İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib

02 noyabr 2020, 10:20
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Xoş gəlmisiniz. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək almışdır. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərmişdir. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.

Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.

Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu birincisi. İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin, əslində, ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin.

Mən bir daha sizə bu gözəl təşəbbüsə görə təşəkkürümü bildirirəm, xoş gəlmisiniz. Əminəm ki, tədbiriniz uğurlu keçəcəkdir. Sağ olun.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev dedi:

-Təşəkkür edirəm, cənab Prezidentim. Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlmişik. Bu münasibətlə məni və digər türk dünyası palatalarının sədrlərini qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq. Lazımi bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyimi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır deyirik.

Cənab Prezident, işğal altındakı torpaqların azad edilməsi yolunda şəhid olan bütün azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bugünkü tədbirimizdə - Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları rəhbərlərinin iclasında həmrəyliyimizi bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın yanında olduğumuzu bəyan edəcəyik. Dünən İstanbulda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türk Şurasının, türk dünyasının Səhiyyə Nazirlərinin iclasını keçirdik. Bu tədbirdə də biz qardaş Azərbaycana tam və hərtərəfli dəstəyimizi bir daha ifadə etdik.

Bildiyiniz kimi, ötən il Bakıda keçirilən Zirvə Toplantısında Türk Şurasına üzv ölkələrin prezidentləri bizə təlimat verdilər. İndi biz Türk Şurasının 2021-ci il üçün strategiyasını, Türk dünyasının 2040-cı il üzrə hədəflərini hazırlayırıq. İnşallah növbəti Zirvə toplantısında bu sənədlər Sizlər tərəfindən qəbul ediləcəkdir. Türk Şurası hər zaman Sizinlə birlikdədir, cənab Prezident. Hamımız Azərbaycanıq.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, çox sağ olun.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat dedi:

-Cənab Prezident, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Yenidən Bakıda Sizinlə görüşmək bizim üçün böyük xoşbəxtlikdir. Türk Ticarət və Sənaye Palataları olaraq bugünkü səfərimizin əsas məqsədi Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclasında iştirak etməkdir. Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti də buradadır. Eyni zamanda, Qazaxıstanın Ticarət və Sənaye Palatasının prezidenti də videokonfransla qatılacaq, çünki o, bu gün idarə heyətinin iclasında iştirak edir.

Bu gün Sizinlə birlikdə olduğumuzu ifadə etmək üçün buraya səfərə gəldik. Düz bir il əvvəl Zirvə toplantısında yenə Sizinlə birlikdəydik. Həmin vaxt Türk dünyasından 1200 iş adamı ilə çox faydalı iclas keçirmişdik. Zirvə toplantısına da bizi dəvət etmişdiniz. Eyni zamanda, Türkiyədən 50 milyon nəfəri özündə birləşdirən işçi ittifaqlarını, məmur ittifaqlarını, ticarət konfederasiyalarını təmsil edən səkkiz qeyri-hökuməti təşkilatının rəhbərləri də mənimlə birlikdə buraya gəliblər.

Biz 50 milyon nəfəri təmsil edən türk iş dünyası birliklərinin rəhbərləri olaraq, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nümayiş etdirmək üçün buradayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Mustafa Rifat: Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə və vətəndaşlarımıza Allahdan şəfa diləyirik. Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O gün ki, Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq.

Yenə bir tapşırığınız olarsa, məmnun qalarıq. Bizim də bu işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz bizi. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun, mən çox təşəkkür edirəm. Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüləndir. Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəçilərin səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə, bu son bir ay ərzində dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də Rifat bəy, qeyd etdiyiniz kimi, bir il bundan öncə Bakıda Türk Şurasının toplantısının keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə bir-birimizi dəstəkləmələyik. Hər zaman əgər kimsə çətin vəziyyətə düşərsə, mənəvi dəstək göstərilməlidir və bunu biz görürük. Ona görə sizin bugünkü toplantınıza mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir. Bir daha sizə təşəkkür edirəm.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha ifadə etdilər.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10