Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Xahiş edirəm, ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan bu tarixi günü çoxtərəfliliyin sadiq müdafiəçisi, eyni zamanda sülh və təhlükəsizliyə yönəlmiş qlobal və regional çağırışların geniş spektrinin öhdəsindən gəlmək üçün beynəlxalq səylərə rəhbərlik edərək böyük təcrübə qazanmış ölkə kimi qeyd edir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm nailiyyəti regional sabitliyə əvəzsiz töhfədir.
Zati-alinizin aydın və strateji baxışı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi təşkilatdakı proseslərə güclü təkan verir. Geniş sədrlik proqramı ilə Azərbaycan öz liderliyini təşkilatın əsas fəaliyyət sahələri olan iqtisadiyyat, ətraf mühit, insan amili, yeni çağırışlarla və təhdidlərlə mübarizə, hərbi-siyasi məsələlər üzrə nümayiş etdirir. Buraya, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi prosesinin mühüm mərhələsində nəqliyyat və tranzit əməkdaşlığının inkişafı, eləcə də Azərbaycanın COP-29 Sədrliyinin mühüm uğurları ilə bağlı məsələlər də daxildir.
Cənab Prezident, bu ilin yanvarında Zati-aliniz tərəfindən səmimi qəbula, həmçinin siyasi uzaqgörənliyinizə, strateji baxışınıza, təşkilatımızın transformasiyasına verdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın uğurlu sədrliyi, üzv dövlətlər arasında təşkilatın Nizamnaməsinin layihəsi üzrə müzakirələrin gedişi bu sənədin 2025-ci ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan sammitdə qəbul ediləcəyinə ümid verir. Azərbaycanın səyləri təşkilatın daha da güclənəcəyinə, Asiyada dayanıqlı inkişafa, rəqəmsallaşma prosesinə töhfə verəcəyinə tam əminlik yaradır.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın davamlı sülh və firavanlıq yolu ilə irəliyə doğru aparılması istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Kayrat Sarıbay
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi