırlar ki, onlara yardım etməyib. Onlar özlərindən başqa hər kəsi ittiham edirlər. Onlar problemin məhz onlarda olduğunu dərk edə bilmirlər. Ermənistana olan ən böyük təhlükə özlərinin psixologiyasıdır. Bu, dəyişməlidir və bəlkə o zaman bizim onlara verdiyimiz çox ağrılı dərs reallığı dərk etmək üçün dönüş nöqtəsi olacaq. Onlar anlamalıdırlar ki, əgər sən özünü müstəqil ölkə adlandırırsansa, o zaman xalqının qüruru sənin əlindədir və sən xalqını müdafiə etməlisən. Bu gün Rusiya və Belarus arasında ittifaq dövlətləri münasibətləri var. Bildiyim qədər bu gün Ermənistanda bəziləri bu haqda danışırlar. O zaman bayraqlarını endirsinlər, başqa ölkənin quberniyasına çevrilsinlər və həmin ölkə onları qorusun. Bu, sizin dediklərinizə əlavədir. Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Biz köhnə torpaqlar uğrunda yeni müharibənin necə olduğunu onlara göstərdik. Tonoyan isə işdən qovuldu. Bu, bizimlə bu tərzdə danışa biləcəyini hesab edən hər kəsə dərsdir. Biz müharibə zamanı lazım olanı etdik. Biz düzgün hesab etdiyimiz həddə qədər getdik və lazım olandan artığını etmədik. Anlayıram ki, bəzi azərbaycanlıların Ermənistan ərazisinin bir hissəsinin qədim Azərbaycan torpağı olması fikrini səsləndirdiklərini çox diplomatik şəkildə təqdim etdiniz. Yəqin ki, siz burada məni nəzərdə tutursunuz. Mən bunu başa düşürəm və olduqca nəzakətli davranışınıza görə təşəkkür edirəm. Bu sualı verdiyinizə görə də sizə təşəkkür edirəm. Çünki bu mövzu da Ermənistanda siyasi manipulyasiya məqsədlərində istifadə edilir. Yəni, mənim ərazi iddialarım var. Xeyr, bu, belə deyil və mən bunu ictimai şəkildə bəyan edirəm. Lakin, eyni zamanda, biz tarixi bilməliyik. Mən gənc nəsillə bağlı dediklərinizlə də razılaşıram ki, bəzən gənc nəsil tarixi bilmir. Hətta bizim nəslə belə saxta tarix öyrədilib. Mən məktəbdə təhsil alarkən bizə qəhrəman kimi təqdim edilənlər, əslində, cinayətkarlar idi. Məsələn, Azərbaycan xalqını qətlə yetirən 26 Bakı komissarı. Bizi öyrədirdilər ki, onlar qəhrəman idilər və vətənimizi xilas etmişdilər. Əslində isə Şaumyan və digərləri cinayətkar idilər. Onlar burada qırğınlar törədib, azərbaycanlıları qətlə yetiriblər. Belə nümunələr çoxdur. Beləliklə, biz bu nəslin reallıqlardan bixəbər olmasını istəmirik. Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Bir daha bu suala görə təşəkkür edirəm. Bu sual məsələyə aydınlıq gətirməyə və öz mövqeyimi ortaya qoymağa imkan yaratdı. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur.

Rumıniyanın Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzindən doktor Yulian Çifu: Çox təşəkkür edirəm, cənab Prezident. Mən yenidən Bakıda olmağıma şadam. Mənim iki sualım var. Birinci sual, Avropa İttifaqı, xüsusilə də Rumıniya regionda və çoxmillətli və çoxkonfessiyalı Dağlıq Qarabağ bölgəsində yenidənqurma işlərində və institusional inteqrasiya və barışıq sahəsində Azərbaycana necə yardımçı ola bilər? İkinci sualım belədir: Təsəvvür edək ki, Azərbaycan Naxçıvana dəhliz əldə edib, Ermənistan Azərbaycan-Türkiyə nəqliyyat dəhlizinə inteqrasiya olunub, Rusiya sülhməramlıları Qarabağın şimal hissəsindən çıxarılıb və Azərbaycan Laçın dəhlizi ərazisində dövlət sərhədinə nəzarəti üzərinə götürüb. Belə olan halda Siz Dağlıq Qarabağı beş il bundan sonra necə görürsünüz?

Prezident İlham Əliyev: Avropa İttifaqı necə kömək edə bilər sualınıza gəldikdə səmimi deyim ki, bilmirəm. Bizə yenidənqurmaya dəstək verməklə bağlı Avropa İttifaqından istək ifadə edilməyib. Yəni, biz azad olunmuş ərazilərdə planlaşdırdığımız işləri öz vəsaitimiz hesabına həyata keçiririk. Biz heç bir beynəlxalq təşkilat və ya dövlətdən yardımla bağlı hər hansı mesaj almamışıq. Onlar yardım edərlərsə, biz buna görə minnətdar olarıq. Yox etməzlərsə, biz istənilən halda bu işləri görməliyik və həmin əraziləri bərpa edəcəyik. Əlbəttə, artıq qeyd etdiyim kimi, Avropa İttifaqı məkanından olan şirkətlər orada işləyirlər. Bu müqavilə üzrə şirkətlər səviyyəsində əməkdaşlıqdır, investisiyalardan söhbət getmir.

Beş ildən sonra nələrin baş verə biləcəyi sualınıza gəldikdə, proqnoz vermək çətindir. Biz özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik. Biz yol xəritəsini tam yekunlaşdırmamışıq, ancaq ümumiyyətlə bilirik ki, hansı işlər görüləcək. Qarşıdan gələn 3 il ərzində biz bütün əsas infrastruktur layihələrini - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal fazasında olacağıq. Biz işləri düzgün planlaşdırmalı və aparmalıyıq. Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalıdır. Çünki oraya qayıdacaq insanlar lazımi yaşayış şəraiti ilə təmin edilməlidir. Onlar dövlətdən asılı olmamalıdır. Həmin ərazilərdə münbit torpaqlar və kifayət qədər su ehtiyatları mövcuddur. Biz orada yaşayacaq vətəndaşlarımızın maliyyə cəhətdən müstəqil olmasını istəyirik. Dediyim kimi, tikinti işlərinin fəal mərhələsində olacağıq və hesab edirəm ki, həmin vaxta qədər Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək. Biz hədəf kimi iki, iki il yarım müddət müəyyən etmişik. Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası bundan çox vaxt apara bilməz. Əlbəttə, bunlar əlaqələndirmə şəraitində və Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə baş tuta bilər.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nə olacaq sualına gəldikdə, bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Sizə deyim ki, Azərbaycan Sərhəd Xidmətinin əsgərləri bu gün Ermənistan kəndlərinin 5 metrliyində, Qubadlının məşhur Şurnuxu kəndində dayanır. Ermənilər kəndin onlara məxsus olduğunu iddia edirdilər, lakin xəritəyə baxdıqda onun Azərbaycan ərazisində yerləşdiyi müəyyən olundu. Biz oraya Sərhəd Xidmətinin nümayəndələrini göndərdik və mən onlara göstəriş verdim ki, orada xətt boyu yerləşsinlər, xətti keçməsinlər və həmin kənddə yaşayan ermənilərlə işləri olmasın. Hətta həmin Şurnuxu kəndinin bir hissəsini tərk etməli olan ermənilərə biz vaxt verdik. Bu gün deyə bilərəm ki, Ermənistan ordusu məhv edilib. O, mövcud deyil. O cümlədən Ermənistanın sərhəd xidməti. Yəni, həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir. Eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda mövcuddur. Yol bizim ərazimizdən keçir. Bəli, biz oraya sərhəd xidmətimizi yerləşdirmişik. Biz hətta “Azərbaycana xoş gəlmisiniz” lövhəsini də quraşdırmışıq. Bilmirəm, nəyə görə həmin lövhə erməniləri bu dərəcədə qıcıqlandırdı. Biz, sadəcə, onları ərazimizdə salamlamaq istəyirdik. Ora bizim ərazidir. Ancaq onlar lövhəni atəşə tutdular və biz bu hərəkətə cavab verməli olduq. Yəni, onlar bu yoldan istifadə edirmi? Bəli. Onları sülhməramlılar qoruyurmu? Xeyr. Yalnız iki yerdə postlar qurulub. Biz bu yolu kəsə bilərikmi? Bəli. Bunu edirikmi? Xeyr. Əlbəttə, Ermənistan hazırda davrandığı kimi özünü aparsa, onlar bu gün tamamilə ruhdan düşmüş, təşkilatlanmamış vəziyyətdədirlər. Ordu yoxdur. Revanş haqqında düşünməyə əsas belə yoxdur. Mən bu haqda danışmışam - Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir. Bu narahatlıq Rusiya rəsmilərinə çatdırılmışdır. Nə üçün müasirləşdirilir onların ordusu? Revanşla bağlı istənilən imkan lazımsız gərginliyə səbəb olacaq. Beləliklə, vəziyyət indiki kimi davam etsə, qonşuluqda yaşamaqla bağlı hər hansı bir problem olmayacaq. Mən dəfələrlə Gürcüstanı misal kimi qeyd etmişəm. Orada azərbaycanlılar və ermənilər bəzən eyni bölgədə deyil, hətta eyni kənddə yaşayırlar və heç nə baş vermir.

İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer (onlayn): cənab Prezident, təşəkkür edirəm. Ədalətin bərpası münasibətilə Sizi təbrik edir və şəhid ailələrinə Ramazan ayını rahat keçirməyi diləyirəm. Azərbaycan müasir, geniş imkanlara malik ordu qurmağa müvəffəq olub. İkinci Ermənistan-Azərbaycan müharibəsi XXI əsrin müharibəsi kimi öyrənilir. Azərbaycan yüksək bacarıqlı xüsusi təyinatlı qüvvələrə malik olduğunu nümayiş etdirdi. Müasir texnologiyalara sahib olmaq hər şey demək deyil. Onlar uğurla döyüş tapşırıqlarına inteqrasiya edilməlidir. 1990-cı illərdə mən Azərbaycanda olmuşam və o zaman insanları cəbhəyə göndərmək müşkül məsələ idi. Bu müharibədə könüllülər növbələrdə dayanırdı və onlar geri qaytarılırdı. Mənim sualım belədir – müasir ordu quruculuğu sahəsində nələr öyrənildi? Azərbaycan cəmiyyətində nələr dəyişdi ki, orduya belə bir güclü dəstək yarandı? Belə bir təsəvvür var ki, müharibə 2020-ci ilin payızında başladı. Ancaq bundan öncə Ermənistanın yeni ərazilər uğrunda yeni müharibə doktrinası əsasında Tovuz döyüşləri baş verdi. Bunu müharibənin birinci fazası hesab edənlər var. Payızda baş verənlər isə hadisələrin davamı hesab olunur. Buna münasibətinizi öyrənmək istərdim.

Prezident İlham Əliyev: Təbriklərinizə görə sağ olun. Siz uzun illərdir ki, Azərbaycanı yaxşı tanıyırsınız. Sizin kifayət qədər məlumatınız, müqayisə etmək imkanınız var. Birinci və İkinci Qarabağ müharibələri arasında fərqi tamamilə doğru qeyd edirsiniz. İnsanlar növbələrdə dayanırdı. Biz qismən səfərbərlik elan etmişdik və buraya müəyyən yaş kateqoriyasına aid vətəndaşlar daxildir. Həmin meyara cavab verməyən vətəndaşlarımız isə gileylənir, məktublar yazırdı ki, məni niyə aparmırlar? Mən də gedib döyüşmək, Vətənimizi qorumaq istəyirəm. Hesab edirəm ki, bu, bizim Qələbəmizi şərtləndirən əsas amil idi. Əlbəttə, biz güclü ordu qurmuşduq, təlimlər keçirirdik, müasir silahlar əldə etmişdik ki, bu, müharibədə bizə Qələbə qazanmağa və əsgərlərimizin həyatını qorumağa kömək etdi. Bu silahlar olmasaydı, itkilərimizin sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə bizim itkilərimiz 2.5-3 dəfə az olmuşdur. Nəzərə alın ki, biz əks-hücum əməliyyatı həyat keçirirdik və düzənlikdən yüksəkliklər istiqamətində hərəkət edirdik. Əsas amil o idi ki, həmin əraziləri hətta görməyən gənclər sanki özlərinin doğma yurdları uğrunda döyüşürdülər. Biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir. Bir çox hallarda multikulturalizm və mədəni müxtəliflik mövzusunda beynəlxalq tədbirlər zamanı mən həmişə qeyd edirdim ki, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessiyalı cəmiyyətin olmasıdır. Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik.

Döyüşlərdə iştirak edən və şəhid olan bir çox insan mən 2003-cü ildə Prezident seçiləndə uşaq idi. Ancaq Qarabağ hər zaman bütün gündəliklərin bir nömrəli məsələsi idi. Bütün tədbirlərdə - sülh və müharibə, sosial-iqtisadi inkişaf mövzularındakı tədbirlərdə Qarabağ hər zaman mənim çıxışlarımda prioritet təşkil edirdi. Bu, artıq yeni Azərbaycandır. Ermənilər bizi yaxşı tanımırdılar. Onlar 1992-ci ilin Azərbaycanı ilə döyüşəcəyini zənn edirdilər. Azərbaycan isə fərqli idi, insanlarımız fərqli idi, cəmiyyət fərqli idi, ruh yüksəkliyi başqa idi. Mən bunu dəqiq bilirəm, onlar, onların əvvəlki rəhbərləri hesab edirdilər ki, biz bunları unudacağıq. Zaman keçəcək, hər kəs yorulacaq və heç kəs müharibə istəmir. Beynəlxalq mediada da belə spekulyasiyalar var idi ki, Azərbaycan müharibə etməyəcək, çünki ölkə inkişaf edir, Prezident Əliyev qeyri-müəyyən üstünlük naminə riskə getməyəcək. Ancaq onlar bizim daxilimizdə, qəlbimizdə nələrin olduğunu başa düşə bilmədilər. Başa düşmədilər ki, bizim üçün Qarabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik.

İyul ayında baş verənlər Paşinyanın növbəti təxribatı idi. Çünki Paşinyan bu hərbi-cinayətkar qrupun üzvü hesab edilmirdi. Ermənistanın keçmiş rəhbərləri onu orduda xidmət etməmiş, zəif, cəsarəti olmayan insan kimi təqdim edirdilər. Bu səbəbdən o, hərbi qələbə əldə etmək arzusunda idi, xüsusilə də onun hakimiyyətə gəlməsindən bir ay sonra Naxçıvan istiqamətində məğlub olmasından sonra. Ancaq o məsələdə onu günahlandırmaq olmaz, çünki o, hakimiyyətə yeni gəlmişdi. Ona hərbi qələbə lazım idi. Biz dəqiq bilirik ki, onlar Lələtəpəni geri qaytarmağı planlaşdırırdılar. O ərazini ki, biz 2016-cı ildəki döyüşlər nəticəsində azad etmişdik. O, çalışırdı nümayiş etdirsin ki, bəli, əvvəlki Sarkisyan hakimiyyəti həmin əraziləri itirdi və ali baş komandan “cəsur” Paşinyan o torpaqları geri qaytardı. Yeri gəlmişkən, indi özləri müharibəni daha yaxşı dərk edəndən sonra məqalələr çap edir və bəyanatlar verirlər ki, Lələtəpəni qaytarmaq cəhdi ciddi canlı qüvvə itkisi ilə nəticələndi. Əslində isə Ermənistan ordusunun bir hissəsi məhz orada tamamilə məhv edilmişdi. İyul ayında onlar Tovuz istiqamətində əraziləri işğal etmək istəyirdilər. Bu, aydın idi və onlar bizi ittiham edirdilər ki, iki hərbçimiz “UAZ” avtomaşını ilə onların mövqelərinə hücum etmişdir. Bu, gülünc məsələ idi. Biz 44 günlük müharibədə ordumuzun kimlərdən və nədən ibarət olduğunu nümayiş etdirdik. Biz həmin əraziləri zəbt etmək istəsəydik, bunu edərdik. Bu, birincisi. İkincisi isə Ermənistanın ərazisi bizim nəyimizə lazımdır? Nə üçün biz Ermənistana fürsət verməliyik ki, o, KTMT-yə hərbi yardımla bağlı müraciət etsin? Biz ağlımızı itirmişik? Xeyr. Onlar istəyirdilər ki, torpaqları zəbt etsinlər, daha sonra isə Paşinyan gəlsin desin ki, mən məğlubedilməz ordunun böyük komandanıyam və gəlib Tovuzda dayanmışam. Bu idi onların istəyi. Biz onları oradan geri atdıq və deyə bilərəm ki, irəliyə də gedə bilərdik. Onlar bizim generalımızı, zabitlərimizi qətlə yetirdilər. Biz qisas almalı idik. Mən isə ordumuzu dayandırdım. Biz sərhədi keçmədik, sadəcə, onları geri oturtduq və burada dayandıq. Halbuki, Tovuzun dağlıq hissəsində Ermənistan qoşunları yox idi. Biz rahatlıqla kilometrlər boyu irəliləyə bilərdik. Mən dedim xeyr, bunun vaxtı deyil. Daha sonra avqust ayında Goranboy istiqamətində növbəti təxribata əl atdılar, bizim mövqelərə sızmaq üçün qrup göndərdilər və həmin dəstənin başçısı tərəfimizdən yaxalandı. Nəhayət, sentyabr ayı gəldi. Bu, bir daha yanlış hesablamanın, özləri haqqında olduğundan daha böyük təsəvvürdə olmağın, Azərbaycanın imkanlarını isə lazımi qədər qiymətləndirməməyin nəticəsidir. Onlar ölümcül xətaya yol verdilər və indi onun acısını çəkirlər.

Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol (onlayn): Təşəkkür edirəm, Prezident Əliyev. Bu gün Sizinlə ünsiyyətdə olmaq böyük məmnuniyyətdir. Belçikadan Sizə Avropa İttifaqı barədə sual vermək istəyirəm. Müharibə dövründə Azərbaycanda bir çoxları Avropa İttifaqının yanaşmasını tənqid edirdi. Avropa İttifaqı post-müharibə dövründə etimadını və nüfuzunu necə bərpa edə bilər?

Prezident İlham Əliyev: Səmimi danışsaq, mən münaqişə dövründə Avropa İttifaqının ciddi tənqid olunduğunu görməmişəm. Nə mən özüm, nə də qurumlarımızdan heç biri Avropa İttifaqını Avropa İttifaqı olaraq tənqid etməmişik. Avropa İttifaqı Şurasının prezidenti müharibə vaxtı mənə telefonla zəng etdi. O, baş verənlərlə bağlı narahatlığını ifadə etdi, biz müzakirə apardıq, mən onu vəziyyətlə bağlı məlumatlandırdım. Bəli, Avropa İttifaqının bəzi aparıcı üzv dövlətləri ilə bağlı tənqidlər var idi. Lakin onlar müharibə vaxtı Avropa İttifaqının üzv dövləti kimi deyil, dövlət olaraq davrandılar. Ona görə də, Avropa İttifaqına gəlincə, indi Avropa İttifaqını kömək etmədiyinə görə tənqid edən Ermənistandır. Lakin Avropa İttifaqının necə kömək edə bilməsi böyük sual doğurur. Avropa İttifaqı oraya qoşunlarını göndərməli idi, ya necə? Mən bilmirəm.

Münaqişədən sonrakı inkişafda Avropa İttifaqının roluna gəlincə, mən artıq demişəm, biz Avropa İttifaqından yenidənqurma, qaçqınların yerləşdirilməsi ilə bağlı bizə necə kömək etmək istədiklərinə və ya planlaşdırdıqlarına dair, - əgər istəyirlərsə və ya planlaşdırırlarsa, - heç bir mesaj almamışıq. Bu, təkcə maliyyə resursları baxımından deyil, həm də metodologiya baxımından bizim üçün böyük iş olacaq. Biz heç vaxt belə vəziyyətə düşməmişik ki, yerlə-yeksan edilmiş əraziləri bərpa etməli olaq. Bunu necə planlaşdırmaq, hansı addımlar atmaq, addımları hansı ardıcıllıqla atmaqla bağlı məsləhət verən müəyyən beynəlxalq təcrübə ola bilər. Əlbəttə ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı hər hansı təchizat və ya kömək nəzərdə tutsa, biz minnətdar olarıq. Bundan əlavə, sizə deyə bilərəm ki, pandemiya ilə əlaqədar bizim Avropa İttifaqı ilə yeni razılaşma ilə bağlı danışıqlarımız bir qədər dondurulmuşdu. Mən artıq açıq şəkildə bildirmişəm ki, COVID bu və ya digər dərəcədə bitən kimi, vəziyyət daha sabit olan kimi biz danışıqlara yenidən başlayacağıq. Bu razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır. Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib. Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox “qorxurduq”. Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox “qorxmağı” məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi “işğal edərlər”. Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək. Xüsusilə əvvəl qeyd etdiyim kimi, Avropa İttifaqının 9 üzvü ilə bizim strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatımız var.

Hikmət Hacıyev: Təşəkkür edirik, cənab Prezident. Amanda Pol bizim siyahımızda sonuncu çıxışçı idi. Dəyərli və qiymətli vaxtınızı bizimlə birgə keçirdiyinizə görə bütün qrupumuz adından Sizə ən səmimi minnətdarlığımızı və hörmətimizi çatdırmaq istərdim. Siz bizimlə təlimatları, baxışları və fikirləri bölüşdünüz və buna əsaslanaraq səfir Hafiz Paşayevlə birlikdə biz müzakirələrimizə davam edəcəyik. Biz, həmçinin gözəl Bakı bulvarında Hərbi Qənimətlər Muzeyinə baş çəkməyi səbirsizliklə gözləyirik. Təşəkkür edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun. Mən soruşmaq istərdim, bəlkə başqa kiminsə sualı var. Çünki elə görünə bilər ki, sanki Hikmətdə çıxışçıların siyahısı var, bir qədər sovet üslubuna bənzəyir. Ola bilsin ki, kimsə əlavə etmək istəyir.

Hikmət Hacıyev: Cənab Prezident, bu, açıq proses idi və biz onlardan siyahıya adlarını yazdırmağı xahiş etmişdik.

Türkiyədən olan iştirakçı: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Səxavətiniz sayəsində, bir neçə kəlmə demək və Sizə qısa sual vermək imkanım oldu. Öncə erməni mifologiyasını dağıdan və Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, həm də Azərbaycanın psixologiyasını bərpa edən Böyük Qələbəniz münasibətilə təbrik mesajlarına qoşulduğumu bildirmək istərdim. Bu Qələbə psixologiyanı yüksəltdi. Bu isə çox vacibdir. Əvvəlki müzakirələrimizdə təklif etdiyim kimi, ekspertlər və akademiklər üçün məsələnin bütöv psixoloji-sosioloji tərəflərinə baxmaq yaxşı ideya olardı. Yəni, Ermənistan kimi ölkədə siyasi quruculuğa təsir edən xəyali psixologiyanın feyk siyasi mədəniyyət yaradılmasında rolu necədir? Biz, əlbəttə, bunu 1922-ci ildə Yunanıstanın nümunəsində, Böyük Türk zəfərindən sonra görmüşük. Onlar çox böyük travmalardan keçdilər. Bu travmaların öhdəsindən gəlmək həmin ölkələr üçün asan deyil. Lakin bilirsiniz, sonda, bu və ya digər yolla hadisələrin gedişatı, faktlar bunu formalaşdıranda, qeyd etdiyim məsələ reallığa çevrilir. Düşünürəm ki, bu, çox yaxşı ideya olacaq. Ünvanlamaq istədiyim digər sual Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqındadır. Müharibə bunu təmin etdi. Lakin hələ problemli də olmasa, müəyyən məqamlar mövcuddur. O qədər də kiçik olmayan həmin ərazilərdə, Qarabağ bölgəsinin bəzi hissələrində Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə bağlı Sizdə cədvəl varmı? Rusiya sülhməramlıları və digərləri ilə razılaşdırdığınız cədvəl mövcuddurmu? Yoxsa, Azərbaycanın suverenliyini mərhələli yanaşma qaydasında, proseslərin gedişatı ərzində həll etməyi düşünürsünüz? Lakin yenə də Sizi Türkiyədə və region boyu bizə xoşbəxtlik bəxş edən Böyük Qələbəniz münasibətilə təbrik edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Təbriklərinizə, dəstəyinizə görə təşəkkür edirəm. Biz Türkiyənin, sözsüz ki, ölkənin liderinin, Prezidentin, yüksək rütbəli rəsmilərin, QHT-lərin, medianın, bütün türk cəmiyyətinin dəstəyini hiss etdik. Bu, yekdil, çox güclü dəstək idi və biz buna görə çox minnətdarıq. Düşünürəm ki, Ermənistanın yeni reallığa uyğunlaşması vaxt tələb edəcək. Onlar psixoloji cəhətdən buna hazır deyillər. Çünki artıq qeyd etdiyim kimi, onlarla manipulyasiya ediblər, onların beyinlərini yuyublar. Onlar özləri üçün heç vaxt sahib olmadıqları saxta tarix yaradıblar. Mən çox dərinə getmək istəmirəm, amma həmin tarixi qəhrəmanlar belə onların özlərini göstərdiyi millətə məxsus deyil. Onların XX əsr tarixi tamamilə saxta tarixdir. Onlar bir-birini inandırmağa çalışırdılar və bəlkə də onların ən böyük problemi odur ki, onlar heç vaxt olmayan bir şeyə və nəyi əldə edəcəklərinə dair planlara bir-birini inandırmağa nail olublar. Əks halda, müharibədən əvvəl onlar yüksək səviyyədə, prezident, baş nazir səviyyəsində Sevr razılaşması haqqında danışmazdılar. Onlar Türkiyəyə qarşı ərazi iddiaları barədə danışırdılar. Bu barədə danışmaq və bunu planlaşdırmaq üçün ağılsız olmaq lazımdır. Xatırlayıram ki, bir neçə il bundan əvvəl gənc ermənilərlə görüşdə o vaxtkı cinayətkar prezident Sarkisyandan soruşulanda ki, biz Türkiyədə qədim torpağımıza nə vaxt qayıdacağıq, o dedi ki, bizim nəsil bu qələbəni qazandı, bunu etmək sizin öhdənizə düşür. İndi Sarkisyan haradadır? O, Qarabağdan qaçdı. O, müharibə zamanı orada idi. O, oraya gəldi, lakin sonra müharibə qəhrəmanı hesab olunan Koçaryanla birlikdə qaçdı. Onlar qorxaqdırlar. Birinci Qarabağ müharibəsində ayağını itirmiş sabiq müdafiə naziri Ohanyan biz gəlməmişdən cəmi bir neçə gün əvvəl Şuşadan qaçmasaydı, Şuşada başını itirə bilərdi. Onların psixologiyası budur. Onları elə böyüdüblər ki, guya onlar dünyanın ən böyük millətidir, hərtərəfli dəstəyə layiqdirlər, hər kəs onlara borcludur, heç kim bilmir nəyə görə və onlar şəxsi və korporativ üstünlüklər əldə etmək üçün saxta tarixlərindən istifadə edirdilər. İndi hamı başa düşəndə ki, onların ordusu mövcud deyil, onların 10 min fərarisi var, 10 min. “Məğlubedilməz ordu”. Onların bütün qavrayışı dəyişib. Siz tamamilə haqlısınız, bu, travmadır, psixoloji travma. Lakin kim cavabdehdir? Özləri. Təkcə hakimiyyətdə olanlar deyil, bütün cəmiyyət cavabdehdir. Onlar gözlərini açmalı, başa düşməlidirlər ki, bu mühitdə yaşamalı olacaqlar. Onlar Türkiyə ilə münasibətlərin qurulmasında Türkiyədən daha çox maraqlıdırlar və maraqlı olmalıdırlar. Türkiyə sərhədi həmişəlik bağlı saxlayaraq yaşaya bilər. Bu, Ermənistan üçün vacibdir. Biz həmişəlik yaşaya bilərik. Məsələn, biz Zəngəzur dəhlizindən danışırıqsa, bəli, onun Naxçıvanla əlaqəsi olacaq. Məgər indi bizim əlaqəmiz yoxdur? Bəli, var. Bu, onlar üçün olacaq və onlar bu dəyişikliyi etməlidirlər. Lakin məndən soruşsanız ki, Ermənistanda siyasi dairədə vəziyyətə real baxacaq kimsə varmı? Xeyr. Hətta, əgər belə bir şəxs varsa, o, bunu heç vaxt açıq şəkildə etməyəcək. Çünki dərhal hücuma məruz qalacaq. Dərhal tənqidə məruz qalacaq. Onu öz dillərində təhqir olaraq türk adlandıracaqlar. Onu xain adlandıracaqlar və s.

Suverenliyin cədvəlinə gəlincə, fikrimcə, mən artıq demişəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında yaşayan erməniləri, əvvəl qeyd etdiyim kimi, biz Azərbaycan vətəndaşları hesab edirik. Bu regionun reinteqrasiyası zaman məsələsidir. Biz çox tələsməyəcəyik. Biz doğru olanı etmişik. Zənnimcə, bu insanlar özləri başa düşəcəklər ki, qonşuları ilə normal münasibətlərin olması onlar üçün daha yaxşıdır. Hətta indi həmin ərazilərə bütün logistik dəstəyin Bərdə və Ağdamdan getdiyi bir vaxtda, daha çox aydın olur ki, bu, Azərbaycana inteqrasiya olmuş regiondur. 100 il əvvəl Laçın dəhlizi mövcud deyildi. 1930-cu illərədək Laçın və Kəlbəcərdə yollar yox idi. İnsanlar yalnız atlarla gedə bilirdilər. Əlbəttə ki, bu regionun Ermənistanla əlaqəsi yox idi. O, Azərbaycanın qalan hissəsinə iqtisadi, sosial cəhətdən, hər cəhətdən tam inteqrasiya olmuşdu və bu, belə olacaq. Bu, reallıqdır. Biz hazırıq. Hazırda Azərbaycanda minlərlə erməni yaşayır. Mən müharibə vaxtı dediyim kimi, Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır. O müdafiə naziri olanda və bizim əraziləri işğal altında saxlayanda o, Azərbaycanda yaşayıb və heç kim onu barmaqla göstərmirdi. Bu, bizim mədəniyyətimiz, bizim siyasətimizdir. Qarabağ regionunun tam inteqrasiyası labüddür. Bu, baş verəcək. Lakin biz bunu vaxtında və maksimum səbirlə etməliyik.

İranın Tehrandakı İran-Avrasiya Tədqiqatları İnstitutundan Vəli Xaliqi: Təşəkkür edirəm, cənab Prezident. Azərbaycan Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını uğurla geri almasından sonra İranla həmin ərazidə olan 138 kilometrlik sərhəd xəttini bərpa etdi. De-fakto erməni dövləti de-yure Azərbaycan respublikası ilə əvəz edildi. İndi biz sərhəd idarəçiliyi, Xudafərin su anbarı və su elektrik stansiyanın reallaşdırılması da daxil olmaqla müxtəlif məsələlərlə bağlı bir-birimizlə işləyə bilərik. Bu hadisələr müsbətdir. Lakin digər tərəfdən, Naxçıvandan Azərbaycan Respublikasına dəhlizin açılması ilə bağlı çoxsaylı suallar mövcuddur. Azərbaycan və Türkiyə rəsmiləri dəfələrlə bu dəhlizin xüsusilə Ermənistan-Azərbaycan sərhədini kəsməyəcəyi barədə danışıblar. Çox sayda iranlı və ekspertlər bu dəhliz barədə narahatdır. Sual bundan ibarətdir: bu dəhlizin real eni nə qədər olacaq? Bu dəhliz yalnız Naxçıvan ilə Azərbaycan vətəndaşları arasında bağlantı olacaq? Yəni daxili dəhlizmi olacaq? Yoxsa, bu, beynəlxalq dəhliz olacaq? Bu dəhliz insanların keçməsi və malların ötürülməsi ilə məhdudlaşacaq, yoxsa hərbi təchizatlar də ötürülə biləcək? Bu suallar o faktdan yaranır ki, həm İran və Azərbaycan arasında 750 kilometrlik sərhəd, həm də İran və Ermənistan arasında 38 kilometrlik sərhəd bizim üçün vacibdir. Cənab Prezident, bunu aydınlaşdıracağınıza ümid edirəm və dostyana yuxarıda qeyd edilən suallara cavablandırardınız ki, mən bu cavabları İrandakı dostlarıma çatdırardım. Xoş münasibətiniz və qonaqpərvərliyiniz üçün təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, siz çox mühüm məsələni qeyd etdiniz və mən mövqeyimizə aydınlıq gətirmək istəyirəm. Sözsüz ki, mən yalnız Azərbaycan adından danışa bilərəm. Çünki söhbət dəhlizdən gedirsə, bir neçə ölkə var. Ona görə də, bununla bağlı konsensus olmalıdır. Lakin İranla bərpa edilmiş bu sərhəd yeni imkanlar açır və siz Xudafərin su anbarı və bəndini xatırlatdınız. Bildiyiniz kimi, mənim İrana səfərlərimdən birində biz bununla bağlı İranla saziş imzaladıq. Əfsuslar olsun ki, Azərbaycanda bizi tənqid edənlərdən bəziləri buna görə Azərbaycanı günahlandırmağa çalışırdı, deyirdilər ki, niyə Azərbaycan bu sazişi imzalayıb, çünki Azərbaycan vəziyyətə nəzarət etmir. Lakin onlar başa düşə bilmirdilər ki, bu sazişin imzalanması ilə İran bir daha bu ərazini Azərbaycanın suveren ərazisi hesab etdiyini nümayiş etdirdi, baxmayaraq ki, İran çoxsaylı sənədlərdə bizim ərazi bütövlüyümüzə güclü dəstək verib. Bu, siyasi tərəfidir. Praktiki nöqteyi-nəzərdən, bu gün biz sərhədə nəzarət etdiyimiz bir vaxtda Xudafərin bəndi həm də bir növ bizim birgə sərvətimizdir. Mən artıq sizə deyə bilərəm ki, biz 200 meqavatlıq su elektrik stansiyasının qurulması ilə bağlı İran tərəfi ilə əməkdaşlığa başlamışıq. Bu, iki hissəyə ayrılacaq. Azərbaycan investisiyaların ödənilməsi metodologiyası ilə bağlı artıq İranla razılığa gəlib. Çünki hər şey İran tərəfindən edilib. Ona görə də, biz geri ödəməli və öz payımızı masaya qoymalıyıq. Bu da razılaşdırılıb.

Sərhədlə bağlı narahatlıqlara gəlincə, düşünürəm ki, bu narahatlıqlar tamamilə əsassızdır. Post-müharibə dövrünün əvvəlində belə narahatlıqlar var idi. Lakin bilirsiniz ki, yüksək rütbəli nümayəndə heyətləri, xarici işlər naziri, xarici işlər nazirinin müavini Azərbaycana səfər etdilər və biz, şəxsən mən onların hər ikisi ilə - cənab Zərif, cənab Əraqçı ilə bununla bağlı fikirlərimizi geniş şəkildə müzakirə etdik və düşünürəm ki, bununla bağlı ortaq məxrəcə gəldik. Bilirəm ki, bundan sonra onlar Rusiyaya, Türkiyəyə də səfərlər edərək eyni məsələləri müzakirə etdilər və bizdə tam konsensus var. İran bu layihəyə güclü dəstək verir. Bundan əlavə, İran 3+3 əməkdaşlıq formatına güclü dəstək verir ki, hazırda faktiki olaraq əsas məsələ budur. Bu, heç bir halda İranı Ermənistandan ayırmayacaq. Bu, müəyyən mənada dəmir yolu əlaqəsi, magistral əlaqəsi olacaq. Bizim sərhədimizdə çoxlu dəmir yolu əlaqəsi, magistral əlaqəsi var. Bu, o demək deyil ki, bu, kiminsə maraqlarına ziyan vuracaq. Əksinə, bu, İrana Naxçıvan dəmir yolu vasitəsilə Yerasxa, oradan Ermənistana getməyə və dəmir yolu əlaqəsinə sahib olmağa imkan verəcək. Ona görə də düşünürəm ki, İran hökuməti bu layihəni tam şəkildə dəstəkləyir. Düşünürəm ki, həm də İran beyin mərkəzləri, vətəndaş cəmiyyəti və siyasətçilərinin həqiqəti bilməsi üçün yaxşı olacaq. Malların və sərnişinlərin daşınmasına gəlincə, bu, zaman məsələsidir. Artıq bir neçə dəfə Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunda baş nazir müavinləri səviyyəsində keçirilən müzakirələrdən sonra bizim üçtərəfli Bəyanatda bir müddəa var ki, Ermənistan ərazisində təhlükəsizlik Rusiya sərhəd təhlükəsizliyi qüvvələri tərəfindən təmin olunacaq. Bildiyiniz kimi, onlar Ermənistanın İran və Türkiyə ilə sərhədinə nəzarət edirlər. Ona görə də, İran üçün bu, yenilik olmayacaq. Yəni yenə ruslar olacaq. İranlılar Ermənistanla sərhədi keçəndə ilk gördükləri Rusiya sərhəd təhlükəsizliyi qüvvələri olacaq. Dəhlizlə bağlı vəziyyət eyni olacaq. Bu, heç bir çətinlik yaratmayacaq. Hərbi və ya mülki yüklərə gəldikdə, bilirsiniz ki, bu gün biz İran ərazisi vasitəsilə mövcud xətlərlə Naxçıvana hərbi yüklər göndəririk. Niyə bu yolla olmasın? Bunun heç bir fərqi olmayacaq. Bundan əlavə, müharibə artıq bitib və bizim bu barədə düşünməyə ehtiyacımız yoxdur. Sülh barədə düşünməliyik.

İsrailin Təl-Əviv Universitetindən Stivn Klayn: Sabahınız xeyir, bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mənim iki sualım var: Birincisi mesajla bağlıdır. Siz Azərbaycan cəmiyyətində həmrəylik haqqında danışdınız. Hesab edirəm ki, biz bu həmrəyliyi görürük. Biz ölkə ərazisində Azərbaycan dilində üzərində “Şuşa bizimdir!”, “Qarabağ bizimdir!” yazılan şüarları görürük. Mən böyük həştəqlə “Ermənistana inanmayın” şüarını görmüşəm. Bu, vacibdir. Mən İsrail nöqteyi-nəzərindən bunu başa düşürəm. Biz də bunu yaşamışıq, insanlara ünvanlanan mesajları. Mesajlar Qarabağa böyük bir sadiqlik yaratdı. Eyni zamanda, Sizin təsəvvür edə biləcəyiniz kimi, mən ermənilərə qarşı düşmən münasibət bəsləyən azərbaycanlılarla da danışmışam və onların buna haqqı var. Lakin bu da ermənilərin təhlükəsizliyinə, xüsusilə Dağlıq Qarabağdakıların təhlükəsizliyinə təsir edir. Biz bilirik, Siz emosional addımlar ata bilərsiniz, Dağlıq Qarabağda Azərbaycan ərazilərində etdiyiniz jestlər müsbət jest kimi edilib, lakin bunun zamanı düzgün olmayanda bu emosional olaraq onlara təsir edə bilər. Çünki onlar hələ də Sizin dediyiniz travma ilə yaşayır. Sualım ondan ibarətdir ki, Qarabağ Azərbaycanın nəzarətinə keçəndən sonra bu mesajlar necə dəyişir? Bu lövhələrin yanında “Şuşa bizimdir!”, “Qarabağ Azərbaycandır!” daha nələr yazılacaq? Azərbaycanlıların ermənilərə qarşı düşmən münasibəti bəsləməmələri üçün, Dağlıq Qarabağ ermənilərinin isə Azərbaycan daxilində özlərini daha da təhlükəsiz hiss etmələri üçün növbəti mesajlar nədən ibarət olacaq? İkinci sualım qadınların vəziyyəti ilə bağlıdır. İqtisadi araşdırmalara görə, qadınların vəziyyəti iqtisadi inkişafa və sülhə çox bağlıdır, lakin bu boşluğun aradan qaldırılması çətin olur. Böyük müxtəlifliyi təmin etmək üçün qadınların vəziyyətinin daha da yaxşılaşdırılmasında hökumətin rolunu nədə görürsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İkinci sualdan başlayacağam. Çünki qadınlar həmişə prioritet məsələdir. Hesab edirəm ki, həyatımızın müxtəlif seqmentlərində Azərbaycanda qadınların rolu kifayət qədər yüksəkdir. Qadınlara hörmət Azərbaycan xalqının tarixi ənənəsidir. Bildiyiniz kimi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri qadınlara səsvermə hüququ vermək idi. Bu, 1918-ci ildə baş vermişdir. Qadınların həmin zaman emansipasiyası prioritetlərdən biri olmuşdur. Hesab edirəm ki, bu gün nailiyyətlər açıq-aydındır. Mənim üçün Azərbaycanın bəzən qadınların kifayət qədər hüquqları olmayan və ya qadınların hüquqlarının pisləşdiyi, yaxud burada bir növ diskriminasiyaya uğrayan bir ölkə kimi qavranılması qəribədir. Bu, heç də belə deyil. Burada çoxlu qadının olmaması faktı bizim burada qonaqlarımızın toplaşması ilə əlaqəlidir. Bura indi sizin masanızdır. Lakin Azərbaycandakı qadınların çox yüksək vəzifələri var və bunu siz özünüz də bilirsiniz. Milli Məclisin sədri və hətta bundan da yüksək vəzifələr qadınlar tərəfindən tutulur. Yenidənqurmaya gəldikdə, əlbəttə ki, biz onlara arxalanırıq. Çünki Azərbaycanda qadınlar adətən təhsil və səhiyyə sektorlarında işləyirlər. Bu da işğaldan azad edilmiş ərazilərdə prioritet olacaq. Birinci növbədə biz xəstəxanaları, məktəbləri inşa etməyi planlaşdırırıq. Buna görə də qadınlar üçün normal, yaxşı iş yerləri təmin olunacaq.

Şüarlar və lövhələrə gəldikdə, bilirsiniz ki, “Qarabağ Azərbaycandır!” ifadəsini mən Soçidə “Valday” konfransında demişəm. Çünki Qarabağda aksiyada iştirak edərkən Ermənistanın baş naziri Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Bu, danışıqların sonu idi. Bu, əvvəla, səhv idi, həqiqət deyildi. İkincisi, bu, onun verdiyi əvvəlki bəyanatlarla ziddiyyət təşkil edirdi. O, Qarabağın müstəqil ölkə olduğunu deyirdi. Necə ola bilər ki, o, həm Ermənistanındır, eyni zamanda, müstəqil ölkədir? Bu, cənab Paşinyana ünvanlanmış bir sualdır. Yəqin ki, indi ona bu sualı verməyə artıq ehtiyac yoxdur. Mənim canlı yayımlanan konfransda danışmaq imkanım olanda mən bunu dedim. Mən bunu Bakıda deyə bilərdim və ola bilsin bir çox insan bunu eşitməzdi. Lakin mən bunu Rusiya televiziyası ilə canlı yayımlanan konfransda dedim: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu, dərhal həştəqə və ya şüara çevrildi. Bu, bütün bəyanatlarımda bizim qələbəmizin əsas şüarı idi və məhz buna görə bu şüarı biz hər yerdə görürük. Yəqin ki, bu, belə davam edəcək. Çünki bu, həqiqətdir: “Qarabağ Azərbaycandır!”. Yeni lövhələrlə bağlı, mən artıq biri haqqında dedim. Biz Ermənistanın öz yolu hesab etdiyi yolun üzərində bir lövhədə “Azərbaycana xoş gəlmisiniz” yazmışıq. Bu da onları qıcıqlandırır. Bilmirəm nə yazaq. Biz “Qarabağ Azərbaycandır!” yazanda bu, onların xoşuna gəlmir, biz “Azərbaycana xoş gəlmisiniz” yazanda da bu, onların xoşuna gəlmir. Yəqin ki, siyasətçilərin yanında və beynəlxalq birlikdə dediyim kimi özlərinə bələdçi tapmaq və özlərini yeni reallıqlara uyğunlaşdırmaq məqsədilə yaxşı müalicə almaq üçün onlara bu posttravma dövrü lazımdır. Lakin müharibə zamanı və müharibədən sonra biz düşmənçilik xarakterli ritorikaya tamamilə yol verməmişdik. Mənim Azərbaycan xalqına ünvanladığım şərhlərimdə, bəyanatlarımda və mesajlarda həmişə Ermənistanın bizə vaxt cədvəli verməli olduğunu və bu halda müharibəni dayandıracağımızı deyirdim. Bu da baş verdi. Biz yanlış olanı etmədik, yalnız müvafiq olanı etdik və bunu vaxtında etdik.

Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhan: Mən də Sizi Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi və bu Qələbəni qazanmış Azərbaycan xalqının hər bir nümayəndəsini şəxsən təbrik etmək istəyirəm. Siz dediniz ki, azərbaycanlılar Azərbaycan şəhərlərində Azərbaycan bayraqları ilə yanaşı, türk bayraqlarını dalğalandırırdılar. Əminəm ki, bu 44 günlük müharibə zamanı Türkiyənin hər bir şəhərində Azərbaycan bayraqları olduğunu da bilirsiniz. Biz Qələbəni Türkiyədə olan Azərbaycan vətəndaşları kimi qeyd edirdik. Türkiyə və Azərbaycan arasında bu yüksək əməkdaşlıq dövrü onu göstərdi ki, “Bir millət, iki dövlət” ifadəsi, sadəcə, bir ritorika deyil, həm də reallıqdır. Biz bu məqamlarda ümummilli lider mərhum Heydər Əliyevin xatirəsini anırıq. Çox qısa bir sual vermək istəyirəm. Cari hadisələrin inkişafından, cari vəziyyətdən və regionda dinamikaya ehtiyac duyulduqdan sonra Siz hələ də Minsk qrupuna ehtiyacın olduğunu və belə bir qrup olarsa, bu Qrupun funksiyasının nədən ibarət olacağını düşünürsünüzmü? Yeni funksiyalar olacaqmı, onlar mövcud olan funksiyalarını yeniləmədilərmi? Bu 25-30 il fəaliyyət göstərən qrupun indi məqsədi nədir? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərinizə, təbriklərə görə təşəkkür edirəm. Biz qələbəmizin Türkiyədə hamımızın qələbəsi kimi qəbul olunduğunu bilirik və belə güclü qardaş dəstəyinə görə çox minnətdarıq. Dediyim kimi, Türkiyə cəmiyyətinin bütün seqmentlərindən, adi insanlardan, bizə əlavə güc verən hər kəsdən bu həmrəyliyi və dəstəyi hiss edirdik.

Minsk qrupuna gəldikdə, müharibədən sonra mən Minsk qrupunun həmsədrləri ilə görüşmüşdüm. Onların gələcəyini necə gördüyümlə bağlı mənə sual verdiklərində onlardan mənə bəzi təkliflər təqdim etmələrini xahiş etdim. Çünki Minsk qrupu həmişə təklif verən qrup idi. Əlbəttə, Azərbaycanın və Ermənistanın mövqeyi əsasında. Lakin masa üzərində olan prinsiplər və mövzular onlar tərəfindən işlənib hazırlanmışdı. Əlbəttə ki, Minsk qrupunun tərkibi və daxili münasibətlər həmişə onların prioriteti olub. Əvvəla, biz, həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər. Lakin hesab edirəm ki, ciddi danışsaq, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər. Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər, Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Ermənistanla gələcək sülh razılaşması haqqında danışanda, yəni, əgər Ermənistan belə bir variantı nəzərdən keçirərsə, bu halda beynəlxalq tərəflər üçün çoxlu imkanlar ola bilər. Demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələləri var. Biz beynəlxalq birliyin bir hissəsiyik, biz ATƏT-in üzvüyük və ATƏT-in regionda çox xüsusi rolu var. Buna görə mən onların faydalı ola biləcəyini düşünürəm. Lakin onlar bizə çoxdandır səfər etmir. Ümid edirəm ki, onlar tezliklə müəyyən təkliflərlə gələcəklər və biz də, əlbəttə ki, bu təklifləri lazımi diqqət verərək nəzərdən keçirəcəyik.

Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio: Ukraynadan da Sizin ərazilərin azad olunması münasibətilə təbrik olub. Azərbaycanı birmənalı dəstəkləyən tək Türkiyə deyil, eləcə də Ukrayna bütün siyasi mənbələrdə və media orqanlarında bunu bəyan edib və bu, olduqca mühümdür. Sualı verməzdən öncə bir zarafatı bölüşmək istəyirəm. Bu, çox maraqlı fikir mübadiləsini dinləyərkən ağlıma belə bir sual gəldi: görəsən, erməni kəşfiyyatı son 10 və ya 20 il ərzində tətilə çıxmışdı? Yaxud onlar google-dan istifadə etməyi bacarmırdılar? Bəlkə də, Yandex Google qədər yaxşı deyil, nə bilim? Lakin mənim ciddi olaraq sualım, ola bilsin ki, bu sual hələ də səslənməyib və əvvəlki Minsk qrupuna dair sualla uzlaşır. Minsk qrupu ilə bağlı problem odur ki, ABŞ regionda yox idi. Hər iki prezidentin dövründə. Yəni, bu, siyasi partiya məsələsi deyil. İki fərqli partiya. Fransızlar da qərəzli idi. Noyabrda Fransa parlamentinin hər iki palatası Dağlıq Qarabağın müstəqilliyinin lehinə səs vermişdi. Odur ki, Fransa Azərbaycan məsələsində separatizmi dəstəkləyir, lakin, eyni zamanda, Minsk qrupunda Ukraynanın şərq bölgəsi olan Donbas məsələsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edirdi. Çox qəribə ziddiyyətli və çoxvektorlu xarici siyasət yürüdürdü. Yeni ABŞ administrasiyasından bu regionda nə görmək istərdiniz? Minsk qrupundan daha geniş miqyasda soruşuram. Azərbaycan Prezidenti ABŞ-ı daha fəal, daha iştirakçı görmək istəyirmi? ABŞ-ın geri qayıtmağının vaxtıdırmı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Əvvəlcə, təbrikinizə görə sağ olun. Azərbaycanı dəstəkləyən Ukraynadakı dostlarımıza bizim minnətdarlığımızı çatdırın. Müharibə zamanı biz həssaslıqla dünya ölkələrinin baş verənlərə necə reaksiya göstərdiklərini izləyirdik. Odur ki, Ukrayna cəmiyyətinin güclü mövqeyi tərəfimizdən yüksək qiymətləndirilir. O ki qaldı, suala, sizinlə tamamilə razıyam. Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi. Çünki bir çoxlarınız yəqin bilmirsiniz, amma mən Fransanın Minsk qrupunun necə həmsədrinə çevrildiyinə dair tarixçəni sizin diqqətinizə çatdırım. Fransa heç də əvvəldən Minsk qrupunun həmsədri deyildi. Fransa Prezidenti Şirakın xahişi ilə Minsk qrupunun həmsədri oldu. O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi. Mənim mərhum Prezident Şirakla bir çox görüşlərimdə o da mənə eyni tarixçəni, atamı Fransanın Minsk qrupunun həmsədri olması üçün necə inandırdığına dair danışırdı. Deyirdi ki, Sizin atanız buna etiraz edirdi və açıq şəkildə “xeyr” deyirdi və bildirirdi ki, bizim şəxsinizə qarşı heç bir iddiamız yoxdur, lakin sizin çox güclü erməni diasporunuz var və bu diaspor sizin qərar qəbuletmə prosesinizə təsir edəcək, siz nəticədə Ermənistanın tərəfində olacaqsınız. Prezident Şirak onu inandırdı və vəd etdi ki, belə olmayacaq, Fransa bitərəf olacaq və ondan sonra atam razılığını verdi. Razılığını verməsəydi, Fransa orada olmayacaqdı. Bu əhvalatdan bixəbər olan bəzi fransız siyasətçilər üçün bir xatırlatmadır. Sizə deyim ki, Fransa ilə yaxın əməkdaşlığımızın bütün müddəti ərzində bu bitərəflik və qərəzsizlik təmin olunurdu. Müxtəlif bitərəflik səviyyələrində, hətta onu da deyə bilərəm ki, Prezident Oland aprelin 24-ü Ermənistanda mərasimdə iştirak edərkən, eyni gün o, təyyarə ilə Bakıya gəlmişdi. Mən həmin zaman Prezident Ərdoğanla Çanakkalada Çanakkala zəfərinin ildönümündə idim və elə alındı ki, mən Bakıya Prezident Olanddan daha sonra gəlib çatdım. O, məndən əvvəl Bakıya gəldi və biz növbəti gün səhər görüşdük. Mən o hadisəni çox yüksək qiymətləndirirəm, bu günə kimi. Mən o hadisəni, Minsk qrupunun həmsədri olan bir siyasətçinin, dövlət xadiminin, məsuliyyətli bir şəxsin davranış əlaməti kimi görürəm. O, aydın başa düşürdü ki, Ermənistana bu münasibətlə səfər edirsə, o, Azərbaycana gəlib bizə öz ehtiramını göstərməsə, tarazlı və bitərəf davranmasa, bu, Azərbaycanda olduqca qeyri-populyar hərəkət kimi qarşılanacaq. Əfsuslar olsun ki, bu diplomatik təcrübə müharibə zamanı və hətta ondan əvvəl itirilmişdi. Hətta müharibədən əvvəl. Fransa tərəfindən Ermənistan və Azərbaycan barədə tarazlaşdırılmamış yanaşma təkcə müharibə zamanı deyildi. Müharibədən əvvəl də belə idi. Bunun üçün bir çox göstəricilər var, sizin vaxtınızı çox almaq istəmirəm. Müharibə zamanı baş verənlər tamamilə qəribə idi və təəssüf ki, olanlar oldu. Bu, bizim planlarımızı dayandırdımı? Xeyr. Onlar bizim iradəmizə təsir edə bildilərmi? Xeyr. Bu, yanlış hesablama idi. Mən açıq danışmaq istəyirəm. Böyük ölkələr bəzən bəzi başqa ölkələr haqqında dediklərinin dərhal icra olunmasına alışıblar. Onlar buna adət ediblər. Bu, pis vərdişdir. Onlar bu pis vərdişi atmalıdırlar. Bu, siqaret çəkmək kimidir, siz buna aludə olursunuz. Kimsə sizin istədiyinizi və ya sizin dediyinizi deməyəndə onların qəzəbi onları narahat edir. Müharibə zamanı mənə deyilənlərin heç biri, yəni durdurmaq, artıq azad edilmiş əraziləri geri qaytarmaqla bağlı sözlərin heç biri yerinə yetirilməmişdir. Lakin müharibədən sonra vəziyyət dəyişdi. Fransadan nümayəndə heyətləri, mesajlar gəlmişdir, münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər var idi. Mən münasibətlərimizdə heç bir səhv etmədiyimizi deyirdim. Biz həmişə əməkdaşlığa sadiq idik. Lakin olanlar oldu. Siz Fransanın Ukraynanın ərazi bütövlüyünü güclü dəstəklədiyini, lakin, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyini deməyiniz düzdür. Mən bunun necə adlandırıldığını bilirəm, lakin kobudluq etmək istəmirəm.

