Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır

17 may 2010, 16:40
Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır

Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşıladılar.

Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədilər.

XXX

PREZİDENT İLHAM ƏLIYEVIN NITQİ

- Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli Əminə xanım!

Əziz qonaqlar!

Hörmətli dostlar!

Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakının mərkəzində türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Mən çox şadam ki, bizim üçün bu əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin Baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik.

Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır.

Biz hamımız yaxşı bilirik ki, Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərib. İki qardaş xalq bu yolda bərabər addımlayır.

Tarix belə gətirdi ki, müəyyən dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır yaşayır, bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz, duyğularımız bir döyünürdü. Bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş, yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməzdi. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bütün dövrlərdə və bütün istiqamətlərdə birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir. Türkiyənin Baş nazirinin Azərbaycana bugünkü səfəri bunu bir daha təsdiqləyir.

Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq.

Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir. Türkiyə bu gün dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin təsir imkanları artır. Türkiyə gündən-günə güclənir. Bu, bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər də güclü olacaqdır.

Azərbaycan da, eyni zamanda, sürətlə inkişaf edir. Burada görülən tədbirlər, aparılan işlər bizi böyük dərəcədə gücləndirə bilmişdir. 1991-ci ildə müstəqilliyi bərpa edəndə Azərbaycanda vəziyyət çox ağır idi. Ölkə böhran içində idi. Ölkənin müstəqil həyatı əslində sual altında idi. Bu gün isə Azərbaycan ən dinamik inkişaf edən ölkədir. O ölkədir ki, öz maraqlarını qorumaqla bölgədə genişmiqyaslı əməkdaşlığın dərinləşməsi üçün praktiki addımlar atır.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəlidir, çox genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulubdur. Xalqlarımız arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri möhkəmləndirir. Eyni zamanda, birgə həyata keçirdiyimiz layihələr, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istər humanitar sahədəki bütün addımlarımız bizi bir-birimizə daha da yaxın edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün başlıca şərtdir və bizim maraqlarımız nəzərə alınmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz.

Türkiyə-Azərbaycan əlaqələri deyə bilərəm ki, türk dünyasının daha da sıx birləşməsi üçün həlledici rol oynayır. Keçən il Naxçıvanda keçirilmiş türkdilli dövlət başçılarının zirvə görüşü, görüşün nəticələri, əldə edilmiş qərarlar bir daha göstərdi ki, biz hamımız çalışmalıyıq və çalışırıq ki, türk dünyasını daha da sıx birləşdirək. Əgər buna nail olsaq, onda bizim gücümüz böyük dərəcədə artacaqdır. Bizim bütün imkanlarımız var - təbii sərvətlər, coğrafi vəziyyət, əhali. Türk dünyasının birliyi bizim gələcəyimizdir. Azərbaycan və Türkiyə öz üzərinə düşən rolunu şərəflə yerinə yetirir. Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir. Bu reallıqdır. Mən əminəm ki, bugünkü mərasim dostluğumuzu daha da böyük dərəcədə gücləndirəcəkdir.

Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir.

Mən əminəm ki, bu gözəl, abad parkda Türkiyə və Azərbaycan vətəndaşları birlikdə gözəl günlər keçirəcəklər. Bakı sakinləri üçün də çox gözəl şərait yaradılıbdır, gəlib burada yaxşı istirahət edə bilərlər. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Bu yerin seçilməsində deyə bilərəm ki, mənim də rolum olmuşdur. Burada biz bir neçə amili nəzərə aldıq. İlk növbədə bu, şəhərin mərkəzində, Bakının tarixi yerində olmalı idi. Eyni zamanda, mən çox şadam ki, bu abidə Türkiyə səfirliyinin yaxınlığında yerləşir. Bura qardaş Türkiyənin kiçik bir parçası kimi Bakı şəhərinin mərkəzindədir.

Mən bir daha sizin hamınızı, Azərbaycan və türk xalqlarını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Əziz qardaşıma mənim dəvətimi qəbul edib Bakıya səfər etdiyinə görə və bu gözəl mərasimdə iştirak etdiyinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə saxlanması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi davam etdirəcəyəm və bütün işlərimdə çalışacağam ki, xalqlarımız bir-biri ilə daha da yaxından əməkdaşlıq etsinlər.

Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

X X X

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYIB ƏRDOĞANIN NİTQİ

- Çox dəyərli qardaşım, hörmətli Prezidentim!

Hörmətli Mehriban xanım!

Dəyərli qardaşlarım, xanımlar və bəylər!

Sizləri bu çox gözəl açılış mərasimində ən səmimi duyğularımla salamlayıram. Həqiqətən, bu gün dəyərli qardaşım bizlərə 17 mayı Türkiyə-Azərbaycan əlaqələri tarixinə yazılacaq şəkildə belə bir gözəl açılış mərasimini yaşatdı. Bu səfərim münasibətilə bunu daha mənalı etdilər. Bununla əlaqədar ona öz adımdan və millətim adından çox təşəkkür edirəm.

Böyük lider, cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün abidəsinin belə gözəl bir yerdə seçilib ucaldılması və xüsusilə də bu yeri hörmətli qardaşımın özünün seçməsi, özünün müəyyənləşdirməsi bizim üçün çox əhəmiyyətlidir. Hətta səfirlik binasının yerini müəyyənləşdirərkən orada da eyni həssaslığı göstərmişdi. Layihə hazırlanarkən orada əyrü-üyrü kiçik bir yer var idi. O zaman qardaşıma dedim ki, buranı nə edəcəyik? Həmin an bütün cavabdeh şəxsləri çağırdı, hamısını yanımıza topladıqdan sonra belə bir xətti çəkdi, bura belə olacaq dedi. Həqiqətən o xətt çəkilərək ona əsasən layihəyə hazırlıq işlərinə başlandı. Beləliklə, səfirlik binası da Bakının ən gözəl yerində inşa edildi. İndi də eyni vəziyyəti abidənin ucaldılması zamanı yaşadıq. Bununla əlaqədar məmnunluğumuzu sözlə ifadə etmək mümkün deyildir.

Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çinki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır. Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır.

Biz buraya İrandan gəldik. İrandan gəldikdən sonra qardaşımla təkbətək görüş keçirdik. Heyətlərarası görüşümüz oldu, mətbuata bəyanatla çıxış etdik. İndi Gürcüstana, oradan da Madridə gedəcəyəm, bu şəkildə dörd-beş gün ərzində dörd ölkədə olacağam. Görülən bu işlər nə üçündür? Artıq dünyada gündəmi müəyyənləşdirilən bir ölkə olmaqdan çıxıb, gündəm müəyyən edən bir ölkəyə çevrilmişik.

Eyni şəkildə, Azərbaycanla əlaqədar da bunları deyə bilərəm. On il, iyirmi il əvvələ getdikdə, necə bir Azərbaycan var idi, bu gün necə bir Azərbaycan vardır. Mən bir il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasındakı çox böyük fərqi görürəm. Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanımayacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu dəyişdirən kadrlar vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar.

İndi tarix Azərbaycanda mərhum Heydər Əliyevi necə yad edirsə, inanıram ki, gələcəkdə İlham Əliyev qardaşımı belə yad edəcəkdir. Bu əsərlərlə yad edəcəkdir.

Bununla əlaqədar, mən şəxsən öz adımdan və millətim adından minnətdarlığımı təkrar ifadə edirəm. Sizi çox məşğul etmək istəmirəm, amma təkrar edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri hər ötən gün daha da güclənməkdədir, daha da güclənəcəkdir. Bundan heç kəsin şübhəsi, narahatçılığı olmasın. Kimsə dedi-qodulara inanmasın. Bizim aramızdakı birliyi, qardaşlığı dedi-qodular poza bilməz. Bu belə qəbul edilməlidir. Mən də eynilə İlham Əliyev qardaşım kimi “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” deyəcəyəm! “Yaşasın işıqlı gələcəyimiz!” deyəcəyəm! “Yaşasın Türkiyə və Azərbaycanın gələcəkdəki o güclü dünyanı formalaşdırması” deyəcəyəm! Sağ olun, var olun!

Azərbaycan dövlətinin başçısı və Türkiyənin Baş naziri abidənin üzərindən ağ örtüyü götürdülər.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin önünə əklil qoydular.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidəsi önündə xatirə şəkli çəkdirdilər.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10