ABŞ-ın nə edə biləcəyi ilə bağlı. Siz özünüz qeydinizin əvvəlində ABŞ-ın olmadığını dediniz. ABŞ yox idi, biz də problemi həll etdik. Mən ABŞ-ın burada olmalı olduğunu demirəm, lakin yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı. Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlamışdır. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm. Bu qədər.

Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzindən professor Əhməd Uysal: Təşəkkür edirəm, cənab Prezident. Sizi bir daha təbrik etmək istəyirəm, biz Sizinlə qürur duyuruq. Biz dünən Ağdamda olan dağıntıları müşahidə etdik. Sanki savaşsız müharibə zonasında idik. Onların etdikləri yeganə şey çala qazmaq idi. Heç bir tikinti-quruculuq işləri aparılmamışdır. Çox kədərli idi. Evləri, məscidləri dağıtmışdılar. Əlbəttə ki, Sizin icazənizlə, Beynəlxalq Qarabağ Forumunun keçirilməsini təklif etmək istərdim. Bu da bir çox türk turistlərini, akademiklərini və biznesmenləri cəlb edərdi. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Yaxşı fikirdir. Hesab edirəm, ADA Universiteti bunun üzərində işləyə bilər. Mən bu ideyanı tamamilə dəstəkləyirəm. Tədbirlər burada, işğaldan azad edilmiş ərazilərdə keçirilə bilər. Ağdamda gördükləriniz demək olar ki, hər yerdədir. Füzulidə vəziyyət bundan da pisdir. Çünki Füzulidə binalar yoxdur. Ağdamda yarı uçulmuş məscidi iki səbəbdən saxlamışdılar. Birincisi, bu məsafəni ölçmək üçün bir oriyentir idi. İkincisi də bu müşahidə nöqtəsi idi. Onlar bizim bu istiqamətdən hücuma keçməyimizi gözləyirdilər. Bizim əraziləri işğaldan azad etdiyimiz yola baxsanız, görəcəksiniz biz birbaşa Ağdama getməmişik. Onlar bizi orada gözləyirdilər, onların çox möhkəm müdafiə sədləri var idi. Çoxlu itkilər ola bilərdi. Bizim Ağdama yolumuz açıq olmuşdur və Ağdam Şuşadan sonra gəlirdi. Biz ora digər istiqamətdən getməyi planlaşdırırdıq. Ermənistanın baş naziri noyabrın 10-da kapitulyasiya aktına imza atmadığı təqdirdə onların iyirmi min itkisinin ola biləcəyini demişdi. Rəqəmlərdən əmin deyiləm. Ağdamda iyirmi min əsgər var idisə, onda niyə döyüşmürdülər? İşğal etdikləri əraziləri əldən verdikləri bir vaxt nəyə görə Ağdamda iyirmi min əsgər saxlayırdılar? Füzulidə, ümumiyyətlə, heç bir bina yoxdur. Qubadlıda hərbi anbar kimi istifadə etdikləri iki-üç bina saxlamışdılar. Zəngilanda bir qəsəbə salmışdılar. İnsanları məskunlaşdırmaq istəyirdilər, lakin onların insan resursları yox idi. Şuşaya nə etdiklərini də sizə deyə bilərəm. Onlar həmişə Şuşanın erməni şəhəri olduğunu deyiblər. Bu, nisbətən yeni şəhərdir, 1752-ci ildə Ağdam rayonundan gələn Pənahəli xan tərəfindən salınmışdır. O, özünü müdafiə etmək üçün bu ərazini bir qala kimi seçmişdir. Çünki ona müxtəlif yerlərdən hücumlar olurdu. 1805-ci ildə İbrahim xan Rusiya ilə Kürəkçay müqaviləsini imzalayana qədər Pənahəli xan, onun övladları və nəvələri Şuşaya hökmdarlıq etmişlər. O, elə bilir ki, həyatını xilas edir, lakin bir ildən sonra İbrahimxəlil və onun ailəsi öldürülmüşdür. Biz bu tarixi bilməliyik. Kürəkçay müqaviləsinə və onu imzaladıqdan sonra Qarabağın hökmdarına qarşı nə baş verdiyinə baxmağı sizdən xahiş edirəm.

Deyirlər ki, Şuşa erməni şəhəridir, lakin onun vəziyyəti çox pis idi. Oraya birinci dəfə gələndə tamamilə təəccüblənmişdim. Hər şey dağıdılmışdır. Heç bir bina tikməmişdilər. Yalnız Ermənistan və qondarma Qarabağ rejiminin rəhbərləri üçün sovet vaxtında sanatoriya olan ərazidə iki villa tikilmişdir. Sizə bundan artığını da deyə bilərəm. Hadruta və erməni qəsəbələri olan ərazilərə girəndə ola bilsin son iyirmi il ərzində belə yoxsulluğu heç yerdə görməmişdim. Diaspordan topladığı pullarla bunlar nə etmişdilər? Hər il Kaliforniyada, Fransada, Rusiyada on milyonlarla dollar toplanılan marafonlar təşkil olunurdu. Lakin onları görmək olmurdu. Beləliklə, biz Şuşanı bərpa etməliyik və bərpa edəcəyik də. Qarabağ forumu yaxşı fikirdir. Bu təşəbbüsünüz üçün çox sağ olun.

Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli: Təşəkkür edirəm, cənab Prezident. Ərazi bütövlüyünüzü bərpa etməyiniz münasibətilə Sizi təbrik edirəm. Düşünürəm ki, bu siyasi lider üçün ömründə bir dəfə baş verən nailiyyətdir. Şəxsən Sizi təbrik edirəm. Mən soruşmaq istəyirəm, Sizcə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmağına icazə veriləcəkmi? Bilirəm ki, bu, vaxt tələb edən uzun prosesdir. Lakin zənnimcə, qayıdış prosesi ilə bağlı ümumi məlumatları verə bilərsiniz. Təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Biz onları mümkün qədər tez qaytarmaq istəyirik. Onlar bu qədər gözləyiblər. Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib. Niyə siz bizə minaların xəritəsini vermirsiniz ki, biz həmin əraziləri təmizləyə bilək. Ona görə də minaların təmizlənməsi ilə bağlı çox işlər görülməlidir. Minaların təmizlənməsi çox uzun bir prosesdir, bu, vaxt tələb edir. Çünki bizdə kifayət qədər ixtisaslı kadr yoxdur. Hazırda biz treninq təşkil edirik və həmçinin avadanlıq alırıq. İkinci mühüm məsələ, - ona artıq start verilib, - dəymiş ziyanın hesablanmasıdır. Çünki biz Ermənistanı törətdikləri dağıntılara görə beynəlxalq hüquqi təsisatlarda məhkəməyə verməyi planlaşdırırıq. Bu səbəbdən biz bütün dağıntıları sənədləşdiririk. Hər bir tikili üçün xüsusi pasportlar yaradırıq ki, bu, hüquqi prosedur üçün sənəd olacaq. Əlbəttə ki, infrastruktur layihələri. Çünki biz insanları heç nəyin ortasına göndərə bilmərik. Orada layiqli yaşayış standartları olmalıdır. Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib. Şuşada elektrik stansiyası tezliklə açılacaq. Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir. Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir. Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Mən protokoldan kənara çıxıb bir söz demək istəyirəm. Biz Sizin Facebook səhifəniz vasitəsilə bu konfransı Pakistanda da canlı yayımlayırıq. Çox sayda gənc bu konfransı izləyir. Onlar mənə yazırlar ki, Sizin liderliyiniz təkcə azərbaycanlı gənclər üçün yox, eləcə də pakistanlı gənclər üçün motivasiya mənbəyidir. Onlar məndən xahiş edirlər ki, bütün iştirakçılardan cənab Prezidentin şərəfinə xüsusi alqış istəyim.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun. Gördüyümüz işlərlə bağlı, şəhərlərin əvvəlki görünüşü və dağıntılarla bağlı ilk nüsxə artıq sizə təqdim olunub. Bununla bağlı çoxlu kitablar olacaq. Bu, ilk nüsxədir. Bu, artıq paylanıb. Bu kitabı ilk əldə edənlər sizsiniz. Bir daha bizimlə olduğunuz və suallarınız üçün təşəkkür edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